“İndiki gəncliklə o vaxtkı gənclər arasında çox böyük fərqlər var”

488

Futbolçu karyerasını bitirdikdən dəhal sonra məşqçiliyə başlayan futbolçularımızdan

biri də “Qarabağ”ın və milli komandamızın sabiq sağ cinah müdafiəçisi Zaur Həşimovdur.

Məşqçiliyə yeni başlayan sabiq futbolçu “Qarabağ”ın 19 yaşa qədər olan komandasını

çalışdırır. Həşimovla həm uşaq futbolu, həm də qarşıdakı məşqçilik hədəfləri haqda

danışdıq. Fikrimizcə, Zaur Həşimov “Çempion”a müsahibəsində maraqlı fikirlər səsləndirdi.

— Yeni komandanızda işləriniz necə gedir?

— Çalışdığım komandada dünən (söhbət dünən olub-red.) baş məşqçi kimi ilk rəsmi oyunuma çıxdım. 1:2 hesabı ilə “İnter”ə məğlub olduq, amma komandadan razı qaldım. İnanıram ki, növbəti matçlarda daha yaxşı oynayacağıq. İşimdən razıyam, istədiyim yerdəyəm.

— Məşqçiliyə yeni başlamısız. Futbolçu olmaqdan fərqi nədir?

— Məşqçilik və futbolçuluq tamam başqa şeylərdir. Mən də futbol oynayanda deyirdim ki, nə var məşqçi olmağa. Lakin indi onun məsuliyyətini dərk edirəm. Məşqçiliyin ilk mərhələsi olan “C” kateqoriyasında iştirak etdim, artıq 3-cü gündə hiss etdim ki, məşqçi kimi futbola yanaşmaq fərqlidir. Məşqçinin məsuliyyəti daha ağırdır.

— Sizin hazırlaşdırdığınız komandada potensiallı uşaqlar varmı?

— Azərbaycanda hazırda 19 yaşa qədər olan futbolçular 1996-97-ci il təvvəllüddlülər sayılır. Uşaq futbol komandalarında, yəni klublarda U-19-lar zəifdir. Bunun səbəbi odur ki, bu yaşda olanlar arasındakı güclülər əsas komandaların əvəzedici heyətlərində olurlar. Ona görə də, əlimizdə olan oyunçular ya zədədən sonra qayıdanlardır, ya da özünü doğrultmayanlardır. Belə futbolçularla da işləmək çətin olur. Mənim komandamda 20-yə yaxın uşaq var. İnamla deyə bilmərəm ki, bunlar yüksək liqaya layiq uşaqlardır.

— “Qarabağ”da Rauf Əliyev, Əfran İsmayılov, Maksim Medvedev və Qara Qarayevdən sonra gözə dəyən futbolçu çıxmır. Bunun səbəbi nədir?

— Əvvəlcə Rauf, Əfran və Maksimdən danışım. Bu futbolçular “Qarabağ”ın istədiyi kimi yetişdirdiyi gənclərdir. Yadınızdadırsa, klubumuz cavanlaşma siyasəti aparmışdı. Həmin vaxtlar da bu 3 futbolçu gəldi. Daha sonra isə Qara istənilən səviyyədə oyun nümayiş etdirərək özünü göstərdi. Yetişən bu futbolçular Azərbaycan futboluna xidmət edirlər. Təkcə bizdə yox, bütün klublarımızda uşaq futboluna ciddi yanaşmaq lazımdır.

— Ümumilikdə Azərbaycanda uşaq futbolunun hazırkı durumu necədir?

— Uşaq futbolu şəxsən mənim ən yaralı yerimdir. Futbolçu olduğum vaxtlarda uşaq futbolundan xəbərim yox idi. Keçən ilin noyabr ayından işə başladım. Zaman keçdikcə böyük axsaqlıqları da gördüm. Bu, çox danışılacaq bir mövzudur. Məsələn, sırf nəticəni düşünən məşqçilər, az məvacib alacaq deyə uşağını futboldan çıxaran valideynlər və s. kimi amillər var idi. Ən vacibi odur ki, uşaq müəyyən yaşa qədər həmişə uğur əldə edir, lakin ya zədə alır, ya da hansısa məşqçi tərəfindən bəyənilmir, itib-batır. Bəlkə də, gələcəkdə yaxşı oyunçu ola bilərdi, lakin 18 yaşdan sonra itirilən çox uşaq olub. Onu deyim ki, bizdə istedadlı uşaqlar az deyil.

— İndiki uşaqlar daha çox internetə maraq göstərirlər. Uşaqların futbola yanaşma tərzi sizi qane edirmi?

