İmtahan

444

İmtahan həmişə, hər kəsin eyməndiyi, qorxduğu bir şey olmuş, bu gün də eyni zəhmini saxlamaqdadır, çünki o, insanı bu və ya digər cəhətdən, müəyyən meyarlara müvafiq olaraq yoxlamaq, qiymətləndirmək kimi ağır, məsuliyyətli bir prosesdir.
İnsanın fərdi xüsusiyyətlərindən asılı olmayaraq tətbiq olunan imtahandan kifayət qədər bal toplamamaq və ya kəsilmək onun hələ imtahanın nəzərdə tutduğu səviyyəyə çatmadığını göstərir.
İmtahanın nəticəsinə bəzən düzgün münasibət bəslənmir, onu sanki həyatın sonu, dünyanın axırı kimi hesab edənlər də olur. Böyük dövlət xadimi Vinston Çörçil deyirdi ki, nə uğur sonsuzdur, nə də uğursuzluq son: əsas olan davam etmək cəsarətidir.
Əslində imtahanda müvafiq nəticə əldə etməmək imtahan verən üçün daha bir fürsətin yaranması deməkdir. Hamımızın tanıdığı o qədər uğurlu insanlar vardır ki, dəfələrlə imtahanlardan kəsilmələrinə baxmayaraq, həyatda istədikləri mövqeyə yüksələ biliblər.
***
Hər il ölkəmizdə ali məktəblərə qəbul imtahanları keçiriləndə test üsulundan əvvəlki imtahanlar və onlara hazırlaşmaq düşür yadıma. İndi maksimum nəticə bir yana, xeyli abituriyentin keçid balını belə toplaya bilməməsi təəccüb doğurur. Heç bir hazırlıq kursu, repetitor dərsi, sınaq imtahanı görmədən gedərdik Bakıya, qeyri-müəyyən ab-havalı imtahana girmək üçün, günlərlə qovrulardıq istidə. Burada, uzun illər keçməsinə baxmayaraq, o illəri yada salmaq üçün öz həyatımdan qısa bir epizod danışım.
1973-ci ilin isti yay günlərinin birində məndən bir neçə yaş böyük olan qonşumuza qoşulub indiki DDU-ya imtahan vermək üçün Bakıya getdim. Təsəvvür edin: parta arxasından qalxıb, heç vaxt bu böyük şəhəri əməlli-başlı görməyən, kənddə boya-başa çatan naşı bir uşaq və dörd fəndən günlərlə çəkəcək imtahanlar. DDU, o zamankı SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutu, yenicə təşkil olunmuşdu və bizlər onun birinci qəbulu olacaqdıq. Kəndimizdən həmin universitetə imtahan vermək üçün gələn səkkiz nəfərdən yeddisi birinci imtahandan kəsildi. Mənim üçün ən maraqlısı imtahandan çıxanların qarşılanması idi. Ağlayaraq çıxanları da, gülərək gələnləri də onlarla adam qarşılayırdı. Hər imtahandan çıxıb heç nə olmamış kimi yolunu təzəcə öyrəndiyim tanışımızın evinə gedər, gözlərimdən tökülən yuxumu axşama güclə saxlayardım. Sonra yenə oxumaq, oxumaq. Beşmərtəbəli binanın balkonunda yatırdım. Bir gecə yağış yağmış, məni oyada bilməyib, yatağımla birlikdə otağa götürmüşdülər.
İmtahanların dördünü də verib, nəticəni öyrənib kəndimizə gələndə rəhmətlik anam boynuma sarılıb o ki var ağladı. Anam, ümumiyyətlə, çox ağlayan insan idi (Bu yaşıma baxmayaraq, məzarını hər ziyarətimdə mənim də gözlərim o ki var sellənir, dualarım göz yaşalrıma qarışıb süzülür anamın məzarına). Tez-tez əlini sinəsinin üstünə qoyub, dediyinə görə, özü kimi dərdli birisindən eşitdyi bu bayatını oxuyardı:
Çuval dolu lil ilə,
Ağzı bağlı qıl ilə,
Deyəmmirəm dil ilə,
Çuval vay, çuval vay!

