İnsanlar əzizlərinin qəbirlərinin niyə dəbdəbli olmasını istəyirlər?

0
502

Rasim Məmmədli
“Məzarlıqlarla bağlı qanun layihəsi deyil, qərar qəbul ediləcək”. Bu sözləri keçən həftə jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, məzarlıqlarla əlaqədar qərar layihəsini Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi birgə hazırlayıb: “Müvafiq rəylər alınıb və qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Layihəyə Nazirlər Kabinetində baxılıb, düzəlişlər edilib. Hazırda ekspertlər düzəlişlər üzərində çalışırlar. Bu günlərdə Nazirlər Kabinetində Baş Nazirin müavini Əli Əhmədovun rəhbərliyi, Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə bu məsələyə dair toplantı keçirilib, qərar layihəsi üzərində aparılacaq işlər barədə əlavə tapşırıq verilib. Ekspertlər bu tapşırıq üzərində işləyirlər”.
“Get-gedə qəbirlər sadə olacaq”
Ölkəmizdə dəbdəbəli, hündür, bahalı mərmərdən başdaşılar yəqin ki, hamımızın qarşısına çıxıb. İnsanlar vəfat edən əzizlərinin qəbirlərinin gözəgəlimli olmasını niyə istəyirlər? Niyə belə bir “məcburiyyətləri” var? İmkanı olan da, olmayan da rəhmətə getmiş yaxınlarının qəbirlərinin dəbdəbəli olması üçün əlindən gələni edir. Hətta guya ətrafdakı insanların qınaq obyekti olmaması üçün borc-xərc bahalı başdaşılar ucaldırlar. Bəs bu nə dərəcədə vacibdir?
Xalq şairi Fikrət Qoca “Zaman-Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, bu məsələni müzakirə eləmək düz deyil: “İnsanın atası ölür, ürəyi yanır, atası üçün başdaşı düzəltdirir. Məsələn, bizim ulularımız var ki, məqbərəsinə görə o yer indi də tanınır. Bunlar hamısı vacib şeylərdir. Görürsən ki, böyük bir filosofa məqbərə qoyulur. Eyni zamanda hər kəs də öz dədəsini filosof sayır. Pulu varsa, ona bənzər bir şey ucaldır. Bunlar başqa-başqa şeylərdir. Fikrimcə, bunu müzakirə eləmək düz deyil. Bunu sakit-sakit yönəltmək lazımdır. Bu məsələlər yavaş-yavaş həll olunacaq. Get-gedə qəbirlər sadə olacaq. İnsanlar başa düşəcəklər ki, bu, artıq xərcdir, ehtiyac yoxdur. Əslində qəbirlər nömrə ilə olub əvvəllər. Amma indiki halda biz özümüzü başqa xalqlarla müqayisə eləməməliyik. Hər ölkənin öz ənənəsi var. Biz ənənə-ənənə gəlirik. Qədim qəbiristanlıqlarımıza baxın, xüsusi işlənmiş daşlar görünür. O zaman üçün qoç heykəli düzəltmək dəbdəbəli şey olub. Bunlara tarix qiymət verir”.
“Bu, “qoy desinlər”dən qaynaqlanır”
Pedaqoq Nazim Əkbərov qəzetimizə açıqlamasında dedi ki, qəbirlərin dəbdəbəli olması nə dinimizdə, nə də milli adət-ənənələrimizdə olub. Nazim müəllimin sözlərinə görə, bu, insanlar arasında kinə, həsədə, qısqanclığa səbəb olan bir şeydir: “Ona görə dədə-babadan qəbirlərin hamısı bizdə eyni olub. Elə olması lazımdır. İndi hətta bəzən ölməyən adamlar da özlərinə qəbir düzəltdirirlər. Məsələn, bir dəfə rastıma çıxıb, 6 qəbir görmüşdüm. Üçündə ölüm tarixi var idi, üçündə yox idi. Hətta “akademik”, “həqiqi, müxbir üzvü” yazıları da var idi. Təəccüblə soruşdum səbəbini. Cavab verdilər ki, sadəcə, ölməmişdən əvvəl özləri üçün təmtəraqlı qəbir hazırlayıblar. Bilirsiniz, insanda əgər öz xalqı, insanlıq, bəşəriyyət üçün bir şey eləmək hissi varsa, bu, təmənnasız dəyər üzərində qurulmalıdır. Bunun səbəbi “mənəm-mənəmlik”dən gəlir. Bir də “qoy desinlər”dən qaynaqlanır. Filankəsin qəbrinin üstündə bir metr hündürlükdə başdaşı var, gərək mənimki bir metr 10 santimetr olsun. Onunkunda heykəl var, gərək mənimkində kompleks olsun, məqbərə olsun. Bunlar insanlar arasında münasibəti pozan, üzdə olmasa da, bir-birilərinin arxasınca danışılan, bir-birilərini maliyyə sıxıntılarına salmaqla nəticələnən şeylərdir. Ən gözəli sadə qəbirdir. Amma ən yaxşısı, tez-tez qəbri ziyarət edib, rəhmətə gedən şəxsə dua oxumaqdır. Onları yad eləməkdir. Yoxsa mən nəhəng məqbərə ucaldım, nə olacaq?! Bu, bizim əxlaqımıza zidd olan şeydir. İnsanlar arasında əxlaqi dəyərləri pozur. Bizim milli-mənəvi dəyərlərimizi çoxlu təbliğ eləmək lazımdır. Məsələn, insanlardan soruşsan ki, bunu niyə belə edirsən? Deyəcək ki, niyə eləməyim – bu mənim atamdır, dədəmdir, yaxınımdır ona görə də borcumdu. Qoy camaat da görsün ki, mən əzizimə necə dəyər verirəm, onlar da dəyər versinlər. Amma məsələnin əsl mahiyyətini bilmirlər. Bizim məzarlara qoyulan xərcləri yığsan, bəlkə, bir şəhər salmaq olar”.
