İmtahan ver, məmur ol…

Vaxt var idi deyirdilər ki, Azərbaycanda kasıb balalarının hətta yüksək bilik sahibi olsalar belə, “hörmət” olmadığı üçün işə düzəlmələri, “dayday” zəngi olmadığı üçün karyera qurmaları mümkün deyil. Bu sahədə indi də müəyyən problemlər var, amma insaf naminə demək lazımdır ki, vəziyyət nəzərəçarpacaq dərəcədə düzəlib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının fəaliyyəti bu məsələdə “yaşıl işıq” rolunu oynayır.

Komissiyanın keçirdiyi imtahanlarda iştirak edib yüksək göstərici ilə dövlət qurumlarından birində çoxlarının arzu etdiyi işə düzələn tanışım bu mənada inanmayanlar üçün nümunə ola bilər. O, Komissiyanın keçirdiyi imtahana hazırlaşdı və yüksək nəticə göstərdi. Təxminən 2 ildən çoxdur ki, həmin işdə çalışır və dediyinə görə, bu günə qədər ona “gözün üstə qaşın var” deyən olmayıb. Lakin bəzən imtahanlardan uğurla keçənləri də göndərildikləri dövlət qurumlarında işə götürməkdə yubadanlar olur. Hər halda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada da bunu etiraf edirlər. Komissiyanın sədr müavini Vəfadar Misirov dünən keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib: “Müəyyən dövlət orqanlarına göndərilən namizədlərin iddia etdiyi vakant vəzifəyə yox, başqa bir vəzifəyə təyin etmək istəkləri olur. Namizədlərə aşağı təsnifat üzrə vəzifələr təklif edirlər. Bunu da belə əsaslandırırlar ki, yaxşı olar həmin namizəd bizim dövlət qulluğuna aid olmayan departamentimizdə gedib hər hansı bir vəzifə tutub, öyrənib sonra gəlsin. Dövlət Qulluğu haqqında qanun var və bu qanunun tələbləri var. Bu tələblərə riayət etmək lazımdır”.

V. Misirov bəzi dövlət orqanlarının struktur dəyişikliyi adı altında vakant vəzifələri Komissiyaya təqdim etmədiklərini də bildirib: “2014-cü il ərzində Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti, Dövlət Mülki Aviasiya Administrasiyası və digər bir neçə qurum struktur dəyişikliyini əsas gətirərək Komissiyaya heç bir vakant vəzifə təqdim etməyib. Bir il ərzində struktur dəyişikliyi nə dərəcədə davam edə bilər ki?”

Vəfadar Misirov söyləyib ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yarandığı gündən etibarən vakant vəzifələri Komissiyaya təqdim etməyib: “Müraciətlərimizə rəğmən hələ də bu məsələ öz həllini tapmayıb”.

Sədr müəvini bəzi dövlət orqanlarında Komissiyanın keçirdiyi müsahibələr nəticəsində vəzifəyə təyin olunmuş namizədlərlə görüş adı ilə əlavə müsahibələr keçirilməsinin namizədlərin haqlı narazılığına səbəb olduğunu qeyd edib: “Bundan başqa, 2013-cü ildə keçirilən müsabiqələrin nəticəsi kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə göndərilən təyinatla bağlı namizədlər 8 ay müddətinə gözləmə mövqeyində olublar. Yəni, bu namizədlər heç bir vəzifəyə təyinat almayıb. Halbuki qanunda bu müddət 10 gün nəzərdə tutulur. Bu il isə pozuntular tək Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bitməyib. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi tərəfindən bu müddət 4 ay, Maliyyə Nazirliyi tərəfindən isə 53 gün müddətinə ləngidilib”.

Vəfadar Misirov bildirib ki, Komissiyanın yarandığı müddətdən bu günədək keçirdiyi müsabiqə və müsahibələr nəticəsində ümumilikdə 4 min 786 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub.

Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn 2007-2014-cü il ərzində Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrə ümumilikdə 153 dövlət orqanı üzrə 13 min 387 vakant dövlət qulluğu vəzifəsinin çıxarıldığını, bu müsabiqə və müsahibələrdə 58 min 527 namizəd iştirak etdiyini deyib. Onlardan 5 min 485 nəfəri vakant vəzifələrə uyğun hesab edilib, 4 min 786 nəfər isə müvafiq vəzifələrə təyin olunub.

Nicat İntiqam