“İnsan səhvləri və səhvlərindən sonra çəkdiyi iztirabları üzərində öyrənir”

0
624
“Ədəbiyyatın elə zirvəsi, elə mərtəbəsi var ki, o səviyyədə yazılan əsər artıq fərq eləmir yapon, rus və ya başqa xalqın ədəbiyyatına məxsusdur. Həqiqi ədəbiyyatın millisi olmur. Çünki həqiqi milli əsər həm də bəşəri olmalıdır”.
“Üz-üzə” səhifəmizin bu dəfə ki, qonağı şair, esseist, tərcüməçi Səlim Babullaoğludur. S. Babullaoğlunun “Tənha” adlı ilk şeirlər toplusu 1996-cı ildə işıq üzü görüb. 2006-cı ildə Türkiyədə “İyunda oxunan nəğmələr” (“Haziranda okunan nağmeler”) adlı şeirlər kitabı, 2007-ci ildə isə Polşada, polyak dilinə çevrilmiş şeirlər kitabı nəşr olunub. “Nar budağı”, “Kitab-2003”, “Kitab-2004” milli ədəbiyyat mükafatlarına, o cümlədən İLESAM-ın (Ankara) təsis etdiyi M.Füzuli adına Beynəlxalq Poeziya Mükafatına, Qırğızıstan “Qızıl qələm” mükafatına və digər ödüllərə layiq görülüb. O həm də Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbərlik edir. S. Babullaoğlunun tərcüməsində B.Pasternak, Z.Herbert, Ç.Miloş, O.Vəli, F.H.Dağlarca və İ.Brodskinin şeir kitabları işıq üzü görüb.

– Bildiyim qədər “Zaman-Azərbaycan” qəzetində çalışmısınız. Qəzetə yolunuz necə düşdü?

– 1993-cü ildə qrup yoldaşımın evində “Zaman-Azərbaycan” qəzetinin o vaxtkı xəbər müdiri Nedim Yalçınla tanış olduq. 1993-cü il ölkənin siyasi, sosial həyatı üçün çətin bir dövr idi. O vaxtlar mənim 21 yaşım var idi. Nedim bəylə ilk görüşümüzdə bir çox mövzular ətrafında fikir mübadiləsi apardıq. Bu söhbətimizdən bir müddət sonra N. Yalçın məni redaksiyaya çağırdı və beləcə “Zaman-Azərbaycan” qəzetində işləməyə başladım. “Zaman-Azərbaycan” qəzeti ilə bağlı çox xoş xatirələrim mövcuddur. Qəzetin rəhbəri var idi Halim Dağlar. Adı kimi həlim, gözəl insan idi. Nedim Yalçın çox cüssəli biri olsa da çox mülayim insan idi. Ümumiyyətlə, kollektivdəkilər çox məsum, təmiz insanlar idi.

– Qəzetdən ayrılma səbəbiniz nə idi?

– Mənə heç kim get demədi. Yaşın elə dövrləri var ki, insan dəyişikliklər, yeniliklər axtarır. Məhz şəxsi qərarım ilə qəzetdən ayrıldım.

– Səlim bəy, ədəbiyyata, bədii yaradıcılığa rəğbət sizə haradan gəlir?

– Mənim ana babalarım, anamın atası Bəxtiyar kişi və babası Mübarək kişi dindar adamlar olublar. Xüsusilə dini ədəbiyyatı seviblər. Məsələn, onlar Nizami Gəncəvini, Məhəmməd Füzulini, Nəsimini, Seyid Əzimi, Seyid Nigarini əzbər bilirdilər. Onların söhbətləri, oxuduqları şeirlər mənim diqqətimi çəkirdi. Məsələn, ana babam oxuyurdu:

“Qova-qova gəldim bu düz ovaya

Fəğanım çıxıbdı ərşü əlaya

Üzüm haqq dərgahına, əlim duaya

Xudaya silaya yetirin məni”

Təbii ki, bu uşaq yaddaşında iz buraxır. Sonralar məktəbə getməyə başlayandan sonra bildim ki, atam da şeirlər yazır. Atamın zəngin kitabxanası var idi. Bizi gəzməyə aparanda Sədi Şirazinin, Nizami Gəncəvinin kitablarını özü ilə götürərdi və oradan müəyyən parçaları mənə əzbərlətdirərdi. Bütün bunların təsiridir ki, mən çox erkən yaşlarından sürətli mütaliəyə başladım. Xatırlayıram, 1979-cu ildə məktəbə getməyə başlamışdım və 80-ci ilin yanvarından may ayına kimi 112 kitab oxumuşdum.

