“İndi mənim oynamağım tutub…”

425
… Oğlum iki ayağını bir başmağa dirədi:
– Ata, mənim toyum ən xod gedən şadlıq saraylarının, yaxud da restoranların birində olmalıdır, vəssalam.Onu el dili ilə başa salmağa çalışdım: – A bala, mən ministr, sən də ministr balası deyilsən ki, belə bərk gedəsən… Mən elə bildim ki, bu sözlərimlə bayaqdan bəri davam edən mübahisəyə son qoyacağam. Lakin həyat yoldaşım birdən-birə elə coşdu ki… – Mənim oğlum ministr balalarından əskik deyil, bəlkə, onlardan da artıqdır. Uşağın arzusunu ürəyində qoyma… Susdum, oğlum bu hərəkətimi razılıq əlaməti kimi yozdu. – Ata, istəyirəm, toyumda dünyanın bir-iki tanınmış müğənnisi də iştirak etsin. Məsələn, bu, Madonna da ola bilər, Rihanna da, Şakira da, Cenifer Lopes də… Hə, lap unutmuşdum, bir-iki nəfər də Nobel mükafatçısı dəvət edərik ki, ünvanımıza beynəlxalq səviyyəli tostlar deyərlər. İndi bilirsən də bizim professorlar, alimlər gözdən düşüblər… Toyun idarə olunması üçün xüsusi ssenari yazılmasını, məncə, problemə çevirməyə hacət yox. Hə, lap az qala unutmuşdum. Elə indidən toya çağrılan hörmətli qonaqlar üçün beşulduzlu otellərdə bron edək ki, sonra problemlə üzləşməyək. Bu yerdə oğlumdan yaman şübhələndim, odur ki, birdən-birə fikir aləminə qərq oldum: “Olmaya oğlumun başına hava gəlib, xəbərim yoxdur?” Məni fikirdən həyat yoldaşım ayırdı: – Sənin zövqünə qurban olub, a bala… Hə, mən də həmin ulduzlarla, həmin o mükafatçılarla şəkil çəkdirib fotolarımı feysbuka, instaqramda paylaşaram, olaram bir ulduz… Bu sözlərdən sonra yoldaşım zümzümə etdiyi oyun havası ilə sındıra-sındıra oynadı da… Oğlum da başladı əl çalmağa. Həyat yoldaşımı tərs-tərs süzdüyümü görən kimi oyununu əlüstü təxirə saldı. Bu mənzərədən xəbərsiz olan oğlum: “Hə, nə oldu, ay ana, oynasana” desə də anası yerindən tərpənmədi. – Ata, lap az qala unutmuşdum e… Toy olacaq məkanı da əməlli-başlı abıra salmaq lazımdır ki, sonradan söz-söhbət olmasın… Deyirəm, bəlkə, bu məqsədlə xaricdən dizaynerlər dəvət edək, hə? Toy zalını güllərlə bəzəmək üçün isə əcnəbi floristlərə mütləq ehtiyac var. Özü də gələndə özləri ilə çiçək gətirmələrini də xahiş edək. Toydan sonra hesablaşarıq. Ata, bu dediyim işlər, sənə elə-belə gəlməsin ha…  Bunlar xırda işlər kimi görünsə də çox vaxt aparır. Odur ki, onları toydan iki gün öncə dəvət etməliyik. Belə olsa, vallah, bütün dünya mətbuatı bizdən yazar, bütün kanallar bizdən söz açarlar. Bu həm də məmləkətimizin təbliği olardı. Mən ağzımı açmağa macal tapmamış anası dilləndi: – Sənin vətənpərvər boyuna quzu kəsim, a bala… Bu dəfə oğlum yerindən durub oynamağa başladı. O bir neçə dövrə vurandan sonra arvadım dilləndi: – A kişi, dur sən də bir oynasana… Mən üzümü həyat yoldaşıma tutub dedim: – Mən oynasam, fəna olacaq ha… Hər ikisi bir ağızdan: “Niyə?” deyəndə dilləndim: – Bir gün insanların zülmündən təngə gəlmiş bir dəvə ilə eşşək sahiblərinin yanından qaçaraq meşədə yaşayırmışlar. Bir gün eşşək dəvəyə deyir ki, bəs anqırmaq istəyirəm. Dəvə deyir ki, bu, təhlükəlidir. Lakin eşşək onun sözünə qulaq asmayaraq bərkdən anqırır. Bu zaman təsadüfən yaxınlıqdan karvan keçirmiş. Karvandakılar dəvə də, eşşəyi də tutub karvana qatırlar, üstəlik, onların hər ikisini yükləyirlər. İş elə gətirir ki, eşşək taqətdən düşür. Onu dəvənin üstünə yükləyirlər. Eşşəyin felinə düşmüş dəvə yükünün daha da ağırlaşdığından əsəbiləşib, ondan itiqam almaq fikrinə düşür. Dəvə çayın lap dərin yerindən keçərkən eşşəyə deyir ki, axı sənə dedim ki, anqırma… Sən isə dedin ki, bəs anqırmağım tutub, heç özümü saxlaya bilmirəm. İncimə, ay eşşək, indi də mənim yaman oynamağım tutub, bu saat oynayacağam, sən də suya düşüb boğulacaqsan. O bu sözləri deyərək eşşəyin yalvarmağına baxmır və eşşək çaya düşüb boğulanadək atılıb-düşür. … Bu hekayəti qurtarmamış yerimdə oynamağa başladım. Həyat yoldaşım: “A kişi, sənə nə olub, yerində oynamaq nə deməkdir” deyərək məni yuxudan oyatdı. Qvami Məhəbbətoğlu