“İndi “kombi bazarı”nda belə ustalar gözə dəymir”

563

Bir çox ailələr mənzillərini qızdırmaq üçün kombi sistemindən istifadə edirlər. Lakin kombinin harada və necə, hansı usta tərəfindən quraşdırılmasından çox şey asılıdır. Ekspertlərin fikrincə, mənzillərdə yanğın və partlayış hallarının artmasınının bir səbəbi də kombilərin uyğun yerdə və düzgün quraşdırılmamasıdır…
Problemlə bağlı Yeniavaz.com saytının suallarını “Azəriqaz”ın sabiq idarə rəisi Nüsrət Qasımov cavablandırdı. Onun sözlərinə görə, mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz olunmuş evlərə mənzili qızdırmaq üçün kombi quraşdırılması qadağandır…
“Bu işi görən adamın əlində əsası, sənədi olmalıdır”
Nüsrət Qasımovun sözlərinə görə, kombi quraşdırılan zaman bir çox vacib məqamlar nə ustalar, nə də mənzil sahibləri tərəfindən nəzərə alınmır: “Hər bir evi tikməmişdən qabaq onun layihəsi hazırlanır. Layihə isə Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunur. Həmin layihədən kənara çıxmağa heç kimə ixtiyar verilməyib, xüsusilədə qaz məsələsində. Sabah kim buna əməl eləməsə, bir hadisə olanda kombini quraşdıran da, sifarişçi də hamısı məsuliyyət daşıyır”.
N. Qasımov deyir ki, əgər vətəndaşın mənzilində qaz yoxdursa, kombi quraşdırmaq istəyirsə, texniki şərt almalıdır: “Layihə çəkdirib onun əsasında getməlisən lisenziyası, sertifikatı olan şirkətə, onlarla müqavilə bağlamalısan və gəlib mənzilində işi görməlidirlər. Qayda var, qanun var, çöldən-çölə hər adama iş gördürülməməlidir. Hansısa usta gəldi, işini gördü, pulunu alıb getdi. Düzgün quraşdırmadı və ya partlatdı, vurub dağıtdı camaatın evini – nəyləyəcəksiniz onda”.
Müsahibimiz qeyd etdi ki, kombi qazla işlədiyindən və çox təhlükəli olduğundan mənzilə bu qurğunu peşəkarlar, lisenziyası olanlar quraşdırmalıdırlar: “Hansı ustanın ki, lisenziyası, sertifikatı yoxdur, ona icazə verməyiblər işə əlini vurmağa ixtiyarı yoxdur. Bu işi görən adamın əlində əsası, sənədi olmalıdır və hər məsuliyyətinə görə də cavabdehlik daşımalıdır”.
“Partlayış olsa, adam ölsə tapacaqlar ki, həmin usta kimdir, onu kim işlədib”
“İndi hərə əlinə bir alət alıb düşüb ortalığa ki, mən ustayam. Sən bu işdən nə bilirsən, nə qədər məlumatlısan ki, usta olasan? Mən 48 ildir işləyirəm bu sistemdə – hələ dəqiq, hər incəliyini bilmirəm. Hər küçədən keçənə iş gördürməzlər. Bəlkə çox şeydə olar, ancaq qazda yox. Sabah Allah göstərməsin, bir partlayış olsa, adam ölsə tapacaqlar ki, həmin usta kimdir, avadanlığı haradan alıb, lisenziyası varmı, kim onu gətirib işlədib. Ona görə də belə eləmək olmaz. İxtisaslaşmış tikinti idarələri var – onlarla müqavilə bağlayıb gördürmək lazımdır bu işi”,-deyə ekspert vurğuladı.
“Kombinin vintili yerdən 1 metr 80 santimetr hündürlükdə olmalıdır”
N. Qasımov son vaxtlar baş verən yanğın və partlayışlardan da narahatlığını ifadə etdi: “Tez-tez insan tələfatı ilə nəticələnən hadisələr olur – yanğın, partlayış. Bu günlərdə Yevlaxda partlayış oldu və 1 nəfər öldü. Bir neçə gün öncə Şüvəlanda bir ailə partlayışdan tamamilə məhv oldu. Şüvəlandakı hadisə deyilənə görə belə olub: usta mənzilə kombini quraşdırıb, ancaq işi düzgün görməyib. Kombinin vintili yerdən 1 metr 80 santimetr hündürlükdə olmalıdır ki, uşağın əli çatmasın. Vintili qoyub aşağıda, uşaq da gəlib qurdalayıb və qazı açıb buraxıb evə. Partlayış da bundan baş verib. Halbuki həmin usta peşəkar olsaydı, standarta əməl etsəydi belə olmazdı, bir ailə məhv olmazdı. İndi həmin ustanı axtarırlar. Yenə deyirəm, bütün bunlar hamısı standarta uyğun olmalıdır. Usta imtahan verməlidir, onun lisenziyası olmalıdır. Binaların çoxuna mərkəzləşdirilmiş qaydada istilik verilməlidir. Sovetdən qalma binada kimsə mətbəxə fərdi qaydada kombi quraşdırıbsa, sabah partlayış olsa, qohum-qonşuya ziyan dəysə, mənzil sahibi cavabdehlik daşıyacaq. Onu da qeyd edim ki, mərkəzləşdirilmiş isti su verilən evlərə kombi qoymaq qadağandır. Bu, birmənalı şəkildə belə olmalıdır. Əksər insanlar buna əməl eləmirlər və sonra da bunun cəzasını çəkirlər. Mənim evimə qaz gəlir – kombini istəyirəm yataq otağına qoyuram, istəyirəm eyvana qoyuram – elə deyil axı. Qaz yüksək təhlükə mənbəyidir. Mənzillərə quraşdırılan kombilər mina kimi bir şeydir, yəni o qədər təhlükəlidir. Onun uqarı qonşuları zəhərləyə bilər, öz evində tüstüdən zəhərlənmə və partlayış ola bilər. Nə olsun ki, bu qurğular avtomatik sistemlə çalışır. Avtomatik olması zəhərin, partlayışın qarşısını alırmı”.
Standartlardan kənara çıxmayaq
Qeyd edək ki, Bakıda bu işlə məşğul olan və özünü peşəkar kimi təqdim edən çoxlu sayda usta var. Onların çoxu bina evlərində kombiləri hətta mənzilin daxilinə quraşdırırlar. Mənzil sahibləri isə həmin ustaların dediklərinə inanır və kombilərin təhlükəsiz olduğunu düşünürlər. Nüsrət müəllimin dediyi lisenziyalı kombi ustaları isə yəqin ki, o qədər də çox deyil. İndi “kombi bazarı”nda belə ustalar gözə dəymir. O ki qaldı vətəndaşların mənzillərinə kombi quraşdırmalarına hər halda heç kim şüurlu şəkildə özünü təhlükəyə atmaq istəməz. Mənzillərinə mərkəzləşdirilmiş qaydada istilik verilməyən və ya həmin istiliklə evini yaxşı qızdıra bilməyənlər çox vaxt seçimi kombilərə verirlər. Çünki həqiqətən də kombi quraşdırılan evlər digərlərinə nisbətən daha isti olur. Bütün hallarda kombi bir təhlükədir. Əsas odur bu təhlükəni fərqinə varaq, işi peşəkarlara etibar edək və standartlardan kənara çıxmayaq.