“İndi elə bir nəsil yetişib ki, iddiaları Azərbaycana müstəqillik qazandıranların iddialarından böyükdür”

471

Son günlər – aprel ayının 1-dən 2-nə keçən gecədən tarix yazan Milli Ordumuz çox əhəmiyyətli bir neçə strateji mövqelərimizi işğaldan azad etdi. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib. Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirirlər. Lakin bir çox insanlar əməliyyatların dayandırılmasını istəmirlər…
Budəfəki mövzumuz cəbhədə son dövrlər baş verənlər, insanların çoxunun atəşkəsə təəssüflənməsidir. Bununla bağlı tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərini öyrəndik.
“Narahat olmağa səbəb yoxdur”
“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Azərbaycanın Xalq Artisti Nurəddin Mehdixanlı “atəşkəsə razı olmayanları başa düşmək lazımdır” dedi. Aktyorun sözlərinə görə, uzun illərdir Azərbaycan torpaqlarının işğal altında olmasına, bu vaxt ərzində xalqımıza qarşı mənəvi, psixoloji savaş aparılmasına görə savaş istəyən xalqı anlamaq olar: “25 ildən artıqdır ki, Dağlıq Qarabağ və ətrafında işğal altında olan torpaqlarımızda dədələrimizin, babalarımızın qəbirləri ayaq altındadır. Məscidlərimiz, ibadət yerlərimiz, Allah evləri uçurulub, dağıdılıb, yandırılıb. Mədəniyyət evləri, muzeylərimiz darmadağın olub. Meşə örtüyü, yeraltı sərvətlərimiz darmadağın olub. Ona görə atəşkəsə etiraz eləyən insanlarımızı başa düşmək olar. Nə qədər qurban vermək olar, nə qədər şəhid vermək olar? İndiyə qədər bizim itkin düşmüş insanlarımız var. Əsirlikdə olanlarımız var. Ona görə də savaşı bu şəkildə başlayıb, sonra birdən-birə müəyyən mənada atəşkəsə yenidən qayıtmaq, əlbəttə, insanlarımızı bir az narahat edir. Amma hesab edirəm ki, böyük mənada narahat olmağa səbəb yoxdur. İnsanlar bu məsələyə emosional yanaşa bilərlər. Lakin müharibəni dövlət aparır, dövlətimiz idarə edir. Nə zaman savaşa başlamaq, nə zaman dayandırmaq və nə zaman yenidən başlamaq emosiyalarla idarə olunmur; məntiqlə, soyuq başla, diplomatiya ilə idarə olunan məsələlərdir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev, müdafiə nazirimiz Zakir Həsənov və bütün general və zabit heyəti, əsgərlər digər insanlardan daha çox istəyirlər ki, bu problemi birdəfəlik həll etsinlər. Mən 100% əminəm ki, erməni işğalçılarını torpaqlarımızdan çıxarmağı onlar daha çox istəyirlər. Amma farsların bir sözü var – “hər sözün öz yeri, hər nöqtənin qoyulası məqamı var”.
“Bu əməliyyatlar dünyaya bir mesaj idi”
Müharibənin nə demək olduğunu yaxşı bildiyini deyən Nurəddin Mehdixanlı bildirdi ki, ömrünün 3 ili döyüşdə keçib: “Bu ağrıları, acıları, çətinlikləri yaşayan və çox sevdiyim insanların şəhidliyinin şahidi olmuşam. Mən xalqımıza, insanlarımıza, millətimizə, bizi sevənlərə həm Azərbaycanın içərisində, həm Azərbaycandan kənarda bu hadisələri izləyən, gecə-gündüz yatmayan insanlara bir şey demək istəyirəm: düşünün ki, bu problemin tezliklə həlli, ilk növbədə, bizim dövlət başçımıza lazımdır. Çünki ölkədə görüləsi işlər çoxdur. İnsanlarımızı daha da yaxşı yaşatmaq üçün biz maddi resurslarımızı istiqamətləndirmək üçün kifayət qədər işlər var, onlarla məşğul olmaq lazımdır. Əlbəttə, bunları müharibə şəraitində eləmək olmur. Amma bir şeyi bilmək lazımdır, mənim əzizlərim, istənilən məqamda biz hərəkətə keçəcəyik və işimizi sona çatdıracağıq. Bu həm də dünyaya bir mesaj idi. Bizi zəif görənlərə bir mesaj idi ki, siz bizim haqqımızı tanıyın. Biz savaş xalqı deyilik, biz sülhlə illər boyu gözlədik, amma çox təəssüf ki, dünyada da bu işlərdən məsul olan təşkilatlar bu problemin həllində aktiv iştirak etmədilər. Azərbaycanı təxribata çəkmək istədilər və ölkəmiz cavabını verdi. Ordumuz göstərdi ki, biz bu məsələni savaşla həll edə bilirik. Amma biz insanların ölməsini istəmirik. Əlbəttə, bizə düşmən olanları, bizi öldürmək istəyənləri, torpağımızı alanları öldürə bilərik. Bu, savaş