İndiyədək 200 nəfərdən çox insan minaların qurbanı olub

44

Beynəlxalq təşkilatlar isə Ermənistanı faşist xislətindən çəkinməyə və mina xəritələrini Azərbaycana verməyə məcbur etmirlər

Mənfur düşmən ərazilərimizi işğal altında saxladığı üç onillik ərzində şəhər və kəndlərimizi dağıtmaqla yanaşı, həm də ən ağlagəlməyən yerləri belə minalayıb. Qarabağı və Şərqi Zəngəzuru mina tarlasına çevirərək yollara, həyətlərə, evlərə demək olar ki, hər daşın-qayanın altına piyada və tank əleyhinə mina döşəyiblər. Erməni faşistləri bu partlayıcı qurğular sayəsində dinc azərbaycanlılara, texnikaya, əraziyə mümkün qədər çox ziyan vurmaq məqsədi güdüblər. Təsadüfi deyildir ki, hazırda Azərbaycan bütün dünya üzrə minalarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. Ərazilərimizin minalanması erməni vandalizminin bariz nümunəsidir.

Ermənilər Azərbaycan torpaqlarında minabasdırma əməliyyatlarının növbəti mərhələsini 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanat imzalandıqdan sonra həyata keçiriblər. Sözügedən sənədə əsasən, Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirərək qarşı tərəfə ərazilərimizdən çıxmağa möhlət verdi və sonradan bu möhlət müddəti ayrı-ayrı ərazilər üzrə bir qədər də artırıldı. Ancaq Ermənistana məxsus hərbi birləşmələr bundan sui-istifadə edərək torpaqlarımızda kütləvi şəkildə minalar basdırdılar. 44 günlük müharibə 2020-ci il noyabrın 10-da başa çatsa da işğaldan azad olunmuş ərazilərdə mənfur düşmən tərəfindən basdırılan minalar can almaqda davam edir. Bütövlükdə, indiyədək 200 nəfərdən çox insan minaların qurbanı olub. Onların arasında KİV nümayəndələri də var.

Minalar dədə-baba torpaqlarımıza qayıdışı ləngidir

Qələbədən dərhal sonra Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur bölgəsində ərazilərin bərpasına və yenidən qurulmasına başlayıb. Doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün həmin ərazilərdə mühüm layihələrin gerçəkləşdirilməsi istiqamətində əsaslı işlər görülür. Artıq Vətən müharibəsindən sonra Böyük Qayıdışın ilk uğurlu başlanğıcı da olub. Beləliklə, 30 ilə yaxın həsrətdən sonra Zəngilanın Ağalı kəndinin sakinləri “ağıllı kənd” konsepsiyası ilə yenidən müasir formada qurulmuş kəndlərinə geri qayıdıblar. Lakin işğalçı Ermənistanın Qarabağ və Şərqi Zəngəzur ərazisində saysız mina basdırması keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdış prosesini  ləngidir. Çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir.

Prezident İlham Əliyev hər zaman Qarabağ və Şərqi Zəngəzurda mövcud olan mina probleminin həlli məsələsini bütün beynəlxalq platformalarda qaldırır. Çıxışlarında bu məsələyə toxunaraq bildirir ki, hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır.

Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonrakı dönəmdən etibarən aparılmış əməliyyatlar nəticəsində bu ayın əvvəlinədək ümumilikdə 36 min hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 61 mindən çox mina və partlamamış hərbi sursat, improvizə olunmuş qurğular, tələ minalar və sair sursatlar aşkarlanaraq zərərsizləşdirilib.

Xatırladaq ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra ötən ilin sonunda Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir. Ötən il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edilmişdi. İyul ayının əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alınmışdı. Lakin həmin xəritələrin də dəqiqliyi cəmi yüzdə 25 faiz təşkil edir.

Göründüyü kimi, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri hərbi cinayətlər bu gün də davam edir. Ermənistan bütün razılaşdırılmış və beynəlxalq humanitar qanundan irəli gələn öhdəlikləri pozaraq minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycana təqdim etməkdən boyun qaçırır. İşğalçı ölkə bu çirkin və məkrli davranışı ilə həm bölgədə sülhə mane olur, həm də Azərbaycan vətəndaşlarının həyatını təhlükə altında saxlayır. Dəhşətlisi odur ki, erməni faşistləri bu qanlı, terror əməllərini dünyanın gözü qarşısında həyata keçirir. Beynəlxalq təşkilatlar isə öz susqunluğunu pozmur, işğalçı Ermənistanı bu çirkin əməllərindən daşındırmaq üçün əməli iş görmür. Sözsüz ki, bu da Azərbaycanın sözügedən problemlə bağlı ədalətsiz mövqe və ikili standartlarla qarşılaşdığının sübutudur.

“İki sahil”