“İngilis çoban”ın oğlu

233

 

 

Kəndimizin ziyalılarından söhbət dü­şəndə barəsində xoş sözlər söylə­ni­lənlərdən biri də Rəşad  müəllimdir. Onun haq­qında çoxdan yaz­maq istəyirdim. Amma sözün düzü, Rəşad müəllimlə həmsöhbət olmadığımdan tərəddüd edirdim. Bu günlərdə onunla həmsöhbət olmaqla bu tərəddüdümə son qoydum. Necə deyərlər, qismət bu günə imiş.

 

Tərcümeyi-halından sətirlər

Rəşad Alpanlı (Sədullayev Rəşad Rahib oğlu) 31 yanvar 1981-ci ildə Quba rayonunun Alpan kəndində ziyalı ailəsində dünyaya gəlib. 1988-1998-ci illərdə Alpan kənd orta məktəbində təhsil alıb. Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakultəsində bakalavr (1998-2002 magistratura (2007-2009), dissertantura (2011-2014) təhsil pillələrini bitirib. Hazırda məzun olduğu bu universitetin coğrafiya fakültəsində müəllim vəzifəsində çalışır.

 

Haşiyə, yaxud BDU-da çalışmış və çalışan alpanlılar kimlərdir?

Əldə etdiyimiz məlumatlara görə, 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis edilmiş Bakı Dövlət Universitetində çalışan ilk həmkəndlimiz, biologiya elmləri doktoru, “Əməkdar müəllim” Tələt Dənyar oğlu Qayıbov (1923-2002) olub. O, 1992-2002-ci illərdə bu təhsil ocağında “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri vəzifəsində çalışıb. 1996-2010-cu illərdə polkovnik Ələkbər Yunis oğlu Balayev (Gülməmməd (Zülfüqarov) kişinin bacısı Zəhra xanımın qardaşı) Bakı Dövlət Universitetinin mülki-müdafiə kafedrasının müəllimi kimi fəaliyyət göstərib. Yeri gəlmişkən qeyd edək ki, hazırda ömrünün 83-cü baharını qarşılayan Ələkbər Balayev pensiyaya çıxdıqdan sonra burada mövsümi işlərdə fəaliyyətini davam etdirib. 2008-2014-cü illərdə Aqil Şövkət oğlu Şahmuradov bu nüfuzlu təhsil ocağının Slavyan Ölkələri Tarixi Kafedrasında elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda BDU-nun ərəb dili kafedrasında Çingiz İlyas oğlu Ağayev (1962), coğrafiya fakültəsində isə Rəşad Sədullayev çalışırlar.

Adının qarşısına “alim” kəlməsi də əlavə olunacaq

Bəli, Rəşad Sədullayev hazırda ölkəmizin ən nüfuzlu, həm də ən qocaman təhsil ocaqlarından birində – BDU-da müəllim vəzifəsində fəaliyyət göstərir. Onun bu səviyyəyə çatmasında atası Rahib müəllimin, ibtidai sinif müəllimi Vaqif Şirinovun, eləcə də Alpan kənd orta məktəbində ona dərs deyən digər müəllimlərin böyük xidmətləri olub. Onun geologiya, riyaziyyat, fizika, kimya, biologiya, iqtisadiyyat kimi elmlərlə bağlı olan coğrafiya elminə marağına gəldikdə isə… Rəşadda bu sahəyə maraq orta məktəbdə coğrafiyanın ilk anlayışları ilə tanış olarkən yaranıb və elə o vaxtdan coğrafiya müəllimi olmaq istəyini qətiləşdirib. Şübhəsiz, bu seçimdə ona bu fənni tədris edən coğrafiya müəllimlərinin – Şamil Qəhdiranov  və Malik Balayevin (Allah onlara rəhmət eləsin) də müəyyən rolları  olub.

