İndiki şagirdlər də düşünür ki…

457

Lənkəranın ucqar kənd məktəbində işləyən müəllimin şagirdlərə rep formasında dərs keçməsi, onlarla birlikdə “on-off” video çarxını hazırlaması sosial şəbəkələrdə maraqla qarşılanmışdı. Həmin müəllim gənc, enerjili, gülərüz və yenilik etməyi sevən bir müəllim kimi tanındı. Belə müəllimlərdən biri də Göygöl rayon Çaylı kənd sakini Ziyazadə Musadır. Musa müəllim Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakultəsinin Tarix və Coğrafiya müəllimliyi ixtisasini bitirib. 2016-cı ildə müəllimlərin işə qəbul imtahanında iştirak edib və Bərdə rayon Yenidaşkənd kənd orta məktəbinə Coğrafiya müəllimi kimi qəbul olunub. Onunla görüşüb ucqar dağ kəndində müəllimlik haqda danışdıq.

– Necə oldu kənddə işləmək qərarına gəldiniz?

– İlk dəfə işləyəcəyim məktəbə gedəndə yol boyu fikirləşdim. Görəsən necə kənddir? Şəraiti varmı? İnsanları necədi? Tədris ilinin sonuna kimi davam edib işləyə biləcəyəmmi? Şagirdlər gənc müəllimi necə qarşılayacaqlar və s. bu kimi suallara cavab axtarırdım. Bunları fikirləşə-fikirləşə gedib kəndə çatdım. Məktəb direktoru Gülbəniz müəllimə və məktəb kollektivi məni çox yaxşı qarşladılar. Sanki neçə illərdi burada müəllim işləmişəm. Ev tapmağıma da komək etdilər. 50 manat kirayə pulu ödəyirəm. Gözəl kənd evidi. Həyətində gözəl meyvə ağacları var. Ev sahibi israrla bu meyvələrdən istifadə etməyimi istəyir.

– Şagirdlərinizin səviyyəsi necədir?

– Məktəbdə uzun muddət ixtisaslı coğrafiya müəllimi olmayıb. Bu da şagirdlərdə özünü göstərirdi. Bunu tədris prosesi zamanı daha yaxşı hiss etdim. Coğrafiya fənni əsasən demək olar ki, xəritə əsasında öyrədilir. Amma bəzi şagirdlərin xəritədən demək olar heç anlayışı yox idi. Dünya xəritəsində Azərbaycanın yerini göstərə bilmirdilər. Üfüqün cəhətlərini və günəşin şərqdən çıxdığını haqqında məlumatsız idilər. Sagirdləri həvəsləndirmək üçün yarışlar təşkil etdim. Sertifikatlar verdim. Bu sagirdlərin dərs oxumasına, coğrafiya fənnini öyrənməklərinə cox böyük təkan verdi. Artıq xəritədə sərbəst işləyə bilirlər. İlk dəfə sinifə daxil olanda özümü çox ciddi göstərməyə çalışmışdım. Amma uşaqların səsini eşidirdim bir-birinə deyirdilər yaman ciddi müəllimdi. Səsi eşidən kimi özümdən asılı olmayaraq üzüm gülməyə başladı. Gördüm bu dəfə şagirdlər bir-birinə belə deyir: “Yox gülümsəyir deyesən mehriban müəllim olacaq”.

Elə ki, yaz mövsümü gəldi, məhsul yığımına başlanıldı davamiyyət zəifləyir. Yaxşı oxuyan şagirdlər var ki, onların davamiyyəti zəifləyəndə narahat oluram. Səbəbini soruşanda məlum olur ki, valideyini onu soğan yığmağa aparıb. Bu da şagirdlərin dərsdən yayınmasına və geriləməsinə səbəb olur.

– Şagirdlərlə münasibətiniz necədir?

– Çox yaxşıdı, çalışırıq daha da yaxşı olsun. İlk dəfə şagirdlərlə futbol oynayanda bu hadisə həm şagirdlər, həm də müəllimlər tərəfindən çox qəribə qarşılandı. Şagirdlər çox sevinirdilər, oyunda topu həmişə mənə atırdılar ki, qolu mən vurum. Müəllimlər isə fərqli reaksiya verdilər: “Bir bura baxın Musa müəllim uşaqlarla futbol oynayır”. Bizdən böyüklər həmişə bizə deyirdilər ki, onların vaxtında müəllimlərə başqa cür münasibət var imiş. Yəni, şagird elə bilirmiş ki, müəllim yemək yemir, yatmır. İndiki şagirdlər də düşünür ki, müəllim bizimlə futbol oynamaz, müəllim bizimlə filmə baxmaz.

– Yerli müəllimlər sizin şagirdlərə münasibətinizə necə reaksiya verirlər?

– Yaşlı müəllimlərdə bəzi komplekslər var. Məsələn şagirdlərlə futbol oynamaq kimi. Kənd məktəblərində şagird ancaq bədən tərbiyəsi müəllimi ilə futbol oynaya bilir, o da həmin müəllim cavan olarsa. Mən müəllimlərin şagirlərlə futbol oymamalarını normal qarşılayıram. Yəqin ki, burda yaş faktoru böyük rol oynayır. Halbuki hamı bilir ki, bir çox insanların futbola marağı daha çoxdur. Amma mən belə düşünürəm ki, sagirdlərə məktəbi sevdirmək üçün bəzi kompleksləri kənara qoymaq lazımdı. Şagirdlərlə dost olmaq lazımdı. Əgər şagird müəllimi sevərsə onda məktəbi də sevəcək, həmin müəllimin tədris etdiyi fənni də sevəcək. Bu da təhsilin keyfiyyətinə, davamiyyətə öz təsirini göstərəcək. Müəllim kollektivinin istədiyi də elə budur. QHT-lərin kənd məktəblərində lahiylərinin icrasını görməmişəm. Ancaq şəhər mərkəzlərində olan məktəbərdə qazandıqları qrant lahiyələri həyata keçirilər. Bununla da öz işlərini icra etdiklərini düşünürlər. Şəxsən mən işlədiyim məktəbdə təhsillə bağlı hər hansı bir mövzuda maarifləndirici layihə keçirilməyib. Xahiş edərdim QHT-lər qarşısında öhtəliklər qoyulsun ki, ucqar kənd məktəblərində daha çox layihələrini icra etsinlər.

– Gənc müəllimlərə nə demək istərdiniz?

– Sonda öz həmkarlarıma bildirmək istəyirəm ki, ucqar kənd məktəblərində oxuyan şagirdlərin sizə ehtiyacı var. Düzdü burada şəhər mərkəzində olduğu kimi yaxşı şərait yoxdu. Amma burada şəhərdə olmayan gözəl xasiyyətli, müəllimə dəyər verən insanlar var. Saf, təmiz qəlbli öz müəllimini həqiqətən sevən şagirdlər var. Bu ucqar kənddə müəllimə həqiqətəndə dəyər verildiyini anlayırsan. Bunları yaşamaq üçün sadəcə olaraq ucqar kənd məktəbində işləmək lazımdı.

Söhbətləşdi: Vüqar Nəbiyev