İmkanımız daxilində Novruzu qarşılayırıq

576

Novruz bayramı Azərbaycan xalqının ən çox sevdiyi bayramlardandır. Hələ sovet dönəmində bu bayrama müəyyən qadağalar qoyulsada da, hər bir azərbaycanlı ailəsi bu bayramı ürəyi istədiyi kimi qeyd edərdi. Bəs bu gün vəziyyət necədir?

Bayram öncəsi Mingəçevir sakinləri ilə görüşüb onların təəssüratları ilə tanış olduq. İlk müsahibimiz Mingəçevir şəhər Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ədalət Quliyeva oldu. O dedi ki, Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur: “Bu, təmizlik, paklıq bayramıdır. Novruz ruhumuza yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən bir bayramdır. Bu bayramı çox sevirik. İmkanımız daxilində çalışırıq ki, onun şəninə evimizdə, süfrəmizdə hər cür nemət olsun. Axı xalq arasında belə bir deyim var: “İli necə qarşılasan, bütün ilin də o cür keçər”.

“Bəs, bazarlardakı qiymətlər buna imkan verir?” sualımıza isə Ədalət xanım belə cavab verdi: “Bir neçə gündür ki, bazarlar, iri marketlər, belə demək mümkünsə, od tutub yanır: “Düzdür, hər kəs istəyər ki, bayramı istədiyi kimi qeyd etsin. Amma bu günkü maaşla bunu etmək bir az çətindir. Buna baxmayaraq, yenə də deyirəm, imkanımız daxilində çalışırıq ki, uşaqlarımızı, nəvələrimizi heç olmasa az da olsa sevindirək. Təki sağlıq olsun, bu bizə yetər”.

Şəhər sakini Gülnarə Hacıyeva isə bizimlə söhbətində maraqlı bir məqama toxundu: “Bahalığın nə demək olduğunu hələ indi anlayırıq. Əvvəllər valideynlərimiz bayramlıq, bazarlıq edəndə biz heç bilmirdik ki, nə var, nə yox? Rahat yeyib-içib gəzirdik. İndi bu məsuliyyət bizim üzərimizə düşüb. Bu mənada bazarlığın nə olduğunu yaxşı bilirik. Bəli, bu gün, doğrudan da, hər şey bahadır. Xüsusilə bayram günləri nə bazara, nə də marketə getmək mümkün deyil, qiymətlər, əgər belə demək mümkünsə, adamı yandırır. Mənim şəxsi qənaətimə görə, bir neçə gün öncə aldığım məhsulların qiymətləri bir neçə dəfə artıb. Bu, belə olmaz axı”.

 

Səlminaz Vəliyevanın fikirincə, sovet dövründə belə bolluq olmasa da, hər şeyin qiyməti normal idi: “Mən hələ gənclik illərimdən bu bayramı çox sevmişəm. Ev-eşik işlərini bitirdikdən sonra biş-düşə başlayardıq. Elə həvəslə, sevinclə, yaxşı əhval-ruhiyyə ilə bayramımızı qeyd edərdik ki… İndi isə, qızım, sanki o əhval-ruhiyyə yox olub. Bu da təbii ki qiymət artımı ilə bağlıdır. Alış-veriş etmək üçün bazara belə getmək istəmirsən e… Aldığımız pensiya nədir ki, heç bu aydan, o biri aya çatmır, bununla yaxşı  bayram hazılığı ola bilərmi?”

Esmira Hidayətova, Mingəçevir.