İndi sifarişli taksi xidməti göstərən şirkətlər ancaq qiymət fərqində rəqabət aparırlar

İşin təcili olur, el dili ilə desək, “tezbazar” hazırlaşıb çıxırsan ki, ünvana çata biləsən. Bunun üçün ya sifarişli fəaliyyət göstərən taksi xidmətinə zəng vurursan, ya da yol kənarlarında fərdi qaydada xidmət göstərən taksilərdən istifadə etməyi düşünürsən.
“TaxiTap”, “Taxi24”, “Taxi189”, “DostTaksi”, “Bakı London taksisi”, “Citytaxi” kimi tanınmış taksi şirkətləri var. Bu şirkətlərin xidmətindən istifadə edən vətəndaşlar onların ünvanı tapa bilməmələrindən və qiymətin baha olmasından şikayətlənirlər.
Mövzu ilə bağlı “Yeniavaz.com”a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bu gün Bakı şəhərində taksi ximəti göstərən hüquqi və fiziki şəxslərin müxtəlif qiymətlər müəyyənləşdirdiyini dedi. Onun sözlərinə görə, fərdi taksilərə baxanda sifarişli taksi xidmətlərində qiymətlər münasibdir: “Fərqli olsa da, ancaq münasibdir. Fərdi taksi ilə 5 manata getdiyin yolu, sifarişli taksi xidməti nisbətən ucuz aparır. Fərdi olaraq tariflər müəyyən edilir, bu fərqliliyi aradan qaldırmaq üçün Bakı Nəqliyyat Agentliyi təkliflər hazırlayır. Təklif edirik ki, vahid qiymətlər olsun.
Vahid qiymət elə hazırlanmalıdır ki, həm sürücülər, həm də sərnişinlər üçün sərfəli olsun. Yəni hər iki tərəfi qane edəcək məbləğ müəyyənləşdiriləcək. Vahid tarifin tətbiqi taksi xidmətində keyfiyyətin artmasına səbəb olacaq. İndi sifarişli taksi xidməti göstərən şirkətlər ancaq qiymət fərqində rəqabət aparırlar. Keyfiyyətə isə o qədər önəm vermirlər. Biri-birindən ucuz qiymətlərlə aparmaqla taksi xidmətində rəqabət meydana çıxırdı. Vahid qiymət olanda məcbur olacaqlar ki, göstərdikləri xidmətin keyfiyyətlərini artırsınlar və onunla sərnişin cəlb eləsinlər. Bir məsələni də qeyd edim ki, vahid qiymətlər tətbiq edilməzdən əvvəl bütün taksilərdə taksometrlər quraşdırılmalıdır”.
M. Ağayev bir maraqlı məqama da toxundu: “Bakı Nəqliyyat Agentliyi taksi avtomobilləri necə olmalıdır, daxili tərtibat, xarici tərtibat, həmçinin sürücünün geyimi necə olmalıdır – bütün bunlarla bağlı tələblər hazırlayıb və təsdiqlənib, bu tələblər yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq. Qüvvəyə mindikdən sonra taksi sürücüləri məcburi şəkildə bu tələblərə əməl edəcəklər. Sərnişinlərin üzləşdiyi problemlər aradan qalxacaq”.
Mövzunun əvvəlində qeyd etdiyimiz kimi, həm taksi xidməti göstərən şirkətlərdə, həm də fərdi taksilərdə qiymətlər xidmətin səviyyəsindən asılı olaraq dəyişir. Fərdi taksilərdə qiymət 1 kilometr məsafə üçün 50 qəpiklə 1 manat arasında dəyişir. Məsafə artdıqca, məbləğ 20-30 qəpiyə də düşür. Sifarişli taksidə xidmət qiymətini artıran başqa amillər də var: pik saatlar, gözləmə müddəti və ya əlavə xidmətlər.
Qiymətləri dəqiqləşdirmək məqsədi ilə taksi xidməti göstərən şirkətlərin bir neçəsi ilə əlaqə saxladıq.
“Taxi24” şirkətindən bildirdilər ki, gedişhaqqının hesablanma alqoritmi kommersiya sirri olduğu üçün açıqlanmır: “Müştərilər getmək istədikləri məntəqələr arasında məsafəyə görə gedişhaqqını öyrənmək üçün xidmət mərkəzimizə zəng edə və məlumat əldə edə bilərlər. Əlavə olaraq onu da qeyd etmək istərdik ki, minimal gedişhaqqı 3 km üçün 1,99 AZN təşkil edir.”
Digər əlaqə saxladığımız “189TAXİ” oldu. Şirkətdən bildirdilər ki, minimal gedişhaqqı 1,89 AZN-dir. 5 km üçün 3,5 AZN, 10 km üçün isə 6 AZN civarında dəyişir.
“City Taxi”dən isə sualımıza cavab belə oldu: “Bizdə tariflər müxtəlifdir. Məsafə artdıqca tariflər dəyişir, daha sərfəli olur”.
Sonda onu da qeyd edək ki, hazırda Bakıda 16 mindən artıq fərdi taksi xidmət göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, taksi xidmətindən istifadə edən sərnişinlərin sayı son 5 ildə 42 mindən 63 minə çatıb. Ümumiyyətlə, bu xidmət son 15 ildə yalnız artım tendensiyası göstərib və hesab olunur ki, manatın devalvasiyasına baxmayaraq, 2016-cı ildə də artım davam edib. Taksi xidmətindən gəlir də artan xətt üzrə gedib: 2010-cu ildə taksi xidmətindən 84 min manat qazanılıbsa, 2015-ci ildə bu rəqəm 140 min manata yaxın olub.
Ruzbeh Məmməd