“İndi dərslik barədə müvafiq rəylər öncədən alınır”

527

Təhsil Nazirliyində 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunmuş təqdimat keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmələrinin rəhbərləri, media təmsilçiləri və müstəqil bloqçu jurnalistlər iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarov giriş nitqində bildirib ki, son bir ildə fəaliyyətin əsas məqsədi uzun müddətli nəticələrə əsaslanan tədbirlər  həyata keçirməklə fundamental dəyişikliklərə nail olmaq olub. Təhsilin keyfiyyətini yüksəldəcək mühiti yaradan mühüm tədbirlər bu sahədə ana sənəd olan “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb.
Mikayıl Cabbarov tədris sisteminin, təhsil mühitinin dəyişdirilməsi, sağlamlaşdırılması istiqamətində atılan addımların əhəmiyyətini vurğulayaraq bildirib ki, təhsildə əsas qiymətləndirmə amili bilik səviyyəsi olmalıdir.
Paytaxtda sınaq qiymətləndirilməsinin keçirildiyini xatırladan nazir indiyədək müəllimlərin təhsilalanlarla iş üslubunda metodik və kommunikativ yanaşma bilikləri barədə sistemli məlumat bazasının olmadığını bildirib. Müəllimlər barədə qəbul edilən qərarların obyektiv olması üçün sistemdəki müəllimlər “tanınmalıdır” – onların hazırlıq səviyyəsi, metodika və fənn bilikləri səviyyəsi haqqında məlumat olmalıdır.
Nazir müəllimlərin sınaq qiymətləndirilməsinin növbəti mərhələdə bütün ölkə ərazisində tətbiq olunacağını da qeyd edib.
Təhsil naziri bildirib ki, müəllimlərin hazırlığı ilə bağlı dəyişikliklər nəticəsində kolleclərdə müəllim hazırlığı planı azaldılıb, bu sahədə əsas ağırlıq bir neçə isxtisaslaşmış pedaqoji ixtisas məktəblərinə verilib. Burada məqsəd müəllim hazırlığında diqqəti kəmiyyətə deyil, keyfiyyətə yönəltməkdir.
2013-2014-cü tədris ili müddətində müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılması istiqamətində də islahatlar həyata keçirilib. Bu sahədə şəffaflıq təmin olunub, müəllimlərin işə qəbulu və yerdəyişməsi prosedurları sadələşdirilib.
Təhsil naziri bildirib ki, yeni məktəblərin tikintisinə, məktəblərin cari təmirinə diqqət artırılıb. Bir sıra sahələrdə, o cümlədən peşə təhsili müəssisələrində son 30 ildə ilk dəfə texniki avadanlıqla, ləvazimatlarla təchizat məsələləri həll olunub. Bu işlər əlavə büdcə vəsaitləri hesabına deyil, cari və mövcud büdcə hesabına həyata keçirilir.
Nazir idarəetmə sahəsindəki dəyişiklərə də toxunub. Qeyd edib ki, bir neçə gün öncə pilot layihə çərçivəsində Bakıda fəaliyyət göstərən məktəb direktorlarının 5 aylıq hazırlıq kursları başa çatdırılıb. Onlar imtahan verərək ənənəvi biliklərlə yanaşı, müasir idarəetmə səviyyələrini də nümayiş etdiriblər.
Təhsil sistemində tədris olunan məzmunun optimallaşdırılması istiqamətində işlər davam etdirilib. Təcrübədə ilk dəfə olaraq dərsliklərin qiymətləndirilməsinə ənənəvi qurumlarla yanaşı ixtisaslaşmış mütəxəssislər, TQDK ekspertləri cəlb olunub. Əvvəllər dərslik hazırlanıb çap olunandan sonra bunun üzərində qiymətləndirilmə aparılırdısa, bu il ilk dəfə olaraq prosesin ardıcıllığı təkmilləşdirilib. İndi dərslik barədə müvafiq rəylər öncədən alınır.
Sonra Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov “2013-2014-cü tədris ilinin nəticələri” adlı təqdimatla çıxış edib. Təqdimatda son bir ildə həyata keçirilən fəaliyyət istiqamətləri haqqında ətraflı icmal əks olunub.
Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.