 

Hazırda BDU-da elmi-pedaqoji tədqiqatlarını da davam etdirən Rəşad Sədullayev coğrafiya elminin inkişafına az da olsa töhfələrini verib və verməkdədir. Belə ki, müasir dövrdə coğrafiya elminin qarşısında duran əsas məsələləri dərindən dərk edən Rəşad Sədullayev Məsafədən Müşahidə Peyk Verilənləri (MMPV) və Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında ölkəmizin ilk prizmatik-üç ölçülü modeli, anamorfoz xəritəsi, Böyük Qafqaz vilayəti ilə əlaqəli səth meyillikləri, hipsometrik, yüksəklik qurşaqlığı, relyefin morfometrik analizi, təbii mühitə antropogen təsirin təhlili və proqnozu, landşaft differensiasiyası və s. kimi mövzularda dəyərli nailiyyətlər əldə edib.  Onun bu mövzularda yazdığı materiallar həm ölkəmizdə, həm də xarici (Türkiyə, Qazaxıstan) elmi nəşrlərdə dərc edilib. Hazırda Rəşad Sədullayev “Dağlıq ərazilərdə GİS texnologiyası əsasında kosmolandşaft xəritələrinin tərtibi (Böyük Qafqazın şimal-şərq yamacı timsalında)” mövzusunda dissertasiya işinin müdafiəsinə hazırlaşır.  Bu isə o deməkdir ki, yaxın günlərdə onun adının qarşısına “alim” kəlməsi də əlavə olunacaq.  Burada  Rahib müəllimin bu kəlamını da qeyd etmək məncə yerinə düşərdi: “Çobanın oğlu müəllim olursa, müəllimin oğlu alim olmalıdır”. Bununla da Rəşad atasını edə bilmədiklərini də həyata keçirmək niyyətindədir.

 

 “Kəndimizlə bağlı araşdırmalara başalmışam”

 

Rəşad Alpanlının dediklərindən:Coğrafiya ixtisası üzrə təhsil almış tanınmış şairimiz Məmməd Araz şeirlərinin birində yazır:

Təbiət özü də bir kitabxana,

Hər dərə məktəbdir, hər dağ müəllim.

Bəli, Alpan kəndi də mənim üçün belə bir təbii məkandır. Onun da hər daşında, hər dərəsində, hər coğrafi relyefində, hər toponimində bir tarix yaşayır. Doğrudur,  hələlik kəndimizin coğrafiyası  ilə bağlı elə də geniş yazılarım yoxdur. Amma müəyyən araşdırmalara başalmışam. Güman edirəm ki, bu istiqamətdə uğurlu nəticələr əldə edəcəyəm.

Əldə etdiyim materiallara əsasən deyə bilərəm ki, dəniz səviyyəsindən750 metr yüksəklikdə yerləşən, 41 dərəcə şimal paraleli və 48 dərəcə şərq meridianı arasında mövqe tutan  Alpan kəndi Qusar maili düzənliyində Qusarçay, Quruçay, Qudyalçay dərələri əhatəsində dağətəyi coğrafi mövqeyə malikdir. Bu çaylar əvvəllər daha gur axarlı və geniş subasarlı olub, sonralar indiki məcralarını formalaşdırıblar. Onu da qeyd edim ki, kəndimizin ərazisindən keçən Quruçayın adında “quru” ifadəsi olsa da, əslində bu çay dəli, daşqınlı və təhlükəlidir. Ona görə də həmişə bu çaydan söz düşəndə deyiblər ki, özünüzü onun selindən qoruyun, ehtiyatınızı əldən verməyin. Yaxın keçmişdə, daha doğrusu, sovet dönəmində  bu çayda güclü sellər olub. Hətta o zamanlar Quruçay üzərində körpü olmadığına görə fermadan kəndə və əks istiqamətə gediş-gəliş xeyli çətinləşərdi. Eşitdiyimə görə, elə bu səbəbdən babam Əlimurad kişi günlərlə fermada gecələmi olurmuş.

