İncəsənət və müalicə

597

İncəsənətlə müalicənin (artterapiya) tarixi çox qədimlərə gedir. Ən bariz nümunə yəhudilərin qədim dini kitabı olan “Tövrat”dan gətirilir. Orada qeyd olunur ki, Davud peyğəmbər musiqi alətində, arfada çalaraq Saulu əsəb pozuntusundan sağaldıb. Qədim Yunanıstanda isə rəssamlığın, teatrın, musiqinin, rəqsin insan orqanizminə təsiri öyrənilib.

Bir neçə il öncə İzmirdə (qədim yunan şəhəri Smirna) olarkən belə məkanlardan birinə – Asklepiona baş çəkmişdim. Bu yer vaxtilə təbabət ilahəsi Asklepiosun şərəfinə qurulan böyük antik tibbi mərkəz olub. Asklepionu şəhərlə 820 metr uzunluğunda “müqəddəs yol” bağlayıb. Hər iki tərəfində dağılmış sütunlar qalan bu yol da arxeoloji qazıntılar nəticəsində üzə çıxıb. Müalicə mərkəzinin girişindən başlayaraq xəstələri musiqi sədaları altında aparırlarmış. Qədimdə ruhi xəstələri yuxu otaqlarına aparan 80 metrlik tunel bu gün də qalır. Xəstələr yuxu otaqlarına tuneldən axan su səsinin və musiqinin müşayiəti ilə gedirlərmiş ki, bu da onların gərginliklərini azaltmağa kömək edərmiş. Tarixi məkan bu gün də psixologiya mövzusunda tədbirlərə, konfranslara ev sahibliyi etməkdədir.
Antik filosoflardan Pifaqor, Aristotel, Platon musiqinin terapevtik və profilaktik təsirindən bəhs ediblər. Məsələn, Pifaqora görə, insan musiqi dinləmə, rəqs etmə, yeriş zamanı və danışma tərzində öz ritmini saxlamalıdır. Onun mikrostrukturu kainat ilə harmoniyada olmalıdır. Kökləri antik Şərq mədəniyyətinə dayanan art-terapiya hazırda dünyanın bir çox yerlərində önəmli müalicə üsullarından birinə çevrilib.
Bu yaxınlarda Bakının qonağı olan və bir neçə yerdə təlimlər keçən amerikalı art-terapist Elizabet Brandolini bizimlə söhbətində bu müalicə üsulunun əhəmiyyətini vurğuladı: “Əsrlər boyu müxtəlif xalqlar, ölkələr artterapiyadan müxtəlif formada faydalanıblar. Qədim vaxtlarda bu xüsusi bir peşə olub. ABŞ-da art-terapiyanın əsasını M.Naumburq və E.Kramer qoyub. Onların hər biri ayrı bir məktəbin təsisçiləri sayılır. Məsələn, M.NaumburqZ.Freydin nəzəriyyəsinə əsaslanaraq artterapiyanı psixoterapevtik metod kimi qəbul edir. O, pasiyentlərdən öz yuxu və ya qorxularını təsvir eləməyi xahiş edir, rəsmlərə əsasən onları analiz edir.
Stress, depressiya, gərginlik, əsəbilik. Bunlar hamısı gündəlik həyatımızda var. Əlbəttə ki, bütün bunların qarşısını almaq üçün biz özümüz özümüzü müalicə etməliyik. İnsan yaradıcılıqla məşğul olduqda beyindəki fikirlər ilhamlanmaqla əvəzlənir, problemlər ikinci plana keçir. Şəkil çəkmək, şeir yazmaq, heç bir əsası olmadan nağıllar qoşmaq insan beyninə təsir edir. Bu yaradıcılıq növləri art-terapiyaya çevrilir. Əgər sizin hər hansı bir probleminiz varsa, nəyəsə görə narahatsınızsa, art-terapiyanı təcrübədən keçirə bilərsiniz. Bunun üçün əlinizin altında olan hər şeydən istifadə edə bilərsiniz – kağız parçası, rəngli karandaşlar, flomasterlər və ya rəngli boya. Gözlərinizi bir anlıq yumun, probleminizi dərindən düşünün və qəlbinizin səsini dinləyin. Sakitləşməyə çalışın. Sonra şəkil çəkməyə başlayın. Əsas qayda – şəkil abstrakt olmalıdır və heç bir real əşya və ya insan canlandırmayın və şəkli analiz etməyin. Sizin yaratdığınızı sizdən başqa heç kim görməyəcək”.

