“İnsan hüquqları aylığı”

0
400

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərindəki Heydər məscidində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Əliyev, Vəkillər Kollegiyasının üzvü Cianşa Ömərov, Mingəçevir şəhər Heydər məscidinin imamı İlham Səmədov, eləcə də digər məscidlərin imamları, dini icma sədrləri və digər din xadimləri iştirak ediblər.

DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov “Dini etiqad azadlığı insan hüquqlarının baris nümunəsidir” mövzusu ilə çıxış edərək cənab İlham Əliyevin Sərəncamı ilə iyunun  18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması və buna uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq “İnsan Hüquqları Aylığı”nın keçirilməsi, eyni zamanda əsas insan hüquqlarından sayılan dini etiqad azadlığının bölgə üzrə vəziyyəti və bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Mingəçevir ŞİH başçısı Aparatının baş məsləhətçisi Elşən Əliyev “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən bu tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.

Mingəçevir şəhəri “Heydər” məscidinin imam İlham Səmədov Ramazan ayının başlanması münasibətilə dindarları təbrik edib, QMİ-nin sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin tapşırıq və tövsiyələrini dini icma sədrləri və din xadimlərinə çatdırıb, tədbir iştirakçılarına QMİ-nin Qazılar Şurasının fətvasını oxuyub. Daha sonra Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə riayət olunması, dini ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsini qeyd edib. Mingəçevir şəhəri “Zəhra” məscidinin imamı Əkbər Əliyev və Mingəçevir şəhəri “Cümə” məscidinin imamı Vüsal Abdullayev Ramazan ayı da daxil olmaqla istənilən dini bayramların və dini mərasimlərin həyata keçirilməsi üçün dövlətin yaratdığı şəraitdən danışıblar.

Esmira Hidayətova, Mingəçevir.