Acı taleyinin sitəmlərindən onları göz yaşlarında boğmaqla qisas almağa çalışdı anam ömrü boyunca. Bu ağlamağı qonşunun oğluna qoşulub getməyimin narahatçılığı və instituta daxil olmağımın sevincindən idi. Allaha o qədər şükür elədi ki…
Anam elə bilirdi ki, imtahan verib ali məktəbə daxil olmaqla hər iş bitir. Əsl imtahan isə tələbəlik illərində başlandı. Birinci kursda yataqxanada yer ala bilmədim. Sahil qəsəbəsində yaşayan bacımgildə qalmalı oldum. Həftənin beş gününü avtobusla yüz kilometr yol qət etməklə başa vururdum. Dərsə gecikməmək üçün səhər erkən qalxar, evə gedərkən avtobusda yatardım. Bəzən portfelim əlimdən düşər, götürüb sürücünün yanına qoyardılar. Valideynlərim birlikdə 48 rubl təqaüd alırdılar. Birinci qayğım yaxşı oxumaq, yüksək təqaüd almaq oldu. Qış semestrindən sonra 56 rubl əlaçı təqaüdü qazandım. İkinci kursdan başlayaraq yataqxanada yaşaya bildim. Yataqxana həyatı ayrı bir imtahan idi. Otaq yoldaşlarının hərəsi bir xasiyyətdə, maraq-meyilləri də bambaşqa. Biri tez yatır – işığın da sönməsini istəyir, birinin dost-tanışı çox – tez-tez söhbətə yığışırdılar, kimləri də qarşıdakı qızlar yataqxanasındakı qızlarla saatlarla “pəncərə mesajlaşması” edirdilər. Yataqxananın 99-cu otağında düz üç il yaşadıq. Bizdən bir kurs yuxarı oxuyan qəbələli tələbə Teyfur Əsədov oxumaq istədiyimi görüb, ətrafı nəzarət altına alıb, böyük qardaş kimi qayğıma qalmağa başladı. Onun sayəsində yataqxanada əla qiymətlə oxumağın mümkün olduğuna şübhə edənlər yanıldıqlarını anladılar. Gözəl insan Teyfur müəllimlə əlaqələrimiz bu gün də davam edir. Necə deyərlər, hər şeyin təzəsi, dostun köhnəsi…
***
Beş ildən sonra,1978-ci ildə, müəllim kimi müstəqil həyata qədəm basmaq anı gəldi. Ürəyimi, gözlərimi əridə-əridə verdiyim onlarla imtahanlar içərisində ən çətininin həyat imtahanı olduğunu gördüm. Həyatın, Mark Tvenin təbirincə desək ,”bir bankir” olduğuna inanmağa məcbur oldum. Böyük yazıçının bankirə verdiyi tərif nə qədər həyatidir: Bankir elə bir adamdır ki, öz çətirini sənə günəş parlayanda verir, yağış yağmağa başlayan anda onu geri qaytarmağını istəyir. Təyinatla gəlməyimə baxmayraq, mənim qədəmlərim üçün yer olmadığını gördüm. Bu imtahana yaxşı hazırlaşmasam da, inadkarlığım və işimin haqq olduğuna inamım sayəsində ondan da keçdim. O vaxtdan bəri hər günü imtahan kimi qarşılayıb yola salıram. Buraya ata-ana, qayınata-qayınana, oğul-kürəkən, qız-gəlin, qohum-əqrəba, qonum-qonşu, yar-yoldaş, ətrafdaki insanlarla münasibətlərin mürəkkəbliyi də daxildir.
***
Ən böyük və çətin imtahanım yüz yaşlarına yetişənəcən valideynlərimin qayğısını çəkmək, onların xeyir-duasını qazanmaq oldu. Yaşlı insanların qayğısını çəkməyin nə qədər çətin olduğunu bu işdən xəbəri olmayanlar “Ver yesinlər, ört yatsınlar” kimi sadə olduğunu zənn edə bilərlər.
Bütün bunlara baxmayaraq, imtahanı çox sevirəm. Mən TOEFL, və IELTS kimi nüfuzlu imtahanlara girəndə maraqla baxıb gülümsəyənlərə əlimi ağ saçlarıma çəkib, ağ rəngin təbaşir tozu olduğunu deyərək zarafatla cavab verdim. Nətcələr də “saçın ağ olmasının heç də qocalığa dəlalət etmədiyini” sübut edəndə ürəyim buz kimi oldu. İmtahan insanın potensialını ortaya çıxarır, özünə inam hissini artırır, hörmət və nüfuz sahibi edir. Ona görə bir zaman imtahana həsr etdiyim şeirdən bir bəndi də daxil etdim yazıma:
…Çıxmaq istədiyim zirvənin dağı,
Qəlbimin sevinci, üzümün ağı,
Yoluma nur saçan zəhmət çırağı,
Tərimin şöləsi – şamdı imtahan…

