“İndi Rusiyanın hansısa küncündə olacaqdım”

Untitled-5Əziz Mustafa həm yaxşı tarixçi, həm də yaxşı filoloqdur. Əziz Mustafanın bu üstünlükləri, demək olar ki, onun ərsəyə gətirdiyi hər yazısında özünü büruzə verir. Dediyinə görə, jurnalist bu sahələri nə qədər çox bilsə, yazdığı bir o qədər sanballı olar. Beləliklə, həmsöhbətimiz “Zaman-Azərbaycan” qəzetinin əməkdaşı Əziz Salam oğlu Mustafadır.

– Əziz bəy, ixtisasca başqa bir sahənin adamısınız. Bəs o aləmdən sizi mətbuat aləminə çəkib gətirən nə olub? Və nə vaxtdan bu sahədə fəaliyyət göstərirsiniz?

– Əslində mən özümü heç vaxt jurnalistikaya yad adam hesab etməmişəm. İş orasındadır ki, uşaqlıqdan bədii ədəbiyyat dəlisi olmuşam. Hələ ikinci sinifdə ikən “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanlarını başdan-ayağa oxumuşdum və buna görə məni yuxarı sinif şagirdlərinə nümunə göstərirdilər. Üçüncü sinifdə isə məktəb kitabxanasında əlim dəyməyən, yəni mütaliə etmədiyim kitab qalmamışdı. Kitabxanada oxumağa kitab tapmırdım. Odur ki, “Azərbaycan” və “Ulduz” jurnallarına meyil saldım, şeir, kiçik hekayələr yazmağa başladım (O vaxt yazdığım şeirlərdən ibarət dəftərçəni indi də saxlayıram). Az sonra “Şəki fəhləsi” qəzetində kiçik məqalələrim dərc olundu. Sözün düzü, arzum jurnalist olmaq idi, ancaq həmin fakültəyə qəbul planının az olduğunu görüb, bu fikrimdən vaz keçdim və tarixçi olmaq qərarına gəldim. Belə bir qərara gəlməyimdə tarixçi dayımın da müəyyən rolu oldu (Nə gizlədim, könlümdən filoloqluq da keçirdi). Ancaq qəbul imtahanlarında üzləşdiyim haqsızlıq bu arzumu ürəyimdə qoydu. Əsgərlik həyatından sonra da eyni haqsızlığa məruz qaldım. Bu haqsızlığa etiraz əlaməti olaraq, komsomol yollayışı ilə Sibirə – Baykal-Amur magistralına işləməyə getmək istədim. Amma həmin ərəfədə İncəsənət və Mədəniyyət İnstitutunda oxuyan İttifaq Mirzəbəyli (o, hazırda “Xalq” qəzetində çalışır) sənədlərimi onun təhsil aldığı məktəbə verərək, özümü sınamağımı təklif etdi. Və mən sənədlərimi indiki Mədəniyyət və İncəsənət Universitetinə verdim, mədəni-maarif fakültəsinə daxil oldum.

Bu ali məktəbdə oxuduğum illərdə tarix müəllimlərim tarixçi, ədəbiyyat müəllimlərim isə ədəbiyyatçı olmamağımdan təəssüflənirdilər… O dövrlərdə ən ağır işlərdə işlədim, amma yazı yazmaqdan çəkinmədim. Bu maraq məni respublika mətbuatına gətirib çıxardı. Belə ki, 1993-cü ilin iyununda “Zaman Azərbaycan” qəzetində analitik yazım dərc olundu. “Milli birlik”, sonra isə “Yeni Azərbaycan” qəzetlərində çalışdım. O qəzetlərdə işlədiyim dövrdə də “Zaman-Azərbaycan”da yazılarım dərc olunmaqda idi. 1994-cü ilin yayından isə “Zaman-Azərbaycan” qəzetinin əməkdaşı oldum. Filoloq və tarixçi olmaq arzularım ürəyimdə qalsa da, bu qəzetdə yazdığım tarixi, analitik, ədəbi yazılarla hər iki arzumu reallaşdırmış oldum. Bu da görünür, bir alın yazısı imiş…

 

“Başim daşdan-daşa dəyəndən sonra…”

– Xatirələrdən söz düşmüşkən, yəqin ki, ata ocağı ilə bağlı xatirələriniz çoxdur. Bəlkə, onlardan da bir qədər söz açasınız?