Kəndimizdə meyvəçilik geniş yayıldığından yaşlı, əli bərəkətli kişilər harada cır alma-armud görüblər calağ ediblər, onlara qulluq ediblər ki, gələcək nəsillərə qalsın. (İndi də Alpan mülkünü gəzərkən belə meyvə ağaclarına rast gəlmək mümkündür). Qarğanın ağzından düşüb cücərməyə başlayan qoz fidanlarının dərhal ətrafını səliqəyə salıblar ki, yaxşı inkişaf  edib tez bəhərə düşsün. Yetişdirdikləri qeyri-adi meyvə sortları dillər əzbəri olub, neçə-neçə qonağın üzünü güldürüb, insanların canına can qatıb, xəstələrə şəfa verib. Qıtlıq illərində təndirlərdə nənələrimizin həmin nemətlərdən hazırladığı meyvə quruları ilə (qax) gündəlik tələbatlarını qarşılayıblar. Kəndimizin ağsaqqalları qoyunu sürüdən aparan canavara da bəsirət gözü ilə baxaraq “o da ruzisini apardı” deyə bığaltı qımışıblar, “altından yel keçən var-dövlət qalıcı deyil” deyiblər. 1950-ci illərə qədər Quruçayın sahil subasarları sıx meşəlik olub, meşə-çöl canlıları (çöldonuzu, ayı, tülkü, çaqqal və s.) tez-tez su içməyə gələrkən kəndimizin sakinləri  asanlıqla onları müşahidə edə bilirmişlər. Yəni çöldə-meşədə-təbiətdə gördükləri hər şeyə diqqətlə, ehtiramla yanaşıblar, canlılara qəsd etməyiblər.

Bir sözlə, o zamanlar təbiət öz rahatlığı ilə nəfəs alardı. Daha sonra kolxoz-sovxoz quruculuğu, yeni əkin -bağ sahələri üçün meşələrin qırılması və s. flora və faunanın tədricən ortadağlığa miqrasiya etməsinə gətirib çıxarıb”.

 

Əhvalat: olduğu kimi

Rəşad Alpanlının dediklərindən:Hərdən məni “ingilis çoban”ın oğlu kimi də təqdim edirlər. Yəqin “ingilis çoban” ifadəsinin necə yarandığını kəndimizdə hər kəs bilir. Artıq bu ifadə, əgər belə demək mümkünsə, zərb-məsələ də çevrilib. Buna rəğmən mən həmin hadisəni olduğu kimi danışmaq istəyirəm. Deməli belə: Naxır növbəmiz çatmışdı. Atam əlində pulla növbəyə göndərməyə adam tapa bilmədi. Çarəsiz qalıb mənimlə növbəyə getməyi qərara aldı.

Günortaya yaxın idi. Naxır yamacın yaxasında sakitcə otlayır, arabir buludların arxasından boylanan günəşin istisi sərt qışdan çıxmış heyvanların canına yayılırdı. Bu zaman yamacın ətəyindən gümüşü rəngli bir Jeep-in özünəməxsus vızıltı ilə yoxuşa dirmandığını gördük. Jeep yoxuşun ən yüksək yerinəcən qalxdı. Bir nəfər bəstəboy, kök adam maşından düşüb bir az aralandı və telefonla danışmağa başladı. Bir azdan maşın arxayın-arxayın enməyə üz tutdu, elə bil ki, bayaq iməkləyən o deyildi. Atam mənə dedi ki, bu qonaqla bir az zarafatlaşacağam. Mən də onun fikrinə qüvvət verdim. Atam yolun kənarına yaxınlaşdı və əli ilə maşını saxlamasını işarə etdi. Maşın atamın yanıma çatanda dayandı və içəridən göy gözləri maraqla dolu keçəl bir baş boylandı. Atam ingiliscə “Günortanız xeyir! Bağışlayın, fikirləşdim ki, bəlkə sizə kömək lazımdır”, – deyəndə qonağın marağını birə-beş artırdı. Gözləri bu vaxtacan bəlkə heç bu qədər böyüməmişdi; ucqar bir kəndin çobanı onunla ingiliscə danışırdı.