***
Hər şey kimi, imtahanın xarakteri də ciddi dəyişikliklərə məruz qalmışdır. Bu gün təkcə abituriyentlər deyil, müəllimlər də, məktəb də, valideyn də, cəmiyyət də, bütün dünya da imtahan verir. Keçid balını toplaya bilməyənlər müəllimin, məktəbin yetirmələri, valideynlərin övladları, cəmiyyətin üzvləridir. Ali məktəblərə imtahan vermək günümüzdə qabiliyyət yarışmasından çox, dəb morofonuna bənzəyir. Dünyanın imtahanına gəldikdə isə, saysız-hesabsız qaynar nöqtələr, dünya ağalığı sevdasına yoluxmalar, sivilizasiyadan dəm vuranların qonşu torpaqlarını işğal edənlərə göz yummaları və s. Uca Yaradanın qəzəbinə səbəb olur. Məhv olan məlum qövmlərin hamısı Allahın qoyduğu hüdudları aşdıqları və tövbə edib doğru yola üz tutmadıqları üçün belə bir aqibətin qurbanı olmayıblarmı?
Göylərin göz yaşları yağışlar və harayları olan şimşəklərin qeyri-adiliyi həmin qövmlərin bizlərə müraciəti deyilmi? Bu dünyanı, burada yaşayan hər kəsi və hər şeyi sevmədən xilas etmək mümkün olmayacaq. Hər hansı bir imtahana hazırlaşan şəxs ilk növbədə insanlığa, yaşamağa dəyər, məna verə biləcək bir hədəf müəyyən etməlidir. Allah insanı yer üzərində öz xəlifəsi kimi yaradıb. Yaradan, quran Allah öz xəlifəsinin dünyanı lərzəyə salmış dağıdıcılığını qəbul edərmi? Bəşəriyyət tolerantlığın başqalarına nəsihət vasitəsi kimi deyil, hər kəsin həyat normasına çevrilməsini istəyir. Başqalarının dərdinə şərik olmadan, xoşbəxtliyinə sevinmədən dünyanı necə sevindirmək olar? Bu mənada “Qarabağ” problemi başda olmaqla artmaqda olan lokal müharibə ocaqları XXI əsr dünyasının ən çətin imtahanıdır. Nəticəni bütün dərdlərin dərmanı olan zaman göstərəcək. Hələlik isə zaman çox acı faktların şahidi olmaqdadır. Merilend Universitetinin qlobal terrorizm haqqında topladığı məlumata görə, dünyamız hər gün daha bir faciə ilə oyanır. Həmin mənbə 2016-cı ilin yeddi ayı ərzində təkcə Avropada 892 nəfərin terror qurbanı olduğunu bildirib.
Ölən hər kəsə adamın yazığı gəlir, lakin bu qurbanların əksəriyyətinin də qardaş Türkiyənin payina düşməsi və bu acı rəqəmin bu gün də artması ürəyimizi ağrıdır.
Allah insanlığı özü islah eləsin, düz yola qaytarsın, dünyamızın olum-ölüm imtahanından salamat çıxmasına yardımçı olsun. Amin!

Rahib Alpanlı