– Mütaliə demişkən, müasir dövrdə mütaliədən, insanların kitaba münasibətindən razısınızmı?

– Əvvəla onu deyim ki, son on illərdə mütaliə faizi az-az da olsa artır. Bu son dövrlər çap olunan kitabların çeşidliliyinin artması ilə əlaqədardır. Ancaq bütövlükdə mütaliəyə maraq azalmaqdadır. Buna səbəb kimi interneti, texnologiyanın inkişafını, insanların əyləncəyə meylliliyinin artmasını göstərmək olar.

– Tərcüməçi kimi bir çox dünya ədəbiyyatı nümunələri tərcümə etmisiniz. Bunlar arasından ən çox hansı xalqın ədəbiyyatını özünüzə yaxın hiss etdiniz?

– Ədəbiyyatın elə zirvəsi, elə mərtəbəsi var ki, o səviyyədə yazılan əsər artıq fərq eləmir yapon, rus və ya başqa xalqın ədəbiyyatına məxsusdur. Həqiqi ədəbiyyatın millisi olmur. Çünki həqiqi milli əsər həm də bəşəri olmalıdır. Təbii ki, dil nöqteyi-nəzərindən bizə ən yaxın olan Türkiyə və Cənubi Azərbaycan ədəbiyyatlarıdır. Ancaq bir ədəbiyyatçı, şair kimi özümə yaxın bildiyim ədiblər də var. Bunların bir qismi rus, bir qismi türk, bir qismi polyak ədəbiyyatındadır. Mənim öyrəndiyim şairlər var. Məsələn, rus poeziyasından İosif Brodski, Boris Pasternav, Türkiyə ədəbiyyatından Nazim Hikmət, Orxan Vəli, Necip Fazil Kısakürek, polyak ədəbiyyatından Çeslav Miloş, Zbiqnev Herbert, fransız ədəbiyyatından Mişel Uelbek.

– Orxan Vəlinin bütün şeirlərini tərcümə etmisiniz. Bu yazara qarşı xüsusi rəğbətiniz var sanki…

– Bilirsiniz, Türkiyə ədəbiyyatı tarixi kontekstində Orxan Vəli çox ciddi hadisələrdən biridir. Orxan Vəli minimalizmi ilə, yalın türkcəsi ilə, yəni danışıq dilinə yaxın türkcəsi ilə çox maraqlı şairdir. Onun bütün şeirləri bir kitabda olduğu üçün belə düşündüm ki, bunları fraqmental tərcümə etmək olmaz.

– Müasir bədii tərcümənin mövcud vəziyyəti sizi qane edirmi?

– Hazırki vəziyyət əvvəlki dövrlə müqayisədə çox yaxşıdır. Tərcümə, kitabların çeşidində, kəmiyyətində, hətta bir çox hallarda keyfiyyətində özünü büruzə verir. Amma durub desək ki, bütövlükdə tərcümə işinin vəziyyəti qənaətbəxşdir elə deyil. Respublika Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılıb. Fikirləşirəm ki, Tərcümə Mərkəzi ölkədəki tərcümə işinə böyük qatqı verəcək. Bundan əlavə, ayrı-ayrı nəşriyyatların, Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin tərcümə işi planları bu sahənin inkişafına səbəb olacaq.

– Tərcümə edəcəyiniz əsəri seçərkən onun müəllifinə diqqət yetirirsiniz, yoxsa məzmununa?

– Adətən belə olur. Məsələn, İosif Brodskinin şeirlərini oxuyarkən orada müəllif başqa bir şairdən bəhs edir və ondan nümunə gətirir. O nümunə mənim xoşuma gəlirsə, ağlıma batırsa gedib onu tapıram. Bu şəkildə bir Orxan Vəli şeirini oxuyub, fransız ədəbiyyatına, Nazim Hikmətə, Türkiyə ədəbiyyatının “tənzimat” dövrünə də gedib çıxmaq olar. Folknerin məşhur bir sözü var: “Ədəbiyyat, yazmaq siqareti siqaretlə yandırmağa bənzəyir”. Birini oxuyub o birisinə çıxış alırsan.

