“İndiyə kimi nə Türkiyədə, nə də SSRİ-də mənim üzümə tüpürən olmamışdı”

427

SSRİ-də mühacirət həyatı yaşamağa məcbur edilmiş Nazim Hikmətin Türkiyədən sonra ikinci sevdiyi ölkə Azərbaycan olduğu hamıya məlumdur. Sözün həqiqi mənasında, Azərbaycan da Nazimi öz doğması kimi bağrına basıb, onu sevib, qiymətləndirib. Belə ki, əsərləri əsasında rejissorlarımız “Bir məhəlləli iki nəfər”, “Yaşamaq gözəldir, qardaşım” filmlərini çəkiblər. Kitabları çap edilməklə yanaşı, dramları müxtəlif teatrlarda sənətseverlərə təqdim olunub. Dünya şöhrətli bəstəkarımız Arif Məlikov isə Nazim Hikmətin sağlığında onun əsəri əsasında “Məhəbbət əfsanəsi” baletini (Dünyanın bir çox opera və balet teatrlarında “Məhəbbət əfsanəsi” tamaşaçıların alqışlarını qazanıb) yazıb, şeirlərinə neçə-neçə romans bəstələyib. Nazim Hikmət Azərbaycanın görkəmli şair-yazıçılarından Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Abdulla Şaiq, Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman Rəhimov və başqaları ilə dostluq edib. Tanınmış heykəltəraşımız Münəvvər xanım Rzayeva (Bakıdakı Sevil Qazıyevanın, Mikayıl Müşfiqin, Həsənbəy Zərdabinin və sairə heykəllərin müəllifi odur) 1954-cü ildə Moskvada təhslil alanda Nazim Hikmət onu qızlığa da götürüb. Bu barədə çox yazılıb, çox danışılıb. Amma mən onlarla bağlı bir həyat hekayətindən söz açmaq istəyirəm. Həmin hekayəti də Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev danışıb. Onun sözlərinə görə, bu iki tanınmış şəxsin tanışlığı sonradan böyük dostluğa, ata-övlad münasibətinə çevrilib: “Bu cür münasibətdən sonra gənc heykəltəraş Münəvvər xanım bir gün şairin obrazını yaratmağa qərar verir və işə başlayır. Bir dəfə seanslar arasında böyük fasilə yaranır və bir neçə gün əvvəl qadın əlləri altında hər formaya düşməyə hazır olan gil duyulası dərəcədə qoruyur. Odur ki heykəltəraş növbəti dəfə işə başlamazdan əvvəl onu yaxşıca islatmağa qərar verir. Bu məqsədlə o, stəkana doldurduğu suyu ağzına alır və gücü gəldikcə onu portretin üzərinə üfürür. Qarşı tərəfdə oturan və heykəltəraşın hərəkətlərinə göz qoyan şair qəfildən ayağa durur və ona öz etirazını bildirir: “Münəvvər bala! Hələ indiyə kimi nə Türkiyədə, nə də SSRİ-də mənim üzümə tüpürən olmamışdı. Amma sən bunu yapdın. Böylə olurmu?” Vəziyyətin belə şəkil almasından çox narahat olan gənc heykəltəraş dərhal: “Nazim bəy, mən yalnız gili isladıram. Vəziyyət bunu tələb edir. Niyyətimdə heç vaxt siz deyənlər yoxdur və ola da bilməz. Əgər pis iş tutmuşamsa, mən əfv edin, – deyib onu bərk-bərk qucaqlayır.

Qvami