“Dəbdəbə dinimizdə israf olaraq dəyərləndirilir”
Təxminən hər kəsə bəllidir ki, İslam dinində dəbdəbəli qəbir başdaşının o qədər də əhəmiyyəti yoxdur. İnsanların vəfat eləyən yaxınlarına bahalı başdaşı ucaltmasının dinimizdə yeri nədir? Bu suala cavab tapmaq üçün ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudova müraciət etdik. İlahiyyatçı bildirdi ki, bunun əsas səbəbi iman problemidir: “Allah Taala bizi yaradıb, bu dünya Allahın razılığını qazanmaq üçün, müvəqqəti olan, keçici bir imtahan dünyasıdır. İslamda əsas olan Allahın əmrlərinə uyğun həyat yaşayıb, axirətdə əbədi həyat olan cənnəti qazanmaqdır. Və ya Allahın əmrlərinə uyğun yaşamayanda da, Allah hamımızı qorusun – cəzası da var. Öldükdən sonra dirilmə, haqq-hesab günü, qiyamət, axirət hadisələrinə inam əksəriyyətimizdə çox zəifdir. İman gətirməyən adam ölümü məhv olmaq kimi anlayır. Amma İslam deyir ki, davamı var. Mənə elə gəlir ki, biz ölümü çox ağır qarşılayırıq. Bizdəki yas adət-ənənələri, qəbiristanlıq adətləri məhz inanc zəifliyindən də irəli gəlir. Əgər dərk eləsək ki, bu dünya keçicidir, əsas olan o biri dünyadır, onda biz ölümü bir o qədər ağır qarşılamarıq. Eyni zamanda qəbiristanlıq adət-ənənələrini də bu qədər çətinləşdirmərik. Bundan əlavə, bahalı, dəbdəbəli qəbirlərin olması dinlə əlaqəli deyil, milli məsələdir. Əsrlərdən bəri formalaşan adət-ənənə var, bunu qarışdırmamaq lazımdır. Biz bir az dini, bir az da cəmiyyət olaraq formalaşdırdığımız adət-ənənəni ora daxil edirik.
Qəbir məsələsinə gəldikdə isə, Peyğəmbərimiz bir qəbrin başına kiçik bir daş qoyarmış, bu adamın qəbri var deyə. Çox sadədir dinimizdə qəbir başdaşı forması. Qəbrin bahalı, dəbdəbəli olmasının ölüyə heç bir təsiri yoxdur. Tam əksinə, diri özünü razı salmaq üçün bunu edir. Amma İslam da deyir ki, ora o dəbdəbəni qoymaqdansa ora çəkilən xərcə ölənin adına xeyir işlər görmək daha yaxşıdır. Çünki o dəbdəbə dinimizdə israf olaraq dəyərləndirilir. Qurani-Kərimin ayəsində də deyilir ki, Allah israf edənləri sevməz. İslam dini bizə çox sadə qəbiristanlıq adət-ənənəsini tövsiyə edir. Dəfn olunanın başına sadə başdaşının qoyulması kifayətdir. Onun üzərində olan hər şey bizim milli adətimizdir. Tövsiyə edirik, dəbdəbəli qəbir üçün xərclənən pulu cəmiyyətdə ehtiyacı olan insanlara vermək ölü üçün daha faydalıdır”.