“İnşaat sektorunda nağd pul böhranı yaşanır”

370

“Azərbaycanın daşınmaz əmlak bazarında durğunluq müşahidə olunur. Uzun müddətdir davam edən bu prosesin hələ davam edəcəyi gözlənilir”. Dünən bu sözləri daşınmaz əmlakın qiymətləndirilməsi üzrə ekspert Elsevər İsayev Azərbaycanın daşınmaz əmlak bazarındakı vəziyyətə həsr olunmuş mətbuat konfransında səsləndirdi. E. İsayevin sözlərinə görə, daşınmaz əmlak bazarındakı durğunluğun əsas səbəbi beynəlxalq iqtisadi böhrandır: “Bu proses Azərbaycandan da yan keçmədi, daşınmaz əmlak bazarına öz təsirini göstərir”.
Ekspert qeyd etdi ki, daşınmaz əmlak bazarındakı bu vəziyyətin digər səbəbi devalvasiyadır: “Devalvasiyanın təsiri nəticəsində daşınmaz əmlak bazarında vəziyyət daha da ağırlaşıb. Tikinti materiallarının qiyməti xeyli bahalaşıb. Alıcılıq qabiliyyəti, demək olar ki, sıfır səviyyəsinə gəlib çatıb”.
Elsevər İsayevin sözlərinə görə, Azərbaycanda pulu olub, daşınmaz əmlak, obyekt almaq istəyən insanlar çox tərəddüd edirlər: “Yəni qorxurlar ki, daşınmaz əmlak alarlar, sonradan dollar yenidən bahalaşar və ya əksi baş verər. İtirməkdən qorxurlar”.
E. İsayevin fikrincə, bu vəziyyət birdən-birə düzələn deyil: “Əksər tikinti işləri dayanıb. Çünki tikinti şirkətlərinin sahibləri materialları xaricdən dollarla alırlar. Buna görə də alqı-satqı sərf eləmir. Hesab edirəm ki, durğunluq dövrü hələ davam edəcək. Beynəlxalq iqtisadi böhran proqnozlara görə, hələ davam edəcək. Bu isə o deməkdir ki, daşınmaz əmlak bazarımızda da istənilən canlanma hələ uzun müddət olmayacaq”.
Elsevər İsayev dedi ki, hazırda daşınmaz əmlak bazarında nağd pul böhranı var: “Biz özümüz əksər tikinti şirkətlərinə mal veririk, amma nağd pul ala bilmirik. Daha çox barter sövdələşməsi gedir. Yəni biz birinə hansısa tikinti materialı veririk, onlar əvəzində bizə başqa bir şey təklif edirlər, verirlər. Nağd pul böhranı gedir. Alıcılıq qabiliyyəti olan insanlarda nağd pul yoxdur ki, getsin pulu versin və istədiyi əmlakı alsın. Bir daha deyirəm ki, devalvasiya çox böyük təsir edib Azərbaycana. Adətən, yaz mövsümündə daşınmaz əmlak sektorunda ciddi canlanma müşahidə olunurdu. Lakin hazırda ciddi durğunluq var. Tikinti materialları daha çox Türkiyədən, Rusiyadan, ən çox isə Çindən gətirilir. Hər birinin qiymətində keyfiyyətinə və növünə görə artım var”.
Elsevər İsayev tikinti şirkətlərinin gözləmə mövqeyində olduqlarını söylədi: “Qiymətlərdə ciddi ucuzlaşma var. Amma bu daha çox fərdi evlərin qiymətində müşahidə olunur. Yeni tikilən çoxmərtəbəli binaların isə qiymətində ciddi dəyişiklik yoxdur. Əksər tikinti şirkətləri qiymətləri ucuzlaşdırmırlar, daha çox gözləmə mövqeyindədirlər. Yəqin ki, vəziyyət belə davam edəcək”.

Nicat İntiqam