— Mən gənclərlə çalışıram və görürəm ki, indiki gəncliklə o vaxtkı gənclər arasında çox böyük fərqlər var. Bəli, indiki uşaqlar internetə daha çox maraq göstərirlər. Biz uşaq vaxtı futbola və dərslərimizə ciddi fikir verirdik. Bizim həyatımızın bir hissəsi futbol idi, indiki gəncələrin həyatlarının az bir hissəsi futboldur. Bununla da kifayətlənirlər. Məsələn, məşqlərdə nəyisə izah etmək istəyirsən, hiss olunur ki, bəzi şeyləri çətin anlayırlar. Bunun çox səbələri var, lakin mənim üçün ən önəmlisi az kitab oxunmasıdır. Kitab oxumaq futbolçuya lazım deyil fikri tamamilə səhvdir. Əksinə, futbolçu savadlı, dərslərində həmişə uğurlu olmalıdır. Bundan əlavə, çox təəssüf ki, bəzi valideynlər uşaqları futbol oynadığı üçün dərslərinə ciddi nəzarət etmirlər. İndiki dövrdə istənilən sahədə təkcə istedadın olması bəs etmir, həm də orta məktəb və universitetdə dərslərə fikir vermək lazımdır. Futbolçu savadlı olmalıdır, bir dəqiqəsini belə, itirmədən çalışmalıdır. Mən istərdim uşaqlarını futbola yazdıran və ya uşağı futbol oynayan valideynlərə və uşaqlara maarifləndirici verilişlər hazırlansın, mətbuatda buna çox yer verilsin. Məsələn, Hollandiyada uşaq futbolunda orta məktəb dərslərinə çox ciddi fikir verilir, ona görə də futbolçu yetişdirmə zavodu kimi işləyirlər. Mən və bir çox futbol insanları da Azərbaycan üçün bunu istəyirik.

— Qurban Qurbanov U-19-un məşqlərini izləyirmi?

— Son zamanlar Qurban müəllimin, ümumiyyətlə, vaxtı olmadığını bilirəm. Amma bizim qayğımıza qalırlar. Şəraitimiz çox yaxşıdır. Rəhbərlik bizimlə çox yaxşı maraqlanır. Nə problemimiz olsa, öyrənmək istədikdə Qurban müəllim bizə vaxt ayırır.

— Şəxsən sizdən nə tələb olunur? Komandanın nəticə verməsi, yoxsa əsas heyətin oyun üslubunda oynamaq?

— “Qarabağ”, bəlkə də, yeganə klubdur ki, uşaq futbolunda nəticə tələb olunmur. Çünki, həqiqətən də, nəticə əsas deyil. Bu yaşlarda futbolçu inkişaf dövrünü keçirir və püxtələşir. Hər yaş qrupunun öz məqsədi var, bizim məqsədimiz futbolçu yetişdirməkdir. 17 yaşa qədər olanlar bizim üçün, biz də əvəzedici heyət üçün futbolçu yetişdiririk. Nəticədə əsas heyət üçün oyunçu yetişdirmək bizim işimizdir.

— Keçək əsas komandaya. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ilk oyunu sizə sürpriz olmadı?

— Sözün düzü, oyundan əvvəl 0:0 hesabını əla nəticə sayırdım. Lakin matçda hamı kimi, mən də təəssüfləndim ki, Qurban müəllim demişkən, bircə qol çatmırdı. Ümumilikdə komandamız çox yaxşı oyun göstərdi, qələbəyə layiq idi.

— “Qarabağ” qrupda hansı nəticəni göstərəcək?

— Millimizin baş məşqçisi Berti Foqts mətbuata açıqlamasında bildirib ki, mən də Qurban müəllim kimi 7 legioner oynatsaydım, yaxşı nəticə verə bilərdim. Mən də fürsətdən istifadə edərək Foqtsa demək istəyirəm ki, Qurban müəllim bu nəticəni artıq neçə ildir verir. “Pley-off” mərhələsinə yerli oyunçularla da gəlib, legionerlərlə də. Buradan belə çıxır ki, bu uğurda Qurban Qurbanov amili çox böyükdür. Mənim arzum odur ki, qrupda yaxşı oyun göstərsin. Amma qrupda güclü klublar var, öz meydançamızda bərabərlik bizi aldatmamalıdır.

— Qara Qarayev haqda mətbuatda “xarici ölkədə oynasa yaxşı olar” deyilir. Bu fikirlə razısınızmı?

— Hər futbolçunun karyerasının pik nöqtəsi olur və o, bundan yaxşı istifadə etməlidir. Hazırda mənim fikrimcə, Qara klubda əvəzedilməz oyunçudur. Səviyyəli klublardan təklif gəlsə, məncə, getməsi yaxşı olar. Amma “Qarabağ”ın özünün də futbol siyasəti var. Nəticədə Azərbaycan futbolunun adıdır, əgər getsə, biz də onunla fəxr edərik.

— İtaliya “İnter”i ilə oyundan hansı nəticəni gözləmək olar?

— Mən heç vaxt proqnoz verməmişəm, çünki futbolda hər şey ola bilər. Bu mənim işim deyil, kontorların işidir. “İnter” dünya nəhəngidir. Bir xal ala bilsək, məncə, böyük qələbə olar. “İnter” bu mövsüm yaxşı formadadır və uğurlu nəticələr əldə edir.

— Son olaraq, yəqin ki, gec-tez böyük futbolda məşqçilik etmək istəyirsiniz. Nə vaxt buna hazır olacaqsınız?

— Hələ yeni başlamışam, həddindən artıq təcrübəsizəm. Əsas odur ki, sevdiyim işdir və böyük həvəslə çalışıram. Təbii ki, səhvlər olacaq, amma bizim istəyimiz Azərbaycan futboluna xidmət etməkdir. Mənim hələ ilk kateqoriyam var, qarşımda uzun yol durur. Bu haqda hələ düşünmürəm.

RASİM MƏMMƏDLİ