– Rəhbərlik etdiyiniz Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin gələcək planları, fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Bu ilin sonuna kimi “Ulu çinar” jurnalının türk respublikalarından birinin ədəbiyyatı ilə bağlı, “Dünya ədəbiyyatı” jurnalının isə Ukrayna ədəbiyyatı ilə bağlı sayları işıq üzü görəcək.

– Bir tərcüməçi kimi bu sahədə sözün əsl mənasında səs gətirəcək bir layihənizmi varmı?

– Bəli belə bir layihəmiz var. Bu Yazıçılar Birliyinin və “Kitabçı” jurnalının birgə layihəsidir. Biz 30 kitabdan ibarət tərcümə kitabları seriyası hazırlıyırıq.

– Səlim müəllim, yeni nəsil yazarlardan bəyəndikləriniz, təqib etdikləriniz varmı?

– Əlbəttə, demək olar ki, hamısını oxuyuram. Misal olaraq Fərid Hüseyn, Qismət, Ramil Əhməd, Günel Eminli, Jalə İsmayıl, Elvin Bakiroğlu, Qılman İmanlı, Anar Aminin adlarını çəkə bilərəm. Şükür Allaha, bugünkü ədəbi mühit kifayət qədər qaynardı.

– Bu yaxınlarda yaşlı nəsil ədiblərlə yeni nəsil yazarlar arasında müəyyən bir konflikt yaşandı. Gənclər yaşlı nəslin meydanı boşaltmasını istəyirdi. Sizin buna münasibətiniz necə oldu?

– Elə şeylər var ki, onlar təbii baş verməlidir. Getməyənə zorla get demək olmur. Bəlkə də vəzifədə olan hansısa yaşlı yazıçının getməsi daha zərərli ola bilər. Çünki onlar həm böyük yazıçı, həm də idarəçi təcrübəsinə sahibdilər. Düşünürəm ki, hər şeyi zaman nizamlayacaq. Onlar da gedəcək, onlardan sonrakılar da gəlib gedəcək. Mən ümumiyyətlə bu tip konfliktlərdən uzaqda qalmağa çalışmışam və çalışıram.

– Səlim Babullaoğlu-şair, yazıçı, yoxsa tərcüməçi…?

– Mən özümü daha çox şair görürəm. Tərcüməçilik peşəkar ədəbi işin bir hissəsidir.

– Adətən qələm sahiblərinin həyatlarında yaşadıqları hər hansı bir hadisə onların yaradıcılığında öz əksini tapır. Siz necə belə bir hadisə yaşamısınız?

– Mən bunu bir dəfə demişəm, bir də təkrar edim, ümumiyyətlə, bədii ədəbiyyat iki cür olur. Birincisi, insan səhvlərinin etirafıdır. Məsələn, Dosteyevskiyə baxın, Dikensə baxın. II kateqoriyaya isə böyük, nəhəng ədiblər daxildir. Bu, ruhani ədəbiyyatdır. Əlbəttə, mənim yaradıcılığımda şəxsi həyatımın izləri var. Ümumiyyətlə insan həyatında baş verən hadisələrin hər biri onun ya şüurunda, ya da şüuraltında iz buraxır. Bunun ədəbiyyatda nə vaxt özünü büruzə verməsi insandan asılı olmayan prosesdir. İnsan səhvləri və səhvlərindən sonra çəkdiyi iztirabları üzərində öyrənir.

– Sizin fikrinizcə, gənclərdə ədəbiyyata maraq oyatmaq, yeni gənc yazarların yetişməsi üçün hansı işlər görülməlidir?

– Bir türk şairi oturur yeməkxanada, amma yemək almaq üçün pulu olmur. Başlayır şeir yazmağa. Dostlarından biri gəlir ki, pul tapmışam indi yemək yeyəcəyik. Yeməyi yeyirlər, şairin gözünə işıq gəlir dostuna çevrilib deyir ki, “yedim, amma sən yaxşı bir şeiri əlimdən aldın”. Məsələn, mən bütün şeirlərimi dizimin üstündə yazmışam. Bunun üçün xüsusi masaya, kabinetə ehtiyac yoxdur. Ədiblərin yetişməsi üçün hər hansı bir sistem, forma qurmaq mümkün deyil.

 BƏYLƏR MƏCIDOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here