– İnsanın həyatının ən gözəl günləri onun ata ocağında keçirdiyi günlərdir desəm, səhv etmərəm. Bu baxımdan hər birimizin atalı-analı dünyası şirin nağıllar aləminə bənzəyir, insan həyatı boyu bir anlığa da olsa o günlərə qayıtmaq istəyir. Bəri başdan deyim ki, dədəm savadsız, həyatı boyu əlinin zəhməti ilə dolanan, haram tikədən qaçan, namaz qılan bir şəxs idi. Onun başı çox bəlalar çəkmişdi. O, haram tikə yeyəcəyindən ehtiyat edərək, ömrünün sonuna kimi kolxozda işləmədi. Mən gözümü açandan, ağlım kəsəndən onu ən ağır işlərdə gördüm. Amma bir dəfə də olsun naşükürlük etdiyinin şahidi olmadım. Həmişə deyərdi ki, qismətdən artıq yemək olmaz. O vaxt bunun üstündə onunla tez-tez mübahisə edər, qismət məfhumunun keçmişdə qaldığını, insanın taleyinin öz əlində olduğunu, guya onun düz demədiyini sübuta yetirməyə çalışardım (Hər halda, məni sovet sistemi tərbiyə eləmişdi). O deyərdi ki, bala, işlə, amma elə olar ki, az qazanarsan, çox yeyərsən, çox qazanarsan, qismət olmaz, az yeyərsən, ya da heç yeməzsən. O vaxt heç cür başa düşmürdüm: axı az qazanıb çox yemək, çox qazanıb az yemək necə ola bilər? Amma illər ötəndən, başım daşdan-daşa dəyəndən sonra başa düşdüm ki, az qazanıb çox yemək, çox qazanıb da az yemək, insan qisməti nə deməkdir.

– Deyəsən, siz bir qədər emosional uşaq olmusunuz?

– Uşaqlıqdan haqsızlığa dözmürdüm. Mənə   haqsızlıq edənə qarşı həmişə sərt mövqe tutar, eyni tərzdə qarşımdakına cavab verməyə cəhd edərdim. Rəhmətlik dədəm isə məni belə vəziyyətlərdə görəndə deyərdi: “Bala, sənə pislik, haqsızlıq edənə eyni tərzdə cavab verməyə çalışma, onun cəzasını Allah verəcək”. Özü də özünə qarşı pislik edənləri, haqqını tapdalayanları görəndə: “Allah böyükdür”, – deyərdi. O vaxtlar bunu dədəmin acizliyi kimi qəbul edər və əsəbiləşərdim. Amma sonralar gördüm ki, doğrudan da, dədəmə pislik edənlərin, haqqını tapdalayanların heç biri xeyir tapmadı.

– Görünür, atanıza meyilli olmusunuz?

– Elədir, çoxları ilə müqayisədə uşaqlıqda anamdan çox, dədəmi istəmişəm. İndinin özündə belə, bir yerim ağrıyanda “oy ana” əvəzinə, “oy dədə” deyirəm. Uşaqlıqda odun gətirməyə dağa gedərdim, dağdan gec qayıdanda bir də görürdüm dədəm adımı çağıra-çağıra gəlir, cibində də təndir əppəyi gətirərdi ki, ac olacaq uşaq… Rəhmətlik dədəm  üstümüzdə həmişə əsirdi. Onu da deyim ki, dədəm savadsız olsa da, uzaqgörən adam idi, nə desə sonralar düz çıxırdı. Səhv eləmirəmsə, 1986-cı ildə onun vəziyyəti ağırlaşmışdı. O vaxt kənddə ölü üstünə çağırmağa molla tapmaq olmurdu. Onda qardaşım və mən atama dedik ki, sən rəhmətə gedəndə çətinliklə də olsa molla tapacağıq, amma biz öləndə mollasız dəfn edəcəklər. Qayıtdı ki, dəli olmayın, onda mollaların sayı daha çox olacaq. Dedik ki, ay dədə, indi öləni dəfn eləmək üçün molla tapılmır, gələcəkdə haradan olacaq? Dedi, bala, yenidən hamınız dinə qayıdacaqsınız, sizin ikinizdən biriniz də namaz qılacaq, Qurani-Kərim oxuyacaqsınız. Onda mən Kommunist Parti             yasının üzvü idim. Ona görə də qardaşım bu yolu tutacaq deyə onun üzünə baxdım. O da mənim üzümə baxdı, yəni sən savadlısan. Dədəm rəhmətə gedəndən 2 il sonra, 1989-cu ildə Qurani-Kərimin tərcüməsi ilə tanış oldum və dərhal da anladım ki, sovet rejimi bizi aldadıb. Ona görə də namaz qılmağı öyrənməyə başladım. Onda dədəmin uzaqgörənliyinin bir daha şahidi oldum, sən demə, ailəmizdə namaz qılmaq mənə nəsib olacaqmış…

