İmperatorun sonu (1)

647
Onun adı bir vaxtlar bolşevik rejimi tərəfindən nifrətlə çəkilər, Rusiya daxilində baş verən bütün pis hadisələrin günahı onun üstünə atılardı. 
O təbii ki, qos-qoca bir imperiyanın çarı idi və ölkədə baş verənlərə görə məsuliyyət daşıyırdı. Bununla belə hakimiyyətə can atan bolşeviklərin ona böhtan və iftira atmalarının, xalq arasında gözdən salma cəhdlərinin arxasında daha məkrli niyyətlər dayanırdı. O, sonda elə bolşeviklərin güdazına getdi. SSRİ dövründə tarix kitablarında o, əlləri öz xalqının qanına batan çar kimi təqdim edilirdi. Halbuki hərbi çevriliş yolu ilə hakimiyyətə gələn Leninin başçılıq etdiyi bolşevik hökuməti əksinqilabçı, menşevik, eser və digər adlar altında əhaliyə divan tutaraq yüz minlərlə günahsız insanı gedər-gəlməzə göndərdilər. O, çar idi, ancaq bolşevik hökumətini idarə edənlərdən fərqli olaraq, əsarət altına aldığı xalqların əlifbasını, milliyətini dəyişdirməklə bağlı  hər hansı bir addım atmadı. Onun ən böyük səhvi I Dünya müharibəsində ölkəsinin iştirak etməsinə mane olmaması oldu. Əgər o həmin dövrdə yalançı şöhrət naminə Rusiyanı müharibəyə sürükləyən generalların qələbə vədlərinə aldanmasaydı, bəlkə də özünün və ailəsinin faciəli şəkildə  ölümündən qaça biləcəkdi. Amma tarix ona bu səhvləri bağışlamadı və I Dünya müharibəsində Rusiyanın iştirak etməsi onun sonunu gətirdi. Bu, Rusiyanın sonuncu çarı II Nikolay idi.

 

“Xodın çarı”

II Nikolay 1868-ci il may ayının 18-də çar III Aleksandrın ailəsində anadan olmuşdu. O, öz dövrü üçün mükəmməl olan təhsil almış, hərbi işi, tarixi, ədəbiyyatı, hüququ dərindən örəynmişdi. Üstəlik, gələcəyin çarı hələ uşaq ikən fransız, alman və ingilis dillərinə dərindən yiyələnmişdi.  Tale ona imperator olmaq üçün lazım olan bütün xüsusiyyətləri bəxş etmişdi. Nikolayı hələ uşaq ikən fərqləndrən  xüsusiyyətlərindən biri də onun olduqca təmkinli və soyuqqanlı  olması idi. 26 yaşında ikən taxta çıxaraq çar II Nikolay adı altında ölkəni idarə etməyə başladı. Taxta çıxmazadan əvvəl, hələ atası sağ ikən o, alman şahzadəsi Alissa Hessenskaya (Aleksandra Fyodorvna) ilə evlənmişdi. Halbuki atası onun bu evliliyini istəmirdi. Amma gələcək çarın alman şahzadəsi ilə evlənməsinə mane olmadı.  II Nikolayın bu izdivacdan Olqa, Tatyana, Mariya, Anastasiya adlı qızları və oğlu Aleksey doğuldu. Atasının ölümündən sonra ölkəni idarə etməyə başlayan çar 1896-cı ildə Xodın çölündə tacoyma mərasimi keçirdi. Çarın tacqoyma mərasiminə minlərlə adam yığılmışdı. Ancaq mərasim faciəyə çevrildi. Belə ki, tacqoyma mərasimində baş verən basabasda 1282 nəfər öldü, yüzlərlə insan isə ayaqlar altında qalaraq xəsarət aldı. Ona görə də çara xalq arasında “Xodın çarı” ləqəbi vermişdilər. Bununla belə, imperator qısa müddətə ölkədə iqtisadi və siyasi islahatlar həyata keçirdi. İnsanların siyasi baxışlarına görə təqib edilməsinə son qoyuldu, mətbuat üzərində senzura yumşaldıldı. O, fabrik və zavodlarda işləyən fəhlələr üçün iş vaxtı müəyyən etdi, elmin inkişafına dəstək verdi. Nəticədə ölkədə sənaye və kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı. Lakin çarın verdiyi bu siyasi azadlıqlar onun əleyhinə çıxan güclərin əl-qol açmasına gətirib çıxardı. Leninin rəhbərlik etdiyi bolşeviklər çarı devirmək üçün fəhlələr arasında təbliğatı gücləndirdilər. Bu da öz növbəsində ölkədə siyasi böhrana gətirib çıxardı. 1904-1905-ci illərdə Yaponiya ilə müharibədəki məğlubiyyət Rusiyanın hərbi baxımdan zəiflədiyini üzə çıxardı. Bunun ardınca bolşeviklərin və keşiş Qaponun təxribatları nəticəsində ölkədə 9 yanvar qanlı bazar hadisəsi baş verdi. Bununla belə, çar ölkədə Dövlət Dumasının yaradılması barədə sərəncam imzalamaqla Rusiyanın gələcəyində önəmli rol oynaya biləcək bir adım atdı. II çağırış Dövlət Duması  o dövr üçün demokratik hesab edilən bir şəraitdə işlədi. Lakin burada bolşevik ovqatlı adamların Dumanı II Nikolaya qarşı mübarizə meydanına çevirməyə cəhd etməsi hökuməti sərt adımlar atmağa məcbur etdi. 1907-ci ilin iyun ayından sonra bolşevik ovqatlı Dumanı çara sadiq  parlament əvəz etdi. Bununla belə, 1907-1914-cü illərdə Rusiyada kənd təsərrüfatı və sənaye sürətlə inkişaf etdi.

