“İmmuniteti zəif olan insanlar vərəm xəstəliyinə daha tez yoluxurlar”

1123

Xəyalə Sadıqova, Pənah Abdurrahmanlı
Səhiyyə rubrikamızın budəfəki qonağı tibb üzrə fəlsəfə doktoru, torakal cərrah Arif Ağayevdir. Məlumat üçün bildirək ki, torakal cərrahiyyə döş qəfəsində yerləşən orqanlarının xəstəliklərini əhatə edir. Buraya döş qəfəsi divarının və onun orqanların – plevralar, qabırğalar, diafraqma və fəqərələrin cərrahiyyəsi daxildir. Torakal cərrahiyyə həmçinin döş qəfəsi orqanlarının – ağciyər, yemək borusu, timus vəzinin (çəngələbənzər vəz) xəstəlikləri – ağciyərin iltihabi və qeyri-iltihabi xəstəlikləri, eyni zamanda ürək-damar sistemi istisna olmaqla döş qəfəsinə daxil olan bütün orqanların cərrahi patologiyaları ilə məşğul olur.
– Qida borusunda şiş və ya yırtığın yaranmasına səbəb nədir?
– Qida borusu xəstəlikləri onkoloji və qeyri-onkoloji olmaqla 2 qrupa bölünür. Qida borusu xərçəngi, qida borusu miomaları onkoloji xəstəliklər hesab olunur. Digəri isə iltihabi xəstəliklər və yemək borusunun funksiyasının pozulması nəticəsində əmələ gələn xəstəliklərdir.
– Bu xəstəliklər əlamət göstərirmi?
– Yemək borusunun əsas əlamətləri disfagiya adlanan udqunmanın pozulması ilə müşahidə olunur. Qeyd edim ki, bu əlamət yemək borusu xəstəliklərinin 70 faizini təşkil edir. Ən çox rast gəlinən digər əlamət isə döş sümüyü arxası nahiyəsində olan ağrılar. Mənşəyi məlum olmayan bu ağrıları xəstələr uzun müddət müxtəlif xəstəlik adı ilə müalicə etdirirlər. Bu əlamətlərə gah ürək xəstəliyi, gah da nevroz diaqnozu qoyulur. Sonda müəyyən olunur ki, yemək borusunda problem var və ağrı da bundan qaynaqlanır. Bu problem həm də gəyirmə, qıcqırma ilə müşahidə olunur.
– Qeyd etdiniz ki, qida borusu xəstəlikləri ürək xəstəliyi ilə qarışdırılır. Bəs bu xəstəlikləri hansı əlamətlərinə görə fərqləndirmək olar?
– Ürək və digər orqanların xəstəliklərindən fərqləndirmək üçün qida borusu ilə bağlı hər hansı şikayəti olan xəstə, ilk növbədə, döş qəfəsi cərrahına müraciət etməlidir. Ümumi cərrahlar hər zaman qarın boşluğu orqanları ilə məşğul olduqları üçün yemək borusu patologiyaları onların ağlına gələn ən sonuncu ehtimaldır. Ürək ağrılarının gedişatı xarakter baxımından fərqli olur. Belə ki, ürək ağrıları sakitlik dönəmində və ən çox fiziki hərəkət zamanı baş verir. Lakin qida borusu xəstəliklərindən qaynaqlanan ağrılar əsasən yemək qəbulundən sonra intensivləşir. Yemək borusunda ağrı varsa, bu, davamlı xarakter daşıyır. Lakin ürək ağrıları keçici olur. Ürək xəstəliyini müəyyənləşdirmək üçün exokardioqram etmək kifayət edir. Lakin qida borusu xəstəliyinin diaqnostikası uzun bir prosesdir. Sahəsi olmayan bir həkim üçün bu xəstəliyi müəyyənləşdirmək çətindir.
– Diafraqma xəstəlikləri nələrdir, necə yaranır və özünü xəstədə hansı əlamətlərlə göstərir?
– Diafraqma xəstəlikləri anadangəlmə və qazanılma olur. Qazanılma diafraqma xəstəlikləri travmatik olur. Ən çox rast gəlinən diafraqma patologiyalarından biri diafraqmanın yemək borusu dəliyinin yırtığıdır. Bu zaman yemək borusu möhtəviyyatı davamlı olaraq mədəyə gedir. Nəticədə döş sümüyü arxasında ağrılar müşahidə olunur. Əgər diafraqmada xəstəlik varsa, qonşu orqanlara da sirayət edir. İnsan bədənində ürək, beyin, ağciyər həyati vacib orqanlar hesab olunur. Bunlardan hər hansı birini götürsək, insan yaşaya bilməz. Bu orqanlardan ikisi sırf diafraqmanın üzərində yerləşir. Diafraqma birbaşa ürəyin tənəffüsünü tənzimləyir. Əgər diafraqmada yırtıq varsa, o, tənəffüsə də təsir edir və qarın orqanlarının yerinin dəyişməsinə gətirib çıxarır.