 

“Hərdən mənə elə gəlır kı…”

– Siz artıq neçə ildir ki, Masazırda həyət evində yaşayırsınız. Bu sizin torpağa olan bağlılığınızdan irəli gəlir?

– Mən işsiz dayana bilmirəm. Kənddə böyüdüyüm üçün torpağa çox bağlıyam, əkib-becərməyi, toyuq-cücəni çox sevirəm. Ona görə də şəhərdəki evimizi sataraq, Masazırda torpaq sahəsi aldım, həyət evi tikdirdim. Səhər-səhər işə gəlincə həyəti bir neçə dəfə gəzir, rahatlanıram, onda bir anlığa keçmişə qayıdır, özümü kəndimizdəki evimizdə hiss edirəm. Elə bilirəm, bu dəqiqə anam məni evə çağıracaq ki, ay bala, gəl evə, həyətdə çox dayanma, soyuq olar, ya da başını gün vurar… Hərdən mənə elə gəlir ki, dünyaya gələndə bir əlimdə qələm, o birində də kürək olub. Çünki bu günə kimi işləməkdən və yazmaqdan yorulmamışam. Mən yalnız işləyəndə və yazanda mənən və ruhən rahatlıq tapıram…

– Həyatınızda önəmli rol oynayan insanlar olubmu?

– Orta məktəbi bitirib Bakıya gələndə son ümid yeri kimi bu şəhərdə yaşayan qohumumuz Tahir və Şəfiqə Məmmədovalara sığındım. Onlar mənə arxa, dayaq oldular. Əsgərlikdən sonra işə düzəlməyimdə onlarla bərabər, Pirməmməd Talıbov da məndən köməyini əsirgəmədi. Onlar olmasaydılar, bəlkə də, indi Rusiyanın hansısa küncündə olacaqdım. Heyif ki, mənə etdikləri yaxşılıqların cüzi də olsa əvəzini onlara qaytara bilməmişəm…

– Çox dərdli danışdınız…

– Nə gizlədim, uşaqlığım da, gəncliyim də çox ağır keçib. Amma heç vaxt pis yola düşmədim, övladlarımı əlimin zəhməti ilə böyütdüm, uşaqlarıma haram yedirtmədim. Mənə elə gəlir ki, ən böyük “səhvim” cəmiyyətdə haqq-ədalət axtarmağım olub. Ona görə də başım bəlalar çəkib, məni çətin adam hesab ediblər. Amma bu günə kimi kiməsə pislik elədiyim yadıma gəlmir. Mən olduqca kövrək adamam, hamını saat kimi düz görmək istəmişəm, ancaq çox vaxt bunun əksini görmüşəm… Bilirsiniz, kasıb ailədə böyümək ayıb, arxasız olmaq faciə deyil. Faciə odur ki, kasıb və arxasız olmağından istifadə edərək insanlıq simasını itirənlər, gündə yüz dona girənlər, üstünə ayaq alır, səni sındırmağa çalışırlar. Bütün bunlara rəğmən, Allah verən qismətdən və mənə bəxş edən həyatdan narazı olmağa haqqım yoxdur. Ayağım, əlim sağsa, gözlərim görürsə, qulağım eşidirsə, bunlar mənim həyatda ən böyük nemətim, varım-dövlətimdir.

– Amma, maşallah, yaşınızdan cavan görünürsünüz…

– Yenə deyirəm, çoxlarından fərqli olaraq, hərəkət etməyi, işləməyi sevənəm. Uşaqlıqdan heç vaxt nə fiziki, nə də zehni işdən qorxmadım və qorxmuram. Bəlkə də siz deyən kimi, yaşımdan cavan görünməyimin bir səbəbi bununla bağlıdır… Bir də həyatım boyu paxıl olmamışam, bu, mənim xoşbəxtliyimdir.

 

“Elə səhvlər buraxmişam kı…”

– Övladlarınızdan umacağınız var?

