İmperatorun sonu (2)

820
Yakovlev haradansa II Nikolayı Moskvaya aparmasının  Yekaterinburqdakı Ural Şurası tərəfindən etirazla qarşılanması və buna onların mane olmaq üçün tədbirlər həyata keçirməyə başlamasından xəbər tutmuşdu. 
Ona görə də, Yakovlev Lyubinskaya stansiyasında yanacaq və su ehtiyatı götürərək bir vaqonla Omska qayıtdı. O, Omskda yoldaşları ilə danışaraq onları II Nikolayı Moskvaya aparmağa razı salmaq istəyirdi. Lakin Kulomzino stansiyasında bolşeviklər Yakovlevin  getdiyi qatarı saxlayaraq, onun Omska getməsinə imkan vermədilər. Bunu görən Yakovlev Moskvaya  zəng edərək Sverdlova vəziyyəti izah etdi. O, Sverdlova bildirdi ki, özünün və həbs edilənlərin həyatı təhlükə altındadır. Yakovlev Sverdlova: “Çarın və ailəsinin məhv edilməsini istəyən və ondan qisas almaq niyyətində olanlar var. Buna yol verilməməlidir”,-dedi.

Sverdlov isə Yakovlevə Ural Şurasının əmrinə tabe olmağı tapşıraraq ona verilən səlahiyyətlərin əlindən alınmadığı barədə də onu əmin etdi. Bundan sonra Yakovlevin əmrə tabe olmaqdan başqa çarəsi qalmadı. Yakovlev çarın və ailəsinin öldürülməsini istəmirdi və bunun əleyhinə idi. O belə, hesab edirdi ki, çar II Nikolay mühakimə edilməli, ancaq ona ölüm hökmü kəsilməməlidir. O çarın ailəsinə qarşı da zorakılığa əl atılmasının əleyhinə idi və bunu insanlıq baxımından düzgün olmayacağı qənaətində idi. Onu da deyək ki, Yakovlev əslən Orenburqdan idi o, 1905-ci ildə Rusiya Sosial Demokrat  Fəhlə Partiyasına (RSDFP) daxil olmuşdu. Əsl soyadı nisə Myaçin di. Gizli şəraitdə işlədiyi üçün özünə Yakovlev soyadı götürmüşdü. Yakovlev inqilabçıları pulla təmin etmək üçün bir dəfə Mias şəhərindən Moskvaya 25 kilo qızıl aparan poçt qatarına belə hücum etmişdi. Bu hadisədən sonra o, ələ keçməmək üçün gizlicə Brüsselə getməyə məcbur olmuşdu. Rusiyaya yalnız Fevral burjua inqilabından sonra qayıtmışdı. O, qış sarayına hücumda iştirak etmişdi. Amma bolşeviklərin çoxu ona inanmırdı. Çarın Moskvaya aparılmasına imkan verilməməsindən və onun güllələnməsindən sonra Yakovlev eserlərin tərəfinə keçdi. Sonralar o eserler tərəfindən Samarada qurulan Müəssisələr Məclisində rəhbər vəzifələrdən birini tutdu.

Onun sonrakı taleyi isə məlum deyil. Hər halda Yakovlev ürəyiyumşaq adam idi və o, bütün hallarda əvvəlcə çar II Nikolayın ailəsinə toxunulmayacağına ümid edirdi. Lakin Sverdlovun əmrini yerinə yetirərək çar II Nikolayı Yekaterinburqa gətirməyə məcbur olan Yakovlev o vaxt hiss etdi ki, bolşeviklər çarı edam edəcəklər.