meydanıdır. Amma eyni zamanda Azərbaycan xalqı, türk milləti və İslam dünyasında bir insanın ölümü bütün bəşəriyyətin ölümü deməkdir. Biz bu əxlaqla yaşayan insanlarıq. Biz savaş və müharibə tərəfdarları deyilik, bizi buna məcbur edirlər. Bu məsələ ancaq o vaxt həll oluna bilər ki, bizim ərazilərimiz işğaldan azad edilsin. Şəhidlik mərtəbəsi çox uca bir mərtəbədir. Biz istəmirik ki, şəhidlərimiz olsun, istəyirik ki, millətimiz artsın. Lakin əgər mənfur düşmənlər verdikləri sözləri tutmazlarsa, ölkəmizin Ali Baş Komandanı istənilən vaxt o komandanı verəcək və müzəffər ordumuz torpaqlarımızı işğaldan azad edəcək. Xalq olaraq da bir olacağıq. Hesab edirəm ki, hər şey Azərbaycanın xeyrinə olacaq. Proseslər ölkəmizin xeyrinə cərəyan edir. Dünən bizi qəbul etməyən, bizim yanımızda olmayan ölkələr bu gün bizim yanımızdadırlar. Dünya dəyişib, sən demə, dünya həm də gücü tanıyırmış. Ona görə də xalqımıza demək istəyirəm ki, Azərbaycanın diplomatiyasını idarə edən kişilər və başda duran kişi nə elədiyini bilir, istənilən halda xalqımızın iradəsinə uyğun qərarlar veriləcək”.
“Milli kimliyə sahib olan bir milləti məğlub eləmək olmaz”
Xalqımızın birliyindən danışan aktyorun sözlərinə görə, biz bir şeyi anladıq: “Biz bir yerdə olanda yaşayacağıq, ayrı-ayrı olsaq, bir-birimizə qarşı olsaq bizi əzərlər. Birliyin məhsullarını gördük, bəhrəsini gördük. Bu 5 gündə olan şəhidlərimizin doğulduğu yerlərə baxın, bütün Azərbaycan əhatə olunub. Bu nə deməkdir? Bu o deməkdir ki, bu savaş bütün azərbaycanlıların savaşıdır. Bu bütün dünya azərbaycanlılarının savaşıdır. Cənubi azərbaycanlılar Arazın o tayında sahilə toplaşmışdılar. Dünyanın hər yerində yaşayan həmvətənlərimiz Ali Baş Komandana müraciət edirlər ki, savaşa gəlirik. Bütün türk dünyası ayağa qalxdı. Birlik bu deməkdir. Azərbaycanın ayrı-ayrı yerlərində şəhidlərimiz dəfn olunur. Bir nəfərin üzündən başqa bir məna oxumursan. Hamının bir sözü var: Vətən sağ olsun! Bir ana yeganə oğlunu itirib, bir kişi yeganə oğlunu itirib. Amma hər ikisi Vətən sağ olsun deyir. Məni şəhid atası çox kövrəltdi. Dedi ki, mənim qızlarım da hərbidədirlər, onları da şəhid verməyə hazıram. Bu bilirsiniz, nə deməkdir? Bu o deməkdir ki, milli kimliyə sahib olan, dini mənsubiyyətinin sahibi olan bir milləti məğlub eləmək olmaz. Bu əslində bizim milli və dini kimliyimizin birliyinin nümayişi idi. “Allahu Əkbər” sədaları altında Azərbaycan əsgəri savaşa gedir, “Allahu Əkbər” sədaları altında şəhidlərimiz dəfn olundu. Bu o deməkdir ki, sən özünü tanıyanda səni qul eləyə bilməzlər. Sən özünü tanıyanda kimsə sənə aid olanı səndən ala bilməz. Ona görə millət ayaqdadır, millət oyanıb. Mən bir daha əmin oldum ki, Azərbaycanda elə bir nəsil yetişib ki, onun iddiası Azərbaycana müstəqillik qazandıranların iddiasından daha böyükdür. Bu, bizə çox xoşdur. Biz itirdiyimiz sonuncu sərhədə qədər gedəcəyik. Mən 100% əminəm ki, bu xalq həmişə yaşayacaq. Bu birliyi dövlətin başında dayanan kişi də görür. Bizim qarşımızda dayana biləcək güc olmaz, biz bir yerdə olsaq. Biz dünyaya xəbərdarlıq etdik ki, bizi tanıyın, bizimlə hesablaşın. Biz öz haqqımız uğrunda mübarizə apara bilirik, öldürə də bilirik, şəhid də ola bilirik. Bizim qarşımızdakılar ölürlər, amma biz şəhid oluruq. Şəhid Allahın dərgahına gedir, ölən isə torpağın altına. Amma biz hər şeyin danışıqla həll olunmasını istəyirik. Kim istəyər ki, oğlunu itirsin?! 700 bal yığaraq ali məktəbə daxil olmuş bir gəncimiz şəhid oldu. O, böyük bir alim ola bilərdi, böyük ixtiraların sahibi ola bilərdi. Amma millətin yaşamasını istəyirsənsə, sən savaşmağı bacarmalısan. Sülh içində yaşamaq istəyirsənsə, həmişə savaşa hazır olmalısan. Dünyanın qanunları belədir. Allah-Taala millətimizin gücünü artırsın, gənclərimizin gücünü artırsın, ordumuzu qorusun, millətimizi qorusun, xalqımızı qorusun, bizi sevənləri qorusun”.
