İmzalanmış sənədlərə əməl etmək Ermənistan üçün yeganə qurtuluş yoludur

0
21

30 ilə yaxın davam edən Qarabağ münaqişəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən həll edildi. Ərazilərimizin işğaldan azad edilməsi regionda tamamilə yeni mənzərə yaratdı. Hər kəsə məlumdur ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bu bölgə üçün yeni çağırışlar yaratdı. Bundan sonrakı mərhələdə bölgədə sülhə dəstək vermək və iqtisadi prosesləri sürətləndirmək bütövlükdə Cənubi Qafqaz regionu üçün faydalı olacaq. Onsuz da əvvəlki dövrlərdə bölgədəki nəhəng layihələrin icrası birbaşa Azərbaycanın iradəsindən asılı idi. Müharibədən qalib çıxmağımız isə bu mövqeyimizi daha da gücləndirdi.

Bunu azərtac-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.

Deputat deyib: “Düşünürəm ki, bu vəziyyət hər kəsə, o cümlədən ermənilərə də kifayət qədər aydındır. Əfsuslar olsun ki, Ermənistanın bəzi siyasi dairələri və ənənəvi türk düşmənçiliyi mövqeyi tutan təşkilatları region üçün yaranmış yeni reallıqları sanki görmür, imzalanmış sənədlərin icrasından yayınmaq istəyirlər. İmzalanmış sənədlərdən imtina etmək Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər. Onsuz da iqtisadiyyatı demək olar ki, məhv olmuş bu dövlətin çox ciddi problemləri var. Əhalinin həyat səviyyəsi hər keçən gün ağırlaşır. Gənclər Ermənistanı tərk etməyin yollarını axtarırlar və s. Bütün bunların fonunda isə yenidən əsassız iddialarla müqavilədən yayınmaq cəhdləri özünüqəsdə bərabərdir. Ermənistan nə qədər tez yaranmış yeni reallıqları qəbul etsə, bu, elə ən çox onlara fayda verəcək. Bunun isə çox sadə yolu var, düşünməyi bacarmaq və ənənəvi türk düşmənçiliyindən imtina etmək. Zaman artıq bizim xeyrimizə işləyir. Ermənistanın normal gələcəyi birbaşa olaraq onun öz qonşuları ilə münasibətlərindən asılıdır. Ona görə də Ermənistan üçün imzalanmış sənədlərə əməl etmək yeganə qurtuluş yoludur.