“İndi övladlarımın səadəti ilə dolu bir ocağım var”

635

Hər bir ailənin öz qayda-qanunu və özünəməxsus xüsusiyyətləri var. Ailə başçısı sağlam düşüncəli və iradəli olanda ailədə xoşbəxtlik də olur, sevgi də. Öz halal çörəyi, qabarlı əllərinin zəhməti ilə xoşbəxt bir ailəyə sahib olmuş Əşrəfovlar ailəsi ilə bu günlərdə daha yaxından tanış olduq. Beləliklə, həmsöhbətlərimiz əslən Kəlbəcər rayonundan olan, həyatını övladlarının işıqlı sabahları naminə şam kimi əridən Arif dayı və Solmaz xanımdır. Bəri başdan deyim ki, onların da qismətinə köçkünlük düşüb. Belə ki, onlar Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində öz doğma ocaqlarını tərk ediblər. Çətinliklərə rəğmən, Əşrəfovlar 5 övlad böyüdüb, onları boya-başa çatdırıblar, onlara ali təhsil veriblər, ev-eşik sahibi ediblər.
Arif bəy dedi ki, 23 ildir köçkün həyatı yaşıyırıq: “Bu illər ərzində min cür əzab-əziyyətə qatlaşmışıq. Hər dəfə də Allahın köməyi ilə çətinliklərə sinə gərmişik. Ən əsası çalışmışaq ki, övladlarımızı layiqli övlad kimi yetişdirək. Yeri gəlmişkən, onu da deyim ki, özüm kasıb fəhlə ailəsində doğulmuşam. Ailəmizdə 10 uşaq olub. Atam uşaqlarına qarşı çox diqqətli idi. İndiki kimi yadımdadır: atam hər dəfə bizə məsləhətlər verəndə deyərdi: “Oğul, sözlərimə yaxşı qulaq as, ata nəsihəti faydasız olmaz (Səhv etmirəmsə, bu misraların müəllif Nizami Gəncəvidir)”. Sonra da söhbətini belə davam etdirərdi: “Deyəcəyim nəsihətləri yaxşı yadınızda saxlayın, gələcəkdə ailə başçısı olduğunuz zaman karınıza gələr. Sonradan mən də oğlanlarıma atam kimi bu cür nəsihətlər verdim və faydasını gördüm. Yəni demək istəyirəm ki, valideyn həmişə övladları ilə dərindən maraqlamalı, onlara düz yol göstərməli bacarmalıdır. Hə, onu da deyim ki, mənim aləmimdə hər nəsihət bir sevgidir”.
Arif bəylə söhbətdən aydın oldu ki, o, 29 yaşımda ailə həyatı qurub: “Hə, elə ki evləndim məndə məsuliyyət hissi də daha da artdı. Özümü, əgər belə demək mümkünsə, oda-közə vurdum. Elə bir sənətim də yox idi. Odur ki, çobanlığa meyl saldım. Balalarımın xoşbəxtliyi üçün azardan, bezardan qorxmayaraq qışdan, soyuqdan çəkinməyərək çalışdım. Demək olar ki, ömrümün yarsı at belində keçib”.
Arif bəy söhbətinin bu yerində bir qədər fikrə getdi. Az sonra dilləndi: “Həyatım bir karvana bənzəyir, bu karvan Kəlbəcər elindən ötüb keçərək ta buralara qədər gəlib çıxıb. Artıq xeyli vaxtdır ki, bu səhralıqda – Ağdaş rayonunun Pirkəkə kəndi ərazisində yaşayırıq. Bəli, məhz burada beş uşaq boya-başa çatdırdım. Amma bir dəfə də olsun həyatımdan şikayətçi olmadım. Balaca daxmam əvvəllər çox kasıb olsa da, indi maşallah. Bir sözlə, indi övladlarımın səadəti ilə dolu bir ocağım var. Bu ocaq nəvə səsi çağlayır. Bu gün bu səslər mənə çox şeylər deyir. Sevinirəm ki, şəraitimizin pisliyindən, yaxşılığından asılı olmayaraq, atalıq borcumu yerinə yetirə bilmişəm. Məncə, bundan böyük səadət yoxdur. İndi də nəvələrim üçün yaşıyıram, 8 nəvəm var. Allahsaxlamışlar bir nəvəmə də mənim adımı qoyublar. Bax, mənim məsuliyyətim indi bir daha artıb”.

e2
“İnsan həyatda səbr etməyi bacarmalıdır” sözləri ilə söhbətini davam etdirən Arif bəy daha sonra dedi: “Səbrli olmasaydım, indi heç bir şeyə nail ola bilməzdim. Biz bura gələndə burada heç bir məktəb yox idi. Övladlarımın təhsili isə məni çox narahat edirdi. Özüm də onları oxutmaq istəyirdim. Yaxşı insanlar mənə məsləhət gördülər ki, onları Mingəçevirdəki məktəblərə göndər. Belə də etdim. Oğlanlarımın üçü də orta məktəbi oxuyub təhsillərini başa vurdular. Ali məktəbi də Allahın köməyi ilə bitirdilər. İndi hərəsi bir evin başçısıdır. Qızlarım da ailə həyatı qurublar. Yoldaşım Solmaz xanım da bütün bu çətinliklərə mənimlə bərabər sinə gərdi. İndi nəvələrimiz bu çətinlikləri bizə unutdurur. Bir neçə kəlmə də Solmaz xanım barədə. Mənim 62 yaşım var. Solmaz xanımla 40 ilə yaxındır ki, ailə qurmuşuq. İnandırım sizi, bir gün onun üzündən təbəssüm əskik olanda elə bilərəm ki, xətrinə dəymişəm. Sevgi ailə tellərinə bağlıdır. Onu da ailə başçısı qorumalıdır ki, bu tellər nazilməsin. Belə də ki… indi sevgimizi nəvələrimizə yönəltmişik. Bax o balaca Arifi qucağıma alanda elə bilirəm ki, dünya mənimdir”.
Arif bəy burada böyük hörmət sahibidir. Evi də həmişə qonaqlı-qaralıdır. Buna rəğmən, o, öz doğma ocağı üçün darıxır: “Allah Prezidentimizin canını sağ eləsin. O biz qaçqınlara həmişə qayğı ilə yanaşır. Məhz onun sayəsində minlərlə qaçqın, köçkün yeni mənzillərlə təmin olunublar. İnşallah, bizə də nə vaxtsa verilər. Ən əsası, ümid edirəm ki, məhz Prezidentimizin dünya miqyaslı siyasəti nəticəsində torpaqlarımız azad olunacaq və biz də Kəlbəcərimizə qovuşacağıq”.
Esmira Hidayətova