“İnsanların hərbi komissarlığa müraciət etmələri çox yaxşı haldır”
Bir vətəndaş kimi atəşkəs qərarına heyifsləndiyini bildirən tanınmış jurnalist, professor Qulu Məhərrəmli qəzetimizə açıqlamasında dedi: “Atəşkəs qərarını doğru qərar hesab etmirəm. Bu mənim şəxsi fikrimdir. Ərazisi işğal olunmuş və güclü ordusu olan bir ölkənin vətəndaşı kimi mən hesab edirəm ki, atəşkəsi elan eləmək tez idi. Məncə, müəyyən qədər irəliləmək və Dağlıq Qarabağın inzibati sərhədlərinə qədər getmək lazım idi. Bütün itkilərə baxmayaraq, getmək lazımdır. Bu milli heysiyyət məsələsidir. Bilirsiniz, Azərbaycan çox da böyük ölkə deyil, burada dünya ictimaiyyəti var, böyük dövlətlər var. Ona görə də, görünür ki, ölkəmiz bu mülahizəni nəzərə alıb. Çünki biz bütün dünyanı özümüzə düşmən edə bilmərik. Amma eyni zamanda işğal olunmuş torpaqlarımızı qaytarmalıyıq. Vətəndaşların könüllü orduya getməsi çox normaldır. Amma 90-cı illərlə müqayisədə hesab edirəm ki, indiki halda buna ehtiyac yoxdur. Bizim çox yaxşı, hərtərəfli güclü ordumuz var. 25 il bundan əvvəlki dağınıq, sistemsiz ordumuz yoxdur. Canlı qüvvəyə ehtiyac duyan ordu deyil. İnsanların hərbi komissarlığa müraciət etmələri çox yaxşı haldır. Bu, millətin ruhunun oyaq olduğunu göstərir. İnsanların vətən sevgisini göstərir. Bu o deməkdir ki, insanların içində Vətən eşqi, Vətəni müdafiə eləmək duyğusu, özünü Vətən üçün qurban eləmək hissi qalır. Buna yalnız və yalnız sevinmək olar”.
Mövzu ilə bağlı Xalq şairi Fikrət Qocanın da fikirlərini öyrənmək istədik. Şair bu günlərdə “Azərbaycan” qəzetində dərc olunan şeirinin ordumuzun son günlərdə cəbhədəki döyüşlərinə və xalqın atəşkəs razılaşmasına etiraz eləməsinə münasibəti olduğunu dedi. Bildirdi ki, o, şeirdən çox, münasibətdir və bizim bu məsələ ilə bağlı verdiyimiz bütün sualların cavabıdır. Xalq şairi Fikrət Qocanın cəbhədə baş verən hadisələrlə bağlı şeirini təqdim edirik:
Anam Azərbaycanım
“Oğlum!” dedi yurdumuz –
Oğlum, lap səbrim daşdı.
Bəsdi boş danışıqlar,
Sözün də dadı qaçdı.
İndi söz səninkidir,
Əmr verdi yurdumuz!
Hücum etdi ordumuz,
Oğullar atəş açdı!!!
Bu gün bu atəş səsi
Vətənin şərəfinə
Yer titrədən alqışdı –
Düşmən hər şeyi atdı,
Fəryad qopardı, qaçdı.
Ana, gözlərin aydın
Hər oğlun qəhrəmandı.
Daha zaman yetişib,
Zaman bizim zamandı.
* * *
Yaxın, uzaq ölkələr
Səbr edin, bir vaxt gələr,
Düzələr, dözün deyir.
Daha bəsdir “bəlkələr”.
Düşmən lap quduzlaşır,
Getdikcə həddin aşır,
Az qala Qarabağdan
Daha əl üzün deyir.
Zaman öz sözün deyir.
Hər silahdan güclüdür
Ordunun Vətən andı.
Bu gün dövran deyir ki,
Zaman bizim zamandı.
* * *
Can Azərbaycan dedik…
Sənə də can deyirik,
Cənnətməkan Qarabağ.
Hər odlar övladının,
Canında can Qarabağ.
Candan ayrı yaşadıq
Bu vaxtacan, Qarabağ.
Keçib getdikcə illər
Səbr eləyin deyirlər.
Bu uzun illər boyu
Səbrimizi çeynəyir,
Haqqımızı yeyirlər,
Daha bəsdi! – deyirik.
Bu boş-boş danışıqlar
Səbri kəsdi – deyirik.
Şuşaya sancılacaq
Bayrağımda al qanım.
Bütöv olacaq mənim
Anam Azərbaycanım.