– Övladlarım ali təhsil alıblar, evlidirlər, nəvələrim var. Onlar düz yoldadırlar, haram yeməyiblər, övladlarına da haram yedirtmirlər, mənim üçün bir valideyn kimi bundan böyük xoşbəxtlik ola bilməz. Onlardan ən böyük istəyim tutduqları yolla axıra kimi getmələridir.

– Bu gün həyatımızda hansı amillər stress yaradır?

– Günümüzdə hara addım atırsan stresə düşürsən: avtobus gözləyirsən gecikir, stress, xəstələnib həkimə gedirsən, stress; evdə hansısa problem çıxır, stress; nəyisə almaq istəyirsən, pulun çatmır, stress; Bir sözlə, stress adamı hara getsə izləyir, ondan əl çəkmək istəmir. Bunların hamısına dözmək olar, amma fikrimcə, hər bir insan üçün haqqının tapdalanmasından böyük stress ola bilməz…

– Siz işinizə ciddi yanaşan bir əməkdaşsınız. Bəs işdən kənarda necə?

– İşdə də, evdə də işimə ciddi yanaşmağı sevənəm, başladığım işi başa çatdırmadan rahatlıq tapa bilmirəm…

– Hərdən elə kədərli görünürsünüz ki? Sizi hərdən belə sıxan nədir?

– Mən keçmişimlə yaşayan adamam. Odur ki, hərdən bir kənara çəkilərək bir anlığa ruhən keçmişə qayıdır, hər şeyi unudaraq, onu yenidən yaşamağa başlayıram. Keçmişim isə əzab və kədərlə doludur… Bir də, vaxtilə elə səhvlər buraxmışam ki, onların ağrısını bu gün də yaşayıram, sabah da yaşayacağam. Vaxtilə buraxdığım səhvləri bir daha heç vaxt düzəldə bilməyəcəyimi düşünəndə sıxılıram.

 

“Tarıxə baş vurmaq çətın deyıl kı?”

– Siz ən çox tarixi araşdırmalarınızla diqqət mərkəzindəsiniz. Hər dəfə tarixə baş vurmaq çətin deyil ki?

– Xeyr, tarixi araşdırmalar üzərində işləyəndə, hansısa məşhur simanın həyatını oxuculara çatdıranda elə bilirəm ki, bu, onların ruhən yenidən yaşamasıdır. Ona görə də bununla mənəvi rahatlıq tapıram.

– Siz həm də mərhum müğənni Şahnaz Əliyevaya həsr etdiyiniz “Şahdağın nəğməkar qızı” kitabının müəllifisiniz. Səhv etmirəmsə, siz o kitabı ərsəyə gətirəndə Şahnaz xanım ağır vəziyyətdə idi. O, özünə həsr olunmuş kitabı gördümü?

– Rəhmətlik kitabının yalnız siqnal nüsxəsini gördü. Bir neçə dəfə istəmişəm ki, Şahnaz xanımın anadan olduğu Qubada ona həsr etdiyim bu kitabın təqdimatını keçirim, amma ürək etməmişəm. Çünki hələ də heç cür onun həyatda olmadığını qəbul edə bilmirəm…

– Daha sonra oxucularınızın görüşünə yeni əsərlə – “Günah”la gəldiniz. İndi də bədii yaradıcılığınızı davam etdirirsiniz?

– “Sən kimsən, qoca?” romanımı tamamlamaq üzrəyəm. Allah nəsib etsə, bu il onu kitab halında çap etdirmək niyyətindəyəm.

– Bu gün jurnalistikaya sanki bir axın var. Sizin fikrinizcə, onların çatışmayan cəhətləri hansılardır? Onlara hansı məsləhətləriniz var?

– Jurnalistikaya gələn, bu ixtisas üzrə ali təhsil alan gənclərin çoxu ədəbiyyatımızı, tariximizi, hətta coğrafiyamızı belə bilmir, klassiklərimizi yaxşı tanımır, ya da heç tanımır, keçmişə üstdən aşağı baxır. Onların bəziləri isə “yıxıb sürüməklə” cəmiyyətdə özlərinin yaxşı jurnalist olduğunu göstərməyə çalışırlar. Bu isə onların faciəsidir. Jurnalistin də şair kimi ilham pərisi olmalıdır, yazdığı hər söz onun içində, daxilində bulaq kimi çağlamalıdır.

Qvamİ Məhəbbətoğlu