Sonuncu dayanacaq

Omsk və Tobolskla müqayisədə çar ailəsini Yekaterinburqda kütlə xüsusi əsəbiliklə qarşıladı. Yekaterinburq dəmiryolu stansiyasına yığılan əhali çarın dərhal edam edilməsini tələb edirdi.  Stansiyaya toplaşanlar: “Çarı dərhal edam etmək lazımdır. O bizim əlimizdədir və ona aman verməməliyik”,-deyə qışqırırdılar. Hətta stansiyanın komissarı belə Yakovlevdən tələb edirdi ki, Romanovu ona göstərsin, onun üzünə tüpürmək istəyir. Çarı və ailəsini kütlənin hücumundan qorumaq üçün təcili şəkildə qatarı hərəkətə gətirərək onu digər stansiyada dayandırmağa məcbur oldular. II Nikolayı və ailəsini Yekaterinburqda mühəndis Nikolay İpatovun mənzilində yerləşdirdilər. Burada Yekaterinburq Fövqəladə Komissiyasının xüsusi təyinatlı idarəsi yerləşirdi. Evin ətrafına üç metr hündürlüyündə divar çəkilmiş, ətrafında möhkəmləndirilmiş mühafizə sistemi qurulmuşdu. Buranı mühafizə etmək xüsusi təlim görən və bolşeviklərə sədaqəti ilə tanınan alaya tapşırılmışdı. Onlar evin ərafına bir nəfər də olsun şübhəli şəxsin yaxınlaşmasına imkan vermirdilər. Çar ailəsi  üçün 4 otaq ayrılmışdı. Amma bolşeviklər Kerenski hökuməti tərəfindən II Nikolayın mühafizəsinə ayrılan əsgərləri özlərinin adamları ilə əvəz etmişdilər. İndi çar və ailəsini 36 nəfər Ural fəhləsi və latış atıcılarından təşkil edilən mühafizəçilər qoruyurdu. Çarı mühafizə edənlər ona nifrətlərini açıq şəkildə büruzə verirdilər. Onlar tez-tez çar ailəsi olan otağa daxil olaraq onlara aid sandığı icazəsiz açaraq oradakı II Nikolayın həyat yoldaşına və övladlarına aid qızıl əşyalarını götürür və bir daha geri qaytarmırdılar. Bununla bağlı 1918-ci il may ayının 28-də çar II Nikolay öz gündəliyində belə yazmışdı: “Qaldığımız evdə ailəmizə məxsus olan sandıqlardan hər gün oranı mühafizə edənlər nə isə qiymətli əşya götürür və onları bir daha geri qaytarmırlar. Bu ki, əclaflıqdır “.

 

Edam

Həmin dövrdə yerli əhali hər gün çar II Nikolay saxlanılan evin qabağına toplaşaraq çarın edam edilməsini tələb edirdilər. Amma Lenin və Trotski çarı Moskvaya gətirərək onun üzərində məhkəmə qurmaq niyyətində idilər. Lakin Qırmızı ordunun cəbhədə bir-birinin ardınca məğlubiyyətə uğraması və ağqvardiyaçıların Yekaterinburqa yaxınlaşması Lenini bu plandan əl çəkməyə məcbur etdi. Lenin və ətrafındakılar, o cümlədən Sverdlov əvvəlcə təcili şəkildə  çar və ailəsini Moskvaya gətirmək istədilər. Lakin onun yolda ağqvardiyaçılar tərəfindən azad ediləcəyindən qorxaraq bu planlarından da əl çəkdilər. Lenin təcili şəkildə Ural Şurasına teleqram göndərdi: “Çar ailəsi dərhal edam edilsin”.

Teleqramı alan kimi Ural Şurası əmrin icrasına başladı. 1918-ci il iyul ayının 16-dan 17-nə keçən gecə çar ailəsi də daxil olmaqla 11 nəfər İpatovun evinin zirzəmisinə aparıldı və orada güllələndi. Güllələnənlər arasında 50 yaşlı çar II Nikolay, onun həyat yoldaşı 46 yaşlı Aleksandra Fyodorovna, 23 yaşlı qızı Olqa, 21 yaşlı qızı Tatyana, 19 yaşlı qızı Maşa, 17 yaşlı qızı Anastasiya və 13 yaşlı xəstə oğlu Aleksey də vardı. Bolşeviklər çar ailəsinin xidmətçisi Çemodurov və gənc aşpaz qız Lenya Sednevaya rəhm etdilər. Kerenski hökuməti tərəfindən çar ailəsinin mühafizəsinə rəhbər təyin edilən polkovnik Kobılinski isə güllələnəcəyini hiss edərək, hələ Tobolskda ikən qaçıb gizlənə bilmişdi. Ancaq  Kobılinski də ölümdən qaça bilmədi. Ötən əsrin 20-ci illərində bolşeviklər Kobılinskinin izinə düşərək onu həbs etdilər və məhkəməsiz güllələdilər.