 

Faciəyə aparan səhv

I Dünya müharibəsi ərəfəsində Rusiya Almaniyaya qarşı Antanta ölkələri ( Böyük Britaniya, Fransa) ilə bir hərbi blokda idi. O vaxt çarın ətrafındakılar Almaniyaya qarşı müharibəyə girmənin əleyhinə idilər. Lakin generallar müharibəyə can atırdılar. Onlar Almaniyadan gələ biləcək təhlükə altında çarı Fransa və Böyük Britaniya tərəfində müharibəyə girməyə razı sala bildilər. Buna əsas kimi isə həm də müttəfiqlər qarşısında götürülən öhdəlik əsas göstərildi. Lakin bu müharbəyə girməklə çar ən böyük səhvlərindən birini etdi. Müharibə  Rusiyaya aclıq və fəlakət gətirərək  impereiyanın dağılması prosesini sürətləndirdi. Aclıq və cəbhədə məğlubyyətlər əhalinin çara qarşı ayağa qalxmasına yol açdı. Nəticədə 1917-ci ilin fevralaında Petroqradda və digər şəhərlərdə  etirazlar yüksəldi. Ayağa qalxan xalqa qarşı silah işlətməkdən çəkinən çar II Nikolay həmin il mart ayının 2-də taxt-tacdan əl çəkməyə məcbur oldu. Bundan sonra ölkəni Kerenskinin başçılıq etdiyi Müvəqqəti hökumət idarə etməyə başladı. Xalqın çara olan nifrətini zəiflətmək məqsədi ilə müvəqqəti hökumət mart ayının 9-da çar II Nikolayı ailəsi ilə birlikdə Sar kəndinə sürgün etdi. Buradan isə Romanovlar ailəsinin sonuncu çarını Sibirə- Tobolska şəhərinə sürgün etdilər.

 

Bolşevik vəhşəti

Tobolskda sürgündə çar ailəsi xüsusi mühafizə altında idi. Çar ailəsinin şəxsi həkimi professor Yevgeni Botkin, çar mühafizə xidmətinin rəhbəri polkovniik Yevgeni Kobılinski, aşpaz Xaritonov və digər xidmətçilər də onunla idi. Çar ailəsini Tobolskun keçmiş qubernatoruna məxsus olan iki mərtəbəli  evdə yerləşdirmişdilər. Çar ailəsinə böyük sərbəstlik verilmişdi. Onlar azad şəkildə şəhərdə gəzir, hətta İrtış çayında çimməyə və balıq tutmağa belə gedirdilər. Ammma Rusiyada 1917-ci ilin  noyabr ayında bolşeviklər tərəfindən həyata keçirilən  dövlət çevrilişindən sonra vəziyyət dəyişdi. 1918-ci ilin mart ayında keçirilən Ümumrusiya İcraiyyə Komitəsinin iclasında qurumun sədri Yakov Sverdlov çar üzərində açıq məhkəmə qurulmasını  təklif etdi. İclasda çarın sürgündə olduğu Tobolskda ona rəğbətin böyük olduğu və kütlənin onu müdafiə etmək üçün ayağa qalxa biləcəyi təhlükəsi vurğulandı Qərara alındı çar ailəsini daha təhlükəsiz yerə- o vaxt bolşeviklərin nəzarəti altında olan Yekaterinburqa gətirilməsi və möhkəm mühafizə altında saxlanılması daha məqsədəuyğundur. Çar və ailəsini Yekaterinburqa gətirmək üçün Vasili Yakovlevin rəhbərliyi altında xüsusi əməliyyat planı hazırlandı. Bu məqsədlə Ufadan Tobolska hərbi alay göndərildi. Onlara Ural və Omsk atlı drujinaları da kömək edirdilər.   Tobolska gələn Yakovlev çar və onun ailəsi, həmçinın II Nikolayın xəstə oğlu Alekseyi ziyarət etdi. Ertəsi gün Yakovlev II Nikolayın  Yekaterinburqa göndəriləcəyi barədə əmr aldığını bildirid. Lakin ailəsi II Nikolayı  tək buraxmayacaqlarını bildirdi. Belə olanda Yakovlev xəstə Alekseyin Tobolskda qalması şərti ilə ailəsinin də Yekaterinburqa göndərilməsini qərara aldı. 1918-ci il aprel ayının 26-da  çar ailəsini Yekaterinburqa apardılar. Çar və ailəsini xüsusi mühafizə alayı və pulemyotçular briqadası müşayiət edirdi. Çarın  Yekaterinburqa aparılması xəbəri gizli saxlanılsa da, bundan əhali xəbər tuta bilmişdi. Ona görə də çar və ailəsinin aparıldığı yollara yüzlərlə insan çıxmışdı, hamı çarı görməyə can atırdı. Tümendə çar və ailəsini ayıraraq II Nikolay və həyat yoldaşını xüsusi qatarla Yekaterinburqa yola saldılar. Ailəsini isə müvəqqəti olaraq şəhərdə- Tümendə saxladılar. Yakovlev gözlənilmədən yolda çarı Yekaterinburqa deyil, Moskvaya aparmaq qərarına gəldi. Ona görə də marşrutu dəyişdi, ancaq bolşeviklərin rəhbərlik etdiyi Ural Şurası Yakovlevin bu hərəkətini pisləyərək onu xain elan etdi. Yakovlevin çarı Moskvaya aparmasına mane olmaq üçün onun ardınca silahlı dəstə göndərildi. Eyni zamanda çar gedən qatarın saxlanılması barədə göstəriş verildi. ƏZİZ MUSTAFA