İndi hamı qələt edəndə belə deyir

0
394

Heç bilmirəm, bu gördüklərimi yazım, ya yazmayım, bir qərara gələ bilmirəm. Qalmışam iki yol ayrıcında. Bir şeytan da imdadıma çatıb mənə doğru yol göstərmir ki… Amma alayı vaxt bunlar adamı yoldan çıxarıb öz arxalarınca elə aparırlar ki… Görünür, bu, mənim şeytana həmişə lənət oxumağımla bağlıdır. Eh, yaxşısı budur, elə öz bildiyimi əldən qoymayım.

Bəli, o gün Ağstafanın Məmməd Əmin Rəsulzadə küçəsində yaman susadım və özümü yaxınlıqdakı bulağa vermək istədim. Məqsədimi yanımdakı tanışıma söyləyəndə o dedi ki, bəs son vaxtlar bu bulaqda su görən olmayıb. Üstəlik, əlavə etdi ki, bəs bulaq şəhidlərin xatirəsinə salınıb. Şəhid sözünü eşidən kimi mən həmin an bütün şəhidlərimizin ruhlarına ədəb-ərkanla dua etdim. Amma di gəl, şəhid xatirəsinə belə laqeydlik göstərən müvafiq qurumların ünvanına deməyə bir söz tapa bilmədim. Tapmağına tapdım e… amma çox yağlı olduğuna görə həmin sözləri dilə gətirməkdə çətinilk çəkdim. İndi bilmirəm, bu barədə yazım, yoxsa yox? Vallah, məncə, yazmasam, yaxşı olar. Çünki qorxuram ki, həmin rayonun bir başbiləni qabağımı kəsib deyər ki, balam, bu boyda məmləkətdə daş atmağa özgə rayon tapa bilmədim? Gərək elə daşı bizim bostana – rayona ataydın? Olmaya belə bir vəziyyət təkcə bizim tərəflərdədir? Vallah, sənə onlarla rayon sadalayaram ki, şəhidlərə münasibətdə bizdən betərdilər, gözün təkcə bizi görür? Görünür, sənin bizimlə hansısa ədavətin var, yoxsa qaşınmayan yerdən qan çıxarmağa səy göstərməzdin. Mən ağciyər bu “tutarlı” sözlərin qarşısında ona deyə bilərəm axı? Odur ki, elə bu məsələdən yazmasam yaxşıdır. Bu xalqın dərdi-səri mənəmi qalıb? Bundansa gedib şeirimi yazaram da…

Şeir dedim, adına çoxlu şeirlər yazılmış, üstəlik, nəğmələr qoşulmuş Göygöl yadıma düşdü. Kaş düşməyəydi (Görünür, bütün səylərimə baxmayaraq, şeytan yenə də fikirlərimə müdaxilə etməkdədir. Yoxsa haradan yadıma düşəcəkdi bu yay orada gördüyüm mənzərə). Mənzərə dedikdə Toğanadan Göygölə qalxan 7 kilometrlik yolun bərbad vəziyyətdə olmasını nəzərdə tuturam. İndi mən necə yazım ki, bu yol Göygölün göz oxşayan gözəlliyinə kölgə salır, niyə buna əncam çəkən tapılmır? Axı bunun üçün kimlərdənsə yardım ummağa da ehtiyac yoxdur. Nədən ki, burada hər avtomobilə görə dayanacaq haqqı, milli parka daxil olmaq üçün hər kəsdən pul alınır. Mən hələ bu məkandakı bir köşkün icarə haqqını demirəm. Amma onu deyirəm ki, üst-üstə ay ərzində filan qədər böyük məbləğ toplanılır. Halal xoşları olsun. Amma indi bu dediklərimi yaza bilmərəm. Nədən ki, halal xoşu olmuşlardan biri deyər ki, balam, başa düşə bilmirəm, sən bu məkana bizim qazancımızı saymağa gəlirsən, yoxsa gözəllikdən ilham almağa? Onda mən ona nə deyərəm? Desəm ki, ay qardaş, belə şeylərdən yazmaq elə mənim işimdir. Onda adama deməzmi yekə kişisən, get özünə bir əməlli iş tap, bu da işdir məgər.

Heç bilmirəm, bu gördüklərimi yazım, ya yazmayım, bir qərara gələ bilmirəm ki… Bir şeytan da imdadıma çatıb mənə doğru yol göstərmir ki. Amma yox, deyəsən, bu dəfə də dəli şeytan öz bildiyini etdi, məni yoldan çıxardı. Nə yaxşı ki etdi… Odur ki, deyirəm, işdi-şayət, bu yazdıqlarımla bağlı məni məhşər ayağına çəksələr, deyəcəyəm ki, şeytan yolddan çıxardı əməlimdən peşmanam. Onsuz da indi hamı bir qələt edəndə belə deyir. Mənim onlardan nəyim əskikdir ki?