Amma çarın güllələnməsindən sonra tarixə sirr kimi düşəcək bir hadisə baş verdi. Bolşeviklər iz itirmək məqsədi ilə öldürülənləri Yekaterinburqun ətrafına apararaq onların üzərinə  kislota tökdülər, sonra isə meyitləri yandırdılar. Amma zirzəmidəki divarlarda öldürülənlərin qanları ötən  əsrin  30-cu illərinə kimi qalmışdı. O dövrdə pionerləri edam yerinə apararaq onlara çarın edam edildiyi otağı göstərir və ona şagirdlərdə nifrət aşılayırdılar. Bu məqsədlə 1927-1932-ci illərdə çar güllələnən evdə İnqilab muzeyi təşkil edilmişdi. Çar və ailəsi güllələnən zirzəmidəki qanlı divarlar önündə hətta xatirə şəkli çəkilməsinə belə icazə verirdilər. Sonra çarı unutdurmaq üçün bu təbliğat dayandırıldı. Ötən əsrin 70-ci illərində çarın müəmmalı ölümü barədə yayılan çoxlu sayda əfsanələr xalq tərəfindən İpatovun evinin yenidən kütləvi şəkildə ziyarət edilməsinə gətirib çıxardı. Ona görə də, o dövrdə  Sverdlovsk ( Yekaterinburq) vilayətinə rəhbərlik edən Boris Yeltsinin birbaşa əmri ilə İpatovun evi yerlə-yeksan edildi.

 

Unutdura bilmədilər…

Çarın müəmmalı şəkildə güllələnməsindən bir neçə gün sonra ağqvardiyaçılar Yekaterinburqu ələ keçirdilər. Onlar dərhal çarın güllələnməsi faktını araşdırmağa başladılar. Araşdırma zamanı yerli şahidlərin köməyi ilə çarın və ailə üzvlərinin şəhər ətrafında yandırıldığı yeri də müəyyən etmək mümkün oldu. Lakin öldürülənlərin başlarını tapmaq mümkün olmadı, bədənləri isə yandırılaraq tanınmaz hala salınmışdı. Bütün hallarda yandırılsa belə, çarın kəllə sümükləri və dişləri qalmalı idi. Lakin  öldürülənlərdən yalnız tanınmaz hala düşmüş sümüklər qalmışdı. Belə ehtimal edilir ki, çar və ailəsinin güllələnməsinə rəhbərlik edən bolşevik Qoloşekin çar ailəsinin, həqiqətən də, məhv edildiyini Leninə sübut etmək üçün onların başını Moskvaya aparıb. Bunu ağqvardiyaçılar tərəfindən aparılan istintaq zamanı hadisə şahidlərinin verdikləri ifadələr də sübut edir. Yeri gəlmişkən onu da deyək ki, Qoloşekin sonralar bolşeviklər tərəfindən Türküstanda rəhbər vəzifəyə təyin edildi. O, Orta Asiyada on minlərlə insanın güllələnməsinə rəhbərlik etdi. Onun rəhbərliyi dövründə 3 milyona yaxın qazaxın mal-qarası, son tikələri belə müsadirə olundu. Nəticədə onların çoxu acından öldü.

Konkret olaraq  Rusiyanın sonuncu imperatoruna gəlincə, o buraxdığı səhvlərin qurbanı oldu. Ondan sonra hakimiyyətə gələn bolşeviklər xalqa divan tutaraq 10 milyona yaxın adamı xalq düşməni adı altında güllələdilər və ya sürgünlərə göndərdilər. SSRİ dağıldan sonra çar II Nikolay Rusiyada yenidən hörmətlə anılmağa başladı. Hər halda bolşeviklərlə müqayisədə çar imperiya əhalisinə qarşı kütləvi şəkildə qırğınlara əl atmağa cəsarət etməmişdi…

ƏZİZ MUSTAFA