İmkan müəllimlə söhbət

481

Novruz gəlir, Novruz gəlir. İnanclara görə, bu il bayramı necə keçirsən, yeddi il də o cür qarşılayacaqsan. Elə bu səbəbdən də insanlarımız Novruz bayramını bacardıqca gözəl qarşılamağa çalışırlar. Mən niyə onlardan biri olmayım? Maşallah, onlardan nəyim əskikdir ki, özüm də top kimi? Yox, bu dəfə cəhd edəcəyəm, onu hamı kimi qarşılamağa… Baho, lap yadımdan çıxmışdı: Novruzu ədəb-ərkanla qarşılamaq təkcə məndən asılı deyil ki? Məndən olsa nə vardı ki… Bunun üçün, təbii ki, İmkan müəllim də lazımdır. Onsuz bu məsələni çözmək əsla mümkün deyil ki… Odur ki, indi mən istəyirəm ki, İmkan müəllimi, yəni əməkhaqqımı danışdırım görüm, o, Novruzu mənimlə birgə qarşılamağa qadirdir, ya yox? O qadirdirsə, mən nə karəyəm? Mənim borcum onun sözünə qulaq asmaqdır.

Ay İmkan müəllim, vallah-billah, Novruzu qarşılamağa o qədər məkanlar könlümdən keçir ki… Məsələn, bəlkə onu “Rixos Quba Azerbaıjan”da qarşılayaq? Hərçənd bir az bahalı məkandı, amma elə yerdir ki, beləsini çıraqla axtarsan, tapa bilməzsən. Necə? Oranın xərcindən xəbərim varmı? Əlbəttə, var. Bu məkanda ikinəfərlik standart otağın qiyməti 139 manat təşkil edir. Üstəlik, bu qiymətə ikinəfərlik şam yeməyi, nə bilim konsert proqramı daxildir. Necə? Bura bahadır, mənlik deyil? Nə deyirəm, elə isə başqa məkana üz tutaq. Deyirəm, bəlkə, Nabrandakı “River İNN Hotel”inə baş çəkək, Novruzu orada qarşılayaq? Hə, nə deyirsən? Bir söz demək əvəzinə, niyə mənə çəpəki baxırsan, olmaya, xətrinə dəyən bir kəlmə dedim? Necə, burada iki nəfər üçün bir günlüyə 179 manat tələb olunur? Necə, bura hər mənim kimisi üçün nəzərdə tutulmayıb, buranın öz adamları var? Elə isə, ay İmkan müəllim, daha niyə dilxor olursan, gedib ayrı bir məkanda qarşılayaq, burada nə var ki? Məsəl var, deyərlər ki, o olmasın, bu olsun. Məsələn, «Four Seasons Hotel Baku»da. Hə, bəs bu gül kimi məkana nə deyirsən? Necə, mənim başıma hava gəlib? Vallah, yox, ay İmkan müəllim, başıma nə qədər hava gəlsə, özümü itirmərəm. Necə, bura bir ətək pul lazımdır, burada 2 nəfərlik nömrənin birgünlük sifarişi 390 manatdır? Bura üz tutsaq, ac qalaram?

Bəs elə isə, ay İmkan müəllim mən başıma haranın külünü töküm? Bəs nə tövr edim? Nə tövr edim ki, nə şiş yansın, nə kabab? Aha, deyəsən, tapdım, bəlkə hamısından yaxşısı budur ki, bir babat süfrə açıb, Novruzu elə övrətimlə öz evimdə qarşılayım, hə? Ay İmkan müəllim, buna nə sözün? Yenə də mənə dodaq büzürsən? Daha bu olmadı da… Səninki daha qoy şələni vuruşaq oldu ki… Axı niyə sən mənim arzumu ürəyimdə qoymaq istəyirsən? Vallah-billah, belə olmaz, ay İmkan müəllim!!! Axı mən də insanam. Axı mən də hamıya qoşulmaq istəyirəm. Necə? Bazarlar, dükanlar bayramqabağı od tutub yanır? Elə bu səbəbdən bunun da bir ətək xərci var? Yəni adi bir süfrə açmaq üçün ən azı yüz manat lazımdır? Ay İmkan müəllim, buna da imkan yoxdur? Yəni bu xərci çəksəm, kommunal xərcləri belə ödəyə bilməyəcəm? Bir Novruzu da ürəyim istədiyi kimi qarşılaya bilməyəcəyəmsə, onda mən niyə yaşayıram, İlahi? Deyəsən, lap hissə qapıldım axı… Vallah, belə üsyan etmək mənə yaraşmaz. Deyirəm, bəlkə, gedib kredit alım? Yox, indi belə addım atmaq lağ ağılsızlıq olar. Çünki bu kredit zəhrimar gözümü elə