İnsan başqalarına baxaraq özünü tərbiyə edə bilər

702
“İşləməyən dişləməz” deyib atalarımız. İnsan həyatda nə isə əldə etmək, özünə müəyyən bir yer tutmaq üçün daim çalışmalı, fəaliyyətdə olmalıdır. 
Lakin çox zaman insan yaşamaq üçün çalışmaq yerinə, bütün ömrünü pul qazanmağa sərf edir. Məşhurlardan birinin də dediyi kimi, kimi yaşamaq üçün yeyər, kimi də, yemək üçün yaşayar. Bəli. İnsanlar bəzən nə üçün yaşadıqlarını unudurlar. Eyni yerdən yola çıxsalar da, pul, var-dövlət, şan-şöhrət sevdası bəzən yolun istiqamətini dəyişə bilir. İnsan əldə etdikləri ilə kifayətlənməyib, daha çox qazanmaq istəyir. Bəs insanın canını, sağlamlığını xərcləyib qazandığı pullar ona kömək ola bilirmi? Məsələn, ona xoşbəxtlik gətirə bilirmi? Görəsən dünyasını dəyişmiş doğmasını, yaxınını, sevdiyini geri gətirməyə gücü çatırmı o var-dövlətin?

“Sərvət bəzən insanı fəlakətə aparır”

Bəzilərinə pul, var-dövlət onları imtahan etmək üçün verilir. Yəni Allah-Təala quluna maddi zənginliklər verərək, onun sədaqətini yoxlayır. “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Qafqaz Universitetinin “Ərəb dili və ədəbiyyatı” bölməsinin müdiri, ilahiyyatçı-şərqşünas Qafar Ocaqlı mövzuya belə aydınlıq gətirdi: “Dünya malına meyl etmənin zərərlərini izah etməzdən əvvəl Qurani-Kərimdə mövzu ilə bağlı bəzi ayələri xatırlamaq mütləqdir. Ali İmran surəsi 186-cı ayədə belə deyilir: “Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbir edib, Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə uyğun (dəyərli) işlərdəndir. Diqqət etsək, ayədə insanlara verilən var-dövlətin əslində onlara imtahan məqsədilə verildiyini görürük. Sərvət və var-dövlət sahibi olmaq və ondan insanlıq adına xeyirli məqsədlər üçün istifadə etmək, bu imtahanda var-dövlət sahibinin üzünü ağ edəcəyi kimi, paxıl və zalım insanın əlində olan var-dövlətin də öz sahibini pis bir aqibətə sürüklədiyini tarixə baxsaq görə bilərik. Lakin sərvət sahibi olub, malını, mülkünü ehtiyacı olanlara verən insanlar da öz adlarını tarixdə xeyirxahlar sırasına yazdırıblar. Bu haqda Qurani-Kərimin qissələrində və hədislərdə də rast gəlmək mümkündür. Hz. Əbu Bəkr, Hz. Osman, Hz. Əli kimi xəlifələrin mal-dövlətlərini Allah yolunda xərcləməsi insanlara nümunə olmalıdır. Belə olduqda, insanlığa yardım və dəstək anlamında dünya malına sahib olmaq olduqca yaxşıdır”.

Q. Ocaqlı onu da qeyd etdi ki, bəzən var-dövlət insanı haqq yolundan uzaqlaşdıraraq fəlakətə gətirib çıxarır: “Digər tərəfdən, Quranda var-dövlətin insanı haqq yolundan uzaqlaşdıraraq onu fəlakətə sürüklədiyini göstərən ayələr də var. Qasas surəsində belə buyurulur: Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir (76-cı ayə). Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”. Ayələrdən də göründüyü kimi, insan qazandığı uğurları çox vaxt özündən bilir. Bunun ona verilən bir nemət olduğunu unudur və öyünməyə başlayır”. Qafar Ocaqlı Allah Qarunu misal çəkərək, əslində nemət bəxş etdiyi hər kəsin bir imtahan qarşısında qaldığını və eyni aqibətə düçar ola biləcəyini xatırlatdığını vurğuladı.

 

“İnsan özündən aşağı səviyyədə yaşayan birinə baxaraq, şükür hissini ortaya çıxarmalıdır”

Mütəfəkkirlərdən biri belə deyib: İnsan pul qazanmaq üçün sağlamlığını, sonra sağlamlığını geri qazanmaq üçün pulunu xərcləyir. Gələcək üçün o qədər narahat olur ki, nə indisini, nə gələcəyini yaşaya bilmir. Heç ölməyəcəkmiş kimi yaşayır və əslində heç yaşamadan ölür. Bəli. İnsan aza qane olmayan, əldə etdikləri ilə asanlıqla doya bilməyən bir varlıqdır. Halbuki az və çox məfhumları nisbidir. Bizə görə az olan bir şey başqasına görə böyük sərvətdir. Ayaqqabı sayının azlığından şikayətin varsa, Afrikadakı ayaqyalın uşaqları düşün. Evinin kiçik olması səni narahat edirsə, qışın soyuğunda çöldə gecələyən evsizləri xatırla. Qafar Ocaqlı qeyd etdi ki, insan başqalarına baxaraq özünü tərbiyə edə bilər: “İnsan özündən daha varlı insana baxdığı kimi, özündən daha kasıb insanlara da baxa bilər. Bu baxış onda qürur hissini qabartmamalı, əksinə, şükür hissini ortaya çıxarmalıdır”. Əmək verib, tər tökərək qazandığımız var-dövlət bizi hara aparır? Fəlakətə, yoxsa xeyirxahlığa?

Xəyalə Sadıqova