“İnsanın mahiyyəti qazandıqları ilə yox, imtina elədikləri ilə ölçülür”

570

Müsahibimiz tanınmış yazar, publisist və sosial şəbəkədə çoxları tərəfindən sevilən Coşqun Eldaroğludur.

– Sizə görə həyatda ən asan və ən çətin şey nədir?

– Düzünü demək lazımdı, vicdanlı yaşamaq çətindi. Bunun əksini eləmək də asan. Cəmiyyət də vicdanlı yaşayanı məzəmmət eləməyə meyllidi. Vicdansızlığa daha çox göz yumulur, bəzi hallarda hətta haqq qazandırırlar.

– Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

– Mən bu ölkədə ucqar kənddə yaşaya bilməzdim. Xüsusilə sosial şəbəkələrdə görürəm ki, adamlar kənd həyatı arzusundan yazır. Bilirsiz, çox sosiallaşmışıq. Səmimi olmaq lazımdı. Biz uzağı gedib o kənddə beş-altı gün dincələ bilərik, amma sosial yükünü çəkə bilmərik. Kəndlərdə heç düz-əməlli yol yoxdu. Vacib sivilizasiya elementlərinin yoxluğundan hələ danışmıram. Mən o kənddə çətinliklə dolanardım.

– Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

– Üzüldüyüm şeylər çox deyil. Həmişə çalışmışam ki, həyatım maraqlı keçsin. Xeyli səyahət eləmişəm. Ən əsası, xoşbəxt olmağa çalışmışam. Sevinirəm ki, vaxtında jurnalistikaya gəlmişəm, yazı-pozu adamı olmuşam. Bu sahə məni çox inkişaf elətdirib, yaxşılığa doğru çox dəyişib.

– Valideyn və müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?

– Mənə kiçik yaxşılıq eləyən adamlara da özümü borclu sayıram.

– Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

– Deyirlər ki, qızımı hamıdan çox istəyirəm. “Uğrunda hər şeydən keçmək” çox ağır ifadədi. Məsələn, vicdansızlıq eləyən adamlar, adətən, arqument kimi deyirlər ki, mənim də balam var. Mən uşağım yaxşı yaşayacaq deyə, vicdansızlıq eləyə bilmərəm.

– Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

– Bunu ilk dəfə dilə gətirirəm: kinorejissor olmaq istərdim. Son illər bu haqda çox düşünürəm. Düzü, indiki ədəbi mühitin içində olmaq istəməzdim. Həyat yoldaşım həmişə deyir ki, ədəbiyyat nümunəsi yazma, sən yaxşı film çəkə bilərsən. Mən filmlərə artıq adi tamaşaçı kimi baxa bilmirəm. Hər kadrda peşəkarlıq axtarıram. Dünya kinosunun mümkün yaxşı nümunələrinə ardıcıl baxmağa çalışıram. İşimdən narazı deyiləm. Amma daha çox kinoda yeni söz deyə bilərdim.

– Üzr istəmək sizə ağır gəlmir ki?

– Yox. Ən kiçik yanlışlığa, səhvə görə üzr istəyirəm. Məsələn, hələ məktəb yaşına çatmayan qızımdan dəfələrlə üzr istəmişəm. Üzr istəmək də mədəniyyətdi.

– Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

– Mən belə düşünmürəm. Ağlamağı bacarmayan kişi təhlükəlidi. Kişi ən azı anasını itirəndə ağlamalıdı. Mən çox situasiyalarda ağlamışam, hələ çox situasiyalarda da ağlaya bilərəm.

– “Kaş ki … ölkədə doğulaydım, …xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?

– Mən saxta vətənpərvərlik şüarları səsləndirməyəcəm. Bu ölkədən, bu toplumdan yorulduğum vaxtlar çox olur. Yəqin ki, erkən gənclik dövründə belə ifadələr işlətmişəm, bu təhər təəssüflənmişəm. İndi məsələyə bir az başqa cür baxıram. Mən hansısa yaxşı ölkənin tüfeyli həyat tərzi keçirən vətəndaşı da ola bilərdim. Fakt odu ki, mən bu qədər qüsurları olan ölkədə ətrafıma, dünyaya ayıq baxa bilirəm. Mən yaşadığım cəmiyyətə faydalı olmaq istəyirəm.

– Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

– Olur. Biz həssas adamlarıq. Kiçik uğursuz zarafatdan belə, inciyə bilərik. Adətən, barışıq üçün ilk addımı mən atıram. Özümü hətta evin sülh elçisi də adlandıra bilərəm. Ümumiyyətlə, evdə gərginliyi xoşlamıram. Hətta həyat yoldaşımla qızım hansısa epizodda ümumi dil tapa bilməyəndə də tez müdaxilə eləyib, onları ortaq məxrəcə gətirməyə çalışıram. Evdə maksimum əmin-amanlığın, mehribanlığın tərəfdarıyam. Saxta xoşbəxtlik tablosu yaratmaqdan zəhləm gedir, amma mehriban ailəmiz var.

– Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

– Səhvlərim olub. Qarşısında günahkar olduğum adamların hamısından üzr istəmişəm. Düzünü deyəcəm, mənim üçün bağışlamaq çətindi. Qüsurlarımdan biridi. Amma üzərimdə işləyirəm. Son vaxtlar xeyli tolerant olmuşam.

– Sizcə, azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini etmək?

– Azadlıq xoşbəxtliyə gedən yoldu. Azad olmayan adamlar heç vaxt gerçək xoşbəxtliyi dada bilməz. Azad olmaq həm də qanadları olmaqdı. Yəni xoşbəxt adam azad olmalıdı, obrazlı desək, uçmağı bacarmalıdı. Azadlıq bəşəri prinsipləri zədələmədən rahat yaşamaqdı.

– Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

– Bu üç variantdan birini seçməliyəmsə, mən xoşbəxtliyi seçərdim.

– Ən çox nə zaman utanırsınız?

– Yəqin ki, normal adamlar vicdansızlıq, saxtakarlıq eləyəndə utanmalıdı. Mən mümkün qədər dürüst yaşamağa çalışıram. Utanacaq addım atmıram.

– Ölüm nədir?

– Fəlsəfə açmayacam, ölüm insanın bioloji yaşamının sonu deməkdi. Faciə onda olur ki, mənəvi ölüm daha tez gəlsin. Bioloji ölümündən sonra da yaşayan adamlar var.

– Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

– Səyahətə. Demək olar, axırıncı manatımı da səyahətə xərcləyirəm. “Həyatın mənası nədir” sualı üzərində çox düşünsək, depressiyaya düşərik. Buna görə də həyatına mümkün qədər rəng qatmalısan. Səyahət ən yaxşı ədviyyatdı. Həyatı dadlı eləyir.

– “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi nəyi ifadə edir?

– İnsanlar, adətən, şərəfsiz addımlarını belə sığortalamağa çalışır. Mənim üçün qəbulolunmazdı. Soljenitsının bir fikrini tez-tez təkrar eləyirəm: bütün dünya yalan danışsa da, bu mənim yalan danışmalı olduğum anlamına gəlmir.

– Həyatda ən böyük təsəlliniz?

– Mən özünə təsəlli verən obraz deyiləm. İçimdə böyük həyat eşqi var. Daha gözəl günlərin irəlidə olduğunu düşünürəm.

– Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

– Mənə istənilən mövzuda sual vermək olar. Narahat deyiləm.

– Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

– Yaxşı. Kədərlənmirəm. Statistika xoşuma gəlir, amma buna qarşı kədərlənəcək qədər həssas deyiləm. Belə bir film var: “Bencamin Battonun müəmmalı hekayəti”. Baş rolda Bred Pitt çəkilib. Əla ssenarisi var. Deməli, filmin baş qəhrəmanının həyatı tərsinə – qocalıqdan cavanlığa doğru davam eləyir. Son illər özümü Bredd Pittin qəhrəmanı kimi hiss eləyirəm.

– Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

– Üfüqdəki işığa doğru gedin.

– Sizə görə, insanda ən yaxşı və ən pis xarakter hansılardır?

– Çox şey demək olar. Hər halda, insan ədalətli olmalıdı, şərəfsiz ömür sürməməlidi.

– Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?

– Müğənnilərə vurulduğum olmayıb. Əlbəttə, kiminsə səsi, ifa texnikası xoşuma gəlib, amma bundan o tərəfə keçməyib. Daha çox ayrı-ayrı aktyorlara pərəstiş eləyirəm. Sənəti qarşısında baş əydiyim xeyli aktyor var. Məsələn, birinin adını çəkim – Filip Seymur Hoffman. Elə dünən həyat yoldaşıma dedim ki, heyf, dünyanı tez tərk elədi. Con Malkoviçi, Nikol Kidmanı çox sevirəm. Adlarını bir-bir çəkməyə başlasam, uzun siyahı alınacaq. Pərəstiş elədiyim kinorejissorlar da çoxdu.

– Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?