– Ağciyərin iltihabi xəstəlikləri hansılardır?
– Ağciyərin 2 növ xəstəlikləri var. Ağciyərdə vərəm, onkoloji xəstəliklər və sarkoidoz kimi spesifik xəstəliklərə tez-tez rast gəlinir. Qeyri-spesifik xəstəliklərə isə travmalar, iltihabi xəstəliklər, ağciyər zədələnmələri aiddir. Qeyd etdiyimiz kimi, vərəm xəstəliyi təkcə Azərbaycanın deyil, bütün dünyanın əziyyət çəkdiyi problemdir; hava və damcı yolu ilə yayılır. İnsanlar bu xəstəliyə birbaşa hava yolu ilə yoluxurlar.
– Bu xəstəlikdən necə qoruna bilərik?
– Bunu qorumağın yolu şəxsi gigiyena qaydalarını gözləmək və bədənin fiziki sağlamlığına davamlı olaraq diqqət etməkdir. İmmunitet zəiflədiyi anda orqanizm vərəmə yoluxmağa meyilli olur. Rütubətli yerlərdən uzaq olmaq, vərəm xəstələri ilə maksimum az əlaqədə olmaq və maska taxmaq önəmlidir. Vərəmin inkişafı üçün lazımi mühit və mikrobun sayı kifayətdir. Buna görə də, xüsusilə, 14 yaşına qədər uşaqlarda immunitet zəif olduğu üçün vərəmə yoluxma ehtimalı yüksəkdir. Təcridxanalarda olan insanlar, qidalanma rejimini düzgün seçməyən şəxslər, vitamin qəbul etməyənlər yoluxmağa meyilli olurlar.
– Vərəmin tam müalicəsi varmı?
– Bəli var. Vərəm xəstələri tam sağala bilərlər. İlk növbədə, 14 yaşından yuxarı hər bir insan il ərzində bir dəfə də olsa ağciyərin rentgenoqrafiyası olunmalıdır. Çünki tənəffüs etdiyimiz havada vərəm çöpləri mövcuddur. Əgər yoluxmaq istəmiriksə, birmənalı şəkildə müayinə olunmalıyıq. Vərəm xəstəliyi çox aqressiv və tabe olmayan xəstəliklər qrupunda gəlir. Çünki çökmüş bir orqanizmi qaldırmaq daha çətindir nəinki mikrobla mübarizə aparmaq. Təbii ki, insanın fiziki sağlamlığı yerindədirsə, vərəm xəstəliyinə qalib gəlməsi çox rahat olacaq. 6 aydan 2 ilə qədər müddətdə xəstəliyi müalicə etmək mümkündür. Bu xəstəliyin yayılma dərəcəsi zədələnmə ölçüsündən asılıdır.
– Pnevmaniya xəstəliyi nədən qaynaqlanır?
– Pnevmaniya ağciyərin iltihabi xəstəliyidir. Spesifik və qeyri-spesifik olmaqla 2 yerə bölünür. Pnevmaniya xəstəxana daxili və xəstəxana xarici olaraq yarana bilir. Xəstəxana xarici pnevmaniya evdə qrip və ya hər hansı xəstəlikdən sonra yaranır. Digərinə isə insanlar xəstəxana daxilində yoluxur. Belə ki, göy, yaşıl irin çöpləri, bağırsaq çöpləri, pnevmakoklar var ki, bu viruslar hər yerdə olsa da, xəstəxana daxilində onların miqdarı daha çox olur.
– Pnevmaniya əlamət göstərirmi?
– Öskürək, döş qəfəsində yüngül ağrılar, təngnəfəslik, yüksək temperatur pnevmaniyanın spesifik əlamətləri sırasındadır. Qeyri-spesifik əlamətlərə isə halsızlıq, tərləmə, həyat fəaliyyətinin aşağı düşməsi, emosionallıq və ya loyallıq daxildir ki, bunlar xəstəliyin təsiri nəticəsində yaranan əlavə əlamətlərdir.

– Çox zaman artıq çəkidən əziyyət çəkən şəxslər estetik əməliyyat yolu ilə qabırğalarını çıxardırlar. Bu gələcəkdə orqanlara zərər verə bilərmi?