Musiqi alətləri ilə müalicə

Mütəxəssislər hesab edir ki, incəsənətlə müalicə həm qrup, həm də fərdi qaydada aparıla bilər. Xanım Brandolini isə bunun iki tərəfin qərarından asılı olduğunu bildirir: “Bəziləri, fərdi, bəziləri qrupda müalicəyə üstünlük verirlər. Bu qərarı fərdin özü verməlidir. Eyni zamanda art-terapist olaraq xəstəni yoxlamalıyıq. Bəlkə onun öz istəyindən də asılı olmayaraq psixologiyası, qrup və ya kollektivdə müalicəyə uyğundur. Bundan başqa insan bütün vaxtı öz hobbisinə uyğunlaşmağı bacarmalıdır. Bəlkə elə o, bir hobbidən bezib, digəri ilə məşğul olmaq istəyəcək. Bunlar adətən terapiya müddətində baş verir. Məsələn, biri şəkil çəkməkdən bezir, imtina edir, hobbi kimi musiqi dinləməyə üstünlük verir. Mən onu da bilirəm ki, Orta əsrlərdə Azərbaycan da daxil olmaqla Şərqdə insanları hətta musiqi alətləri vasitəsilə müalicə ediblər. Bu çox gözəl ənənədir. Mən də bu metoddan istifadə edirəm. Amma bunun üçün sən peşəkar musiqiçi olmasan da, onu az-çox başa düşməlisən”.
Məsələyə bir qədər qlobal yanaşsaq, görərik ki, dünyada insan ətrafında stress yaradan bir sıra hallar mövcuddur. Məsələn, lokal müharibələr, dinlərin toqquşması və s. Art-terapeya bu gərginlikdə özünü necə ifadə edə bilir? Sualımıza isə mütəxəssisin cavabı belə oldu: “İnsanlar Yer kürəsində, məcazi mənada desək, eyni dam altında, yaşayırlar. Onların bir-birilərinə qarşı aqressiv münasibəti çox pisdir. Belə halda biz fərqli metodlar tətbiq edirik. Bu vəziyyətdən xilas olmaq üçün art-terapiya hobbilərin birləşdirilməsinə, əməkdaşlığına üstünlük verir. İnsanlar stressi, gərginliyi atmaqdan ötrü çox vaxt musiqi dinləyirlər. Bəzən maddi, bəzən mənəvi istiqamətdə məşğuliyyəti sevirlər. Məşğuliyyət həm də yaş həddindən də asılı olur. Öncə biz müəyyən etməliyik ki, xəstəni hansı yaş qrupuna görə necə müalicə edə bilərik”.

Uşaqlar hisslərini olduğu kimi ifadə edə bilirlər

Amerikalı artterapstin Bakıdakı təlimlərinin iştirakçıları arasında uşaqları da görmək olurdu. Bunun səbəbini soruşduqda cavab belə oldu: “Bu üsul həm uşaqlar, həm də böyüklər üçündür. Uşaqlar üçün xüsusilə faydalıdır. Ona görə ki, böyüklərdən fərqli olaraq uşaqlar öz hisslərini olduğu kimi ifadə edə bilirlər. Məsələn, mənim oğlum az söz bilir, amma rəsm çəkməklə fikirlərini ifadə edir. Məsələyə ümumi prizmadan yanaşsaq, bu həm də xəstənin istəyi və arzusundan asılıdır. Məsələn, mən çox vaxt rəngli boyalarla şəkil çəkməyi tövsiyə edirəm. Bu həyata sevgini artırır, depressiyanı azaldır, stressdən tam olmasa da, qismən azad olursan. Bu həm də insana bir rahatlıq, sakitlik gətirir. Rəsm çəkmək üçün peşəkar olmaya da bilərsən. Hər dəfə rəsm çəkdikcə püxtələşirsən. Yəni buna can atmaq da insanda bir həvəs yaradır. Fikrin daha çox bu istiqamətdə toplandığından depressiyadan da azad ola bilirsən. Ümumiyyətlə, hadisələrin gedişi göstərir ki, səhhətində problemlərin olub-olmamasından asılı olmayaraq uşaqları elə kiçik yaşlarından incəsənətlə bağlı müəyyən hobbilərlə məşğul olmağa öyrəşdirmək lazımdır. Ona görə ki, incəsənət məntiqi də inkişaf etdirir”.

Mehparə Sultanova