Özünü Fill Pristric kimi təqdim edən, “Long Forest” istirahət zonasının investorlarından biri olduğunu bildirən və  siqnal zəif oluğu üçün buraya çıxdığını (O vaxtlar ötürücü stansiya olmadığından dünyaya yenicə göz açmış mobil telefonlarla danışmaq üçün adamlar yüksəkliklərə çıxmağa məcbur olurdular) söyləyən qonağa atam belə tanışlıq verdi: “Gördüyünüz kimi, mən də Rahib Sədullayev adlı bir çobanam. Qonağın təəccübü bir az da artdı:

– Ola bilməz. İngilis dilini necə öyrənmisiniz?

Daha zarafatı uzatmağın yeri olmadığını görən atam ingilis dili müəllimi olduğunu bildirdi. Atamın müəllim olduğuna inanmaya qonaq dedi:

-Axı, siz çobansınız.

Atam kənddə artıq çoban peşəsinin olmadığını, hər kəsin növbə ilə çobanlıq edərək mal-qaranı otardığını izah elədi. Söhbətarası məni  göstərərək  müəllim olduğunu dedi. Amma bu və digər izahatlara baxmayaraq, qonaq atamın geyiminə görə yenə çoban olmamağına inana bilmədiyini təkrarladı.

“Long Forest”ə qayıdan əcnəbi qonaq bu əhvalatı orada çalışanlara danışaraq gülürmüş. İşçilərdən biri (Səhv etmirəmsə Hidistandan olan aşpaz dilimizi bilirmiş.) Fill Pristicin dediklərini bizimkilərə danışır, onları da maraq bürüyür. Onlar həmin “ingilis çobanın” atam olduğunu təxmin ediblər və yanılmayıblar”.

Haşiyə, Rahib müəllim haqqında

Dövri mətbuatda, ədəbi mühitdə “Rahib Alpanlı” adı ilə çıxış edən Sədullayev Rahib Əlimurad oğlu 21 fevral 1956-cı ildə  Alpan kəndində anadan olub. Atası çoban olsa da uşaqlıqdan arzusu müəllim olan Rahib Sədullayev 1973-cü ildə kənd orta məktəbini 1973-cü ildə fərqlənmə ilə bitirdikdən sonra Xarici  Dillər İnstitutuna qəbul olunub və oranı 1978-ci ildə fərqlənmə ilə bitirib. İngilis dili müəllimi ixtisasına yiyələnən Rahib Sədullayev əmək fəaliyyətinə Quba rayonunun Digah kəndində başlayıb. On yeddi il orada çalışdıqdan sonra 1994-cü ildə kəndimizin orta məktəbində ingilis dilini tədris edib. 1995-ci ildən Quba Özəl Türk Liseyində çalışıb. Hazırda qabaqcıl təhsil işçisi Rahib Alpanlı (Sədullayev) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının baş müəllimidir. Həm pedaqoq, həm şair, həm də nasir kimi tanınan, ölkədə, dünyada baş verən hadisələri özünün analiz süzgəcindən keçirərək publisistik yazılarla dövrü mətbuatda mütəmadi çıxışlar edən Rahib Alpanlının indiyədək “Nələr olmur dünya səndə” (2008), “Oğurlanmış həqiqət” (2011), “Evin şüşədəndirsə” (2013), “Yaxşılığın göz yaşları” (2015), “Məktəbin ürəyi” (2017) kitabları çap olunub.

O uşaqdan bir şəhər olacaq

Rəşad Sədullayevin söylədiklərindən: “Babam Əlimurad kişi (1890-1984) barədə “Alpan etüdləri” kitabında kifayət qədər məlumat verilib. Buna rəğmən həmin kitabda qeyd olunmayan bəzi faktları da söyləmək istərdim. Babamın atası Şahmurad, onun atası Sədulla kişi olub. Atamın yazdıqlarına və ondan eşitdiklərimə istinadən deyim ki,  Əlimurad babam uşaqlığında sarıbəniz, bir az da sısqa olubmuş. Şahmurad kişi bir gün torpaq sahəsi almaq qərarına gəlir. Ətrafındakılar soruşurlar ki, kimin üçün alırsan? O da yanındakı tək oğlunu (bir qızı da olub) göstərir.  Bir az zarafatla deyirlər ki, ay Şahmurad kişi, neynirsən bu zəif xırda uşaq üçün bu boyda torpaq sahəsini? (təxminən 5 hektar) O da cavab verir ki, Allah nəsib edərsə  o uşaqdan bir şəhər olacaq. Həqiqətən də bu gün Alpanda  ən böyük nəsillərdən biri bizik.