– Hər bir insanda 24 qabırğa var. Onda sual yaranır niyə bir insan çox kökəlir, digəri isə normal çəkidə qalır? Demək ki, kökəlmənin səbəbi qabırğa deyil. Kökəlmə metobolizmada maddələr mübadiləsinin düzgün getməməsi ilə əlaqəli bir prosesdir. Bəli estetik cərrahlar bu yola çox zaman baş vururlar. Hətta belin incə olması üçün 11-12-cı qabırğaları çıxarırlar. Tənəffüsdə iştirak etmədiyi üçün bunu zərərsiz hesab edirlər. Lakin bu, tamamilə yanlışdır. Bu qabırğaları çıxarmaq fərq yaratmayacaqsa, o zaman Allah onu niyə yaradırdı? 11-12-ci qabırğanın arxasında böyrəklər müdafiə olunur. İnsan bədənində lazımsız heç bir orqan yoxdur. Hər birinin öz funksiyası və vəzifəsi var. Qabırğalar isə orqanları müdafiə etməklə vəzifəlidir.
– Bədənimizin hər hansı bir yerində sümük sınırsa, bu, gipsə salınmaqla bərpa olunur. Bəs döş qəfəsində hər hansı qabırğa sındığı zaman buna hansı müdaxilələr olur?
– Döş qəfəsi travmaları bu gün ən geniş yayılmış problemlərdən biridir. İlk növbədə, buna səbəb avtoqəzalardır. Ölüm səbəbləri arasında birinci yerdə yol hadisələri gəlir. Avtoqəzalardan sonra ən çox xəsarət alan orqanlardan biri döş qəfəsidir. Qabırğalar travma aldıqda ən çox ağciyərə təsir edir. Bu zaman ağciyər əzilmələri, cırılmaları və qanaxmaları baş verir. Qabırğa qırıqları isə 2 qrupa bölünür. Yerini dəyişmiş sınıqlar və yerini dəyişməmiş sınıqlar. Yerini dəyişməmiş sınıqlar heç bir müdaxilə tələb etmir və 21-90 gün müddətində özü sağalır. Bu müddət yaşdan və bədəndə gedən proseslərdən asılı olaraq dəyişir. Yerini dəyişmiş sınıqlar isə özləri də iki yerə bölünür. 2 sm-ə qədər olan sınıqlar bərpa olunmağa meyilli olur. Lakin qəlpəli sınıqlar bərpa olunmağa meyilli olmurlar və hərəkət edirlər. Hissə şəklində sümükdən qopduğu üçün qabırğa ilə əlaqəni itirir. Əgər bu qəlpə daxili orqanlardan hər hansı birinə həyati vacib təhlükə törədirsə, bu zaman cərrahiyyə yolu ilə həmin qəlpələr çıxarılır. Əksinə, bu sınıq heç bir təhlükə yaratmırsa, müdaxilə edilmir.
– Bəzi insanların gözlərində qızartı və qeyri-iradı olaraq göz qapaqlarının yumulması halları müşahidə olunur. Bu hansı xəstəliyin əlamətidir?
– Bu korneal əlaməti adlanır. Gözlərdə olan kliniki əlamətlər miasteniya xəstəliyindən xəbər verir. Bu, sinirlə əzələ ötürücülüyü pozulduğu zaman sinirdən gedən siqnalın əzələyə çatmaması nəticəsində baş verir.
– Bu xəstəlik özünü daha hansı orqanlarda göstərir?
– Miasteniya 3 formada özünü göstərir. Belə ki, ilkin mərhələdə bu xəstəlik əlamət göstərmir. Sonrakı etapda əlamət göstərsə də, bədən bunun kompensasiya edə bilir. Lakin ən ağır forması diafraqmanın boşalması nəticəsində tənəffüsün pozulması ilə müşahidə olunur. Miasteniya krizi adlanan bu xəstəlik bir anda insan həyatına son qoya bilir.
-Bu xəstəliyin ümumi əlaməti varmı?
– Miasteniya xəstəliyinin ən geniş yayılmış əlamətlərindən biri ümumi zəiflikdir ki, bu bütün əzələlərdə özünü göstərir. Göz əzələsi də bunlardan biridir. Göz qapağının əzələsi həddindən artıq incə olduğundan miasteniya xəstəliyi olan kimi ilk olaraq bu orqanda özünü göstərir. Daha sonra dilçək əzələsi zədələnir ki, bu da səsin batması ilə müşahidə olunur. Eyni zamanda udqunma pozulur, tüpürcək ağıza yığılır və çölə tökülməyə başlayır, ayaqlar tez yorulur və s.