“İndi məişət xəbəri, iqtisadiyyat xəbəri qədər aktual deyil”

396

Günümüzdə məişət zorakılığına məruz qalma hallarına tez-tez rast gəlirik. Ancaq bunun qarşısını tamamilə almaq qeyri-mümkündür. Bəs məişət zorakılığına qarşı medianın təsiri nə qədərdir?

“Saytlarda məişət zorakılığı çox ciddi şəkildə pislənir,medianın ən müsbət işlərindən biridir”

“Medianın birbaşa vəzifəsi məişət zorakılığına qarşı yönəlməyib, amma bununla yanaşı, media cəmiyyətdə dözümlülük təbliğ elədiyinə və yaxud insan haqları ilə bağlı materiallar çap elədiyinə görə istər-istəməz maarifçilik aparmaqla məişət zorakılığının qarşısını almağa köməklik göstərmiş olur”. Bunu “Yeniavaz.com”a teletənqidçi, professor Qulu Məhərrəmli dedi. Onun sözlərinə görə, əgər medianın nüfuzu varsa, onun yazdığı yayılırsa, insanlar ona inanırsa, o zaman onun çıxışları təsirli olur: “Yox əgər media belə məsələlərdən çox uzaqdırsa , onun yazdığı cəmiyyəti maraqlandırmırsa, maraqlı gəlmirsə, o zaman medianın təsiri olmur. Təəssüf ki, bu gün bizim mediamızın cəmiyyətə təsiri haqqında, o cümlədən, məişət zorakılığına qarşı çıxması ilə bağlı çox təsirli məsələlərdən danışmaq olmur. Ancaq bununla yanaşı, bizim saytlarda məişət zorakılığı çox ciddi şəkildə pislənir. Hesab edirəm ki, bu medianın müsbət işlərindən biridir. Media davamlı şəkildə o məsələyə diqqət yetirəndə müəyyən nəticəyə nail olmaq olar. Məişət zorakılığına qarşı biz necə çıxa bilirik? Birincisi, bu barədə xəbərlər olur. İkincisi, mütəxəssislərin rəyləri olur . Üçüncüsü, məişət zorakılığına məruz qalmış insanlar danışırlar. Məişət zorakılığını törətmiş şəxslər qınanılırlar. Bunların hamısı istər-istəməz təsir edir”.

“Oxucu özü bir media funksiyası rolu oynayır”

Psixoloq Elnur Rüstəmovun isə mövzuya münasibəti isə belə oldu: “Zorakılıqla bağlı medianın rolu hadisəni işiqlandırmaqdır. Bu gün media geniş istiqamətdə fəaliyyət göstərir. Bu gün media hansısa saytla məhdudlaşmır. Bu gün xəbər hansısa saytda təkcə yer almır. Xəbər sosial şəbəkələrdə tirajlanır. Siz xəbəri sosial şəbəkələrdə paylaşırsınız ki, daha çox oxucu oxuya bilsin. Oxucu da özü bir media funksiyası rolunu oynayır. Bunun üçün vahid bir strategiya olmalıdır. Bu gün məişət zorakılığı bir istiqamət kimi gedir. Buna da təsir göstərən dəyərlərin toqquşmasıdır. İnformasiya yaşamalıdır. Dünyanın inkişaf etmiş ölkələri hamısı bu mərhələni keçib. Onlar o zaman bu mərhələni keçdilər ki, onda media bu qədər inkişaf etməmişdi. Yəni o vaxt hadisə bir ştatda baş verirdisə, internet resurslarının olmamasına görə, digər ştat o hadisədən xəbərsiz olurdu. Ancaq bu gün sərhəd anlayışı yoxdur. Hadisə olan an sosial mediada tirajlanır. O prosesi yaşayanlar bir psixoloji travma alırlar, onu oxuyanlar bir başqa cür və nəticədə görürük ki, insanlar arasında gərginliklər artır. Əgər keçmişdə bir nişanlı qızın başqası ilə evlənməyi problem idisə, bu gün 2-3 dəfə nişan qaytarıb başqası ilə ailə quranlar var. Dünən boşanma böyük katastrof (faciə) idisə, bu gün əvvəlki kimi deyil. Bu texnogen əsrin yaratdığı bir prosesdir. Yəni bir azdan insanlar üçün bu proses öz aktuallığını itirəcək. Medianın işı burda yalnız işiqlandırmadır. Əvvəllər iqtisadiyyat xəbərlərinə kim idi baxan? Bu gün isə insanlar iqtisadiyyat xəbərlərini daha çox oxuyurlar. İndi məişət xəbərləri iqtisadiyyat xəbəri qədər aktual deyil. Çünki günün öz tələbləri çıxır ortaya. Dünənə qədər kriminal xəbərlər çox oxunurdu. Bu gün əvvəlki kimi deyil. Bu dinamik prosesdir, təkamül prosesdir. Biz buna yaxşı bir iş də demirik. Qarşısını almaq üçün güclü maarifləndirmə işləri aparılmalıdır”.

Ruzbeh Məmməd