– Mən aciz adam deyiləm. Nə vaxtsa əldən düşmüş qoca olmayacağıma çox inanıram. Sizə bir söz deyim, heç vaxt təqaüd haqda düşünməmişəm. Heç vaxt düşünməmişəm ki, qocalandan sonra neyləyəcəm. Dünyaya gətirdiyim, gətirəcəyim uşaqdan heç bir maddi təmənna güdmürəm. Mən güclü adamam. Evdə bir qız böyüyür. Onu bütün varlığımla sevirəm. Böyük məhəbbət verirəm, əvəzini də görürəm. Həmişə yanındayam. Əminəm ki, o da həmişə məni beləcə çox istəyəcək. Məni atan övlada xoşbəxtlik arzulayaram. Yaxşı övlad böyütmək həm də bəşəri missiyadı. Hərçənd, yaxşı atadan imtina eləyən adamı yaxşı övlad adlandırmaq olmaz.

– Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?

– Həyat eşqini artıran, xoşbəxtliyə səsləyən bütün şüarları bəyənirəm. Məsələn, bir mahnıdakı “gözəl günlər görəcəyik, uşaqlar” ifadəsi çox xoşuma gəlir. Cavan adamların həyatla bağlı bədbin fikirləri ürəyimi sıxır. Baxırsan ki, 19 yaşı var, deyir, həyatın mənası yoxdu. Bala, sən nə yaşadın, nə gördün ki, həyatın mahiyyətini belə tam anladın? Bəşəriyyət iki min ildən çoxdu həyat haqda fikir yürüdür, hələ fəlsəfəsini tam aça bilməyib. Amma cavan uşaqdı, sevdiyi qız telefona bir az gec cavab verən kimi yazır ki, məhəbbət yoxdu. Yoxlasan, məlum olacaq ki, heç məhəbbət sözünü düz yaza bilmir.

– Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?

– Bu haqda düşünməmişəm. Daha çox yaşamaq haqda düşünürəm. Amma çox ümid eləyirəm ki, mən öləndə yasımda dovğa verməyəcəklər. Əlbəttə, zarafatdı, məsələnin ciddi tərəfinə qalsa, ölümün xüsusi ritualla qeyd olunmasının əleyhinəyəm. Sakit, dəbdəbəsiz olmalıdı hər şey.

– Ən çox nədən qorxursunuz?

– Qızımı itirməkdən.

– Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

– Bunu bir dəfə yazmışam: bu ölkədə tam xoşbəxt olmaq mümkün deyil. Ölkə düzəlməlidi, cəmiyyət düzəlməlidi. Əlbəttə, bu ölkədən çıxıb getmək olardı. Düzü, bu haqda bir neçə dəfə düşünmüşəm. Amma gedə bilməmişəm. Həm də hamı getsə, bu ölkəni kim düzəldəcək?

– Sizin kimlərə və nə kimi xeyriniz var?

– Haqqın yanında olmağa çalışıram. Adamlara həqiqəti çatdırıram. Bu ölkənin insanlarının cəhalətdən uzaq olmasını istəyirəm. Başqa cür ölkə düzəlməyəcək. Üzərimə düşəni eləməyə cəhd göstərirəm. Məsələn, oxumağı təbliğ eləyirəm. Adamlarla bir-bir görüşüb, onlara kitab paylayıram.

– Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?

– Dünyaya nifrət eləmirəm, müəyyən narazılığım var. Hər halda, üzünə tüpürməzdim. Bilirsiz, dünyadakı bədbəxtliklərin çoxu yaşadığımız coğrafi ərazidə baş verir. Məsələn, Yeni Zellandiyada və ya İslandiyada insanlar özünü bizim qədər bədbəxt hiss eləmir. Mən dünyanın mənəvi baxımdan ən pis dövrünü keçirdiyini düşünmürəm. Dünyaya daha ədalətli olmağı tövsiyə eləyərdim.

– Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

– İnsanın mahiyyəti qazandıqları ilə yox, imtina elədikləri ilə ölçülür. Mən indi yalanın, saxtakarlığın yanında olmaqdan imtina eləyirəm.

– Gənclik hansı yaşda bitir?

– Hər halda, mənim yaşımda – 37-də bitmir. Ola bilər mənim üçün belədi. Elə mən yaşda adamlar tanıyıram ki, həyatı qatlayıb qoyublar bir kənara, özlərini ağsaqqal kimi aparırlar. Çalışırlar ki, uşağı tez evləndirsinlər, tez baba olsunlar. Mənə isə ata olmağım qəribə görünür. Həyatı sevən adam üçün qocalığa doğru yol uzundu.

– Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

– Dostlarım var, ola bilər ki, çox deyil. Mən qohum kultuna güvənən adam deyiləm, asudə vaxtımı daha çox dostlarla keçirirəm. Düzdü, yeyib-içən adam deyiləm, amma dostlarla maraqlı söhbətə varam. İnsan bütün ömrüboyu yaxın adam qazanmağa çalışır. Dost da insanın yaxınıdı. Heç bir irsi status daşımayan, qanı qanından olmayan yaxını…

Rasim Məmmədli