Kiçik yaşından valideynlərini itirən babamı dayısı İbrahim himayəsinə götürüb, onu böyüdüb,  qızı ilə evləndirib. Sonradan atası sağlığında aldığı geniş torpaq sahəsində ev tikib. Deyilənə görə, indi yaşadığımız məhəllədə birinci ev elə babamın olub. Bu, ötən əsrin 20-ci illərinə təsadüf edib. Dayısından ayrılandan sonra babam  öz təsərrüfatını qurub. Mal-qarası, toyuq-cücəsi öz yerində. Qonşu, qohum-əqraba, kəndin ən uzağındakı insanlara qədər Əlimurad baba vaxt-vaxt ağartı göndərirmiş. Xeyir-şərdən geri qalmazmış. Babam həm də torpaq adamı olub. Babamın Alpanda bağ sahələri, “Palasada” – Müşkürdə əkin-biçin sahələri olub. Quruçayın sol sahilindəki güney bu yaxınlara qədər “Əlimiurad güneyi” adlanırdı.

Lakin dövran dəyişir və Sovet hakimiyyəti atamın  torpaq sahəsini, bütün sərvətini əlindən alır, özünü də səsdən məhrum edir. Rəhmətlik Nadir əmim danışardı ki, (həmin vaxt 7-8 yaşlarında uşaq olub) bolşevik bayquşları həyətimizdəki qoyun-quzumuzu, bir neçə atımızı, mal-qara, divarımızdakı xalçaları, hətta təknəmizdəki un-xamıra qədər hər şeyimizi kolxoz quruculuğu adı ilə əlimizdən aldılar. Bu hadisədən o dövrün bütün kənd əhalisi o cümlədən babam da xeyli sarsılıb, daha sonra deyib ki, su gələn arxa bir də gələr, təvvəkül Allaha. Allahdan ümid kəsilməz, ruzini də, varı-dövləti də verən odur deyib yenidən öz alın təri ilə ailəsini-övladlarını təmin edib, yoxsulluqla, qıtlıqla mərdcəsinə savaşıb. Üstəlik, hər bir övladını ev-eşik sahibi edib. Onu da deyim ki, babam uzun müddət tərəkəmə həyatı yaşayıb. Yəni dədə-baba yaylaq-qışlaq gəzib. (Rahib müəllim Şirvan qışlağında dünyaya gəlib).Bir sözlə, həyatın hər üzünü görmüş, hikmət dolu müdrik el ağsaqqalı olub. Çox vaxt dinib-danışmaz, müştüyündəki siqaretini tüstülədib onunla dərdləşirmiş.

Babamın 1936-cı ildə dünyasını dəyişmiş həyat yoldaşından dörd qızı, ardınca da dörd oğlu olub. Uzun müddət dul yaşayan babam əslən Qubanın Qalaxudat kəndindən olan və 1941-1945-ci illər müharibəsi ilə əlaqədar üç azyaşlı qız övladı ilə dul qalan rəhmətlik nənəm Ağaxanım (Axanım ) ilə 1952-ci ildə növbəti dəfə ailə qurub və oğullarının sayı altıya çatıb.

Son

Rəşadla söhbətləşərkən bir daha əmin oldum ki, əgər bir insan zəh­mətkeşdirsə, gecə-gündüz əziyyət çəkirsə, onun gec-tez nə vaxtsa bəhrəsini görür. Amma sadəcə olaraq, o bəhrəyə qədər gedən yol çox əzablı, əziy­yətli və çətin olur. Sadəcə onları dəf etməyi bacarmaq lazımdır. Rəşad  Sədullayev onları dəf etməyi bacaranlardandır.

Qvami Məhəbbətoğlu (Rəsulov)