İnsan alverinə və zorakılığa “yox” deyək!

572

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc Ana və Uşaqların Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən “İnsan alverinə yox deyək” layihəsi çərçivəsində Milli QHT Forumunun Mingəçevir regional Resurs və Təlim mərkəzində seminar-görüş keçirilib. Mingəçevir regional Resurs və Təlim mərkəzinin direktoru Füzuli Əsədov tədbirin mahiyyəti haqqında açıqlama verib. Bildirib ki, Mingəçevir şəhərində, Şirvan və Qəbələ rayonlarında əhalinin maarifləndirilməsi məqsədi ilə geniş tədbirlər keçirilib.
“Gənc Ana və Uşaqların Maarifləndirilməsi” İctimai Birliyinin təlimçisi, müstəqil ekspert Ümidvar Həsənov ölkəmizdə insan alverinə qarşı hüquq mühafizə orqanları ilə yanaşı, ictimai təşkilatların, birliklərin də ciddi mübarizə apardıqlarını qeyd etdi. O vurğulayıb ki, tədbirin keçirilməsində məqsəd bu sahədə ictimaiyyətin, xüsusən gənc qadınların məlumatlılığını artırmaq, insan alveri və zorakılıqla mübarizədə fəal gənclərin gücündən istifadə etməkdir. O, insan alveri, onun qurbanları, bu alverin doğurduğu fəsadlar, Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib və bu alverin qurbanları təkcə qadınlar olmadığını, kişilərin və uşaqların da insan alverinin qurbanına çevrilə biləcəyini vurğulayıb.
Ü. Həsənov bu sahədə Azərbaycanda bir sıra qanunların qəbul edildiyini və ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dünyada hər il milyonlarla insanın insan alverindən əziyyət çəkdiyini və onlardan əksəriyyətinin məcburi əməyin qurbanı olduğunu qeyd edib. O, insan alverinin qurbanları üçün sığınacaq yaradıldığını da deyib.
Rövşən Əşrəfov, Mingəçevir.