İndi də Araz Əlizadə bir nağıl uydurur ki…

0
458

Deputat Araz Əlizadənin müsahibəsi cəmiyyətdə rezonans doğurub. Araz Əlizadə müsahibədə “ Erməniləri bizim üstümüzə salan Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi” fikirlərini səsləndirib.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Araz Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı kitab oxumadığı təqdirdə, heç bir tarixi fakta söykənməyən fikirlər irəli sürüb.
“Çox təəssüf ki, bunu adi bir insan deyil, bir millət vəkili söyləyir. Milləti təmsil edən bir millət vəkilinin bir milləti təhqir etməyə, alçaldacaq ifadələr işlətməyə və tarixi təhrif etməyə ixtiyarı yoxdur. Tarixi hamı çox gözəl bilir. Və hesab edirəm ki, Azərbaycan parlamentinə seçilən deputatlar da Azərbaycanın dövlətçilik tarixini heç olmasa müəyyən mənada mənimsəmiş olsunlar. Azərbaycan Xalq Cümhuriyyəti dönəmi ilə bağlı kifayət qədər sənədlər faktlar var. O sənədlərin, faktların heç birinə istinadən olunmadan Osmanlının və müasir Türkiyənin addımları tənqid olunur. Araz Əlizadə deyir ki, Osmanlının etdiklərinə görə Türkiyəyə haqq qazandırmır. Bu iddiaların heç bir əsası yoxdur.
Araz Əlizadənin bu çıxışlarından təbii ki, ermənilər çox gözəl istifadə edəcək. Mən hesab edirəm ki, Araz Əlizadə heç sosial-demokrat deyil. Araz Əlizadə bilməlidir ki, Azərbaycanda olan sosial demokratlar Azərbaycanın müstəqilliyinin tərəfdarı olub. Heç vaxt Azərbaycanı Rusiyanın bir müstəmləkəsi kimi görmək istəməyib. Çox təəssüf ki, Araz Əlizadə Azərbaycanı Rusiyanın bir müstəmləkəsi olaraq görmək istəyir. Ammao bəyan edir ki, guya Rusiyapərəst deyil. Deyir ki, Rusiyanın mövqeyini müdafiə etmir. O deyir ki, Aərbaycanpərəstdir”.
Akif Aşırlı qeyd edib ki, Araz Əlizadə Batumi konfransından danışır. Və Batumi konfransı may ayının 11-dən iyun ayının 4-nə qədər davam edib.
“Orada Türkiyə hökumətinin rəhbərləri də, Osmanlı Türkiyəsinin hərbi heyəti və siyasi heyəti də təmsil olunub. Osmanlı Türkiyəsi ermənilərə heç vaxt torpaq verməyib. 9000 kv.km ərazini ermənilərə Türkiyə verməyib. Bu tarixi obyektiv bir səbəb idi. Səbəb də bundan ibarət idi ki, Qafqaz seymini təşkil edən 3 dövlət – Azərbaycan, Gürcüstan və Ermənistan – idi. Bunların hamısı bu ərazilərdə dövlətə sahib olmalı idilər. Ermənistanın yaradılması labüd idi, bunun Türkiyə və Azərbaycan Xalq Cümhuriyyətinin liderləri ilə he çbir əlaqəsi yoxdur. Sadəcə ermənilərin iddialarına qarşı onlar mübarizə apardılar. “Tarixən erməniləri Azərbaycanın üzərinə türklər qaldırıb” kimi fikirlər isə gülüncdür”.
1905-ci ildə ermənilərin Bakıda, Tiflisdə, Azərbaycanın bölgələrində, ümumiyyətlə müsəlmanlara və azərbaycanlılara qarşı törətdiyi soyqırımı nə idi?! Bu zaman da Türkiyə erməniləri bizim üstümüzə qaldırmışdı?!
Bu ermənilərin tarixən Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi faciələrdir. Bu faciəni törədənlər Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən Azərbaycana köçmüş ermənilər idi. Bu ermənilər zaman-zaman Azərbaycana, müsəlmanlara qarşı qərəzlə məşğul idi. Bu qərəzlərin nəticəsində Azərbaycana bu faciələri törətdi”.
Baş redaktorun sözlərinə görə, Araz Əlizadə Qafqaz İslam ordusunun komandanı Nuru Paşa ilə bağlı yanlış fikirlər səsləndirib.
“Əvvəlcə həmin tarixi şəraiti bilmək lazımdır ki, Qafqaz İslam Ordusu necə formalaşdı. Kim yardım etdi Türkiyəyə? 1918-ci ilin mart ayının 31-dən dən aprel ayının 2-nə qədər, 3 gün ərzində ermənilər 18000-ə yaxın müsəlmanı və azərbaycanlını qətl etmişdilər, 7 min insan Şamaxıda qətl edilmişdi. Üzeyir bəy Hacıbəyli məqalələrindən birində bildirir ki, ermənilər Qafqazı qan hamamına çeviriblər. Məgər bunları türklər etmişdi?
Azərbaycanın istiqlaliyyətini, ərazi bütövlüyünü təmin etmək üçün hərbi qüvvəyə ehtiyacı var idi. Həmin dönəmi də Məhəmməd Əmin Rəsulzadə belə xarakterizə edir ki, Azərbaycanı bu vəziyyətdən qurtara biləcək yeganə qüvvə varsa o da Türkiyədir. Buna görə də Türkiyəyə müraciət edildi. 4 iyun dostluq müqaviləsinin 4-cü bəndinə əsasən, hüquqi baxımdan öz ərazi bütövlüyünü, təhlükəsizliyini, asayişi təmin etmək üçün Türkiyəyə müraciət etdi və hərbi yardım aldı. İlk dəfə Qafqaz İslam Ordusu 5500 nəfərlik heyətlə Azərbaycana gəldi. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa idi.
İndi də Araz Əlizadə bir nağıl uydurur ki, Nuru Paşa Gəncədə oturmuşdu, Hacı Zeynalabdin Tağıyev faytonla qızıl göndərəndən sonra Bakıya doğru hərəkət etdi. Bu iddialar çox gülməlidir. Araz Əlizadə əvvəlcə gedib Azərbaycan tarixini vərəqləsin, ondan sonra fikir söyləsin. Nuru paşanın Azərbaycan gəlməsi may ayının 25-də olub və gələndə xalqın böyük coşqusu ilə qarşılanıb. Qafqaz İslam Ordusunun ilk heyəti iyun ayının 6- da Qazaxa gəldilər, 9-da isə Gəncəyə getdilər. Gəncədə əməliyyat keçirildi və ermənilər tərksilah olundu. Nuru paşa Gəncədə oturmayıb, qoşunu Göyçay istiqamətinə sövq elədi. Göyçayda bolşeviklərlə savaş apardılar və Azərbaycanın müstəqilliyi təmin olundu.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də Tiflisdə istiqlaliyyətini bəyan edəndə paytaxtın Bakı olduğu elan edildi. Araz Əlizadə ağlına gələni danışır. Onun danışdığı nağıldır, məqsəd Türkiyəyə qarşı nifrət oyatmaqdı. Araz Əlizadənin çıxış etdiyi mövqe Rusiyanın mövqeyidir. O, 1918-ci ildəki bolşeviklərin mövqeyidir. Onun sosial demokrat ideyasına heç bir aidiyyəti yoxdur. Ən böyük sosial demokrat Nəriman Nərimanovdur, o Azərbaycanın müstəqilliyini axıra qədər müdafiə edib. Bu fikrinə görə, 1925-ci ildə Kremldə qətlə yetirilib.
Erməni milli şurası, Rusiya milli şurası, bolşeviklərin siyasi mövqeyi necə idisə Araz Əlizadənin də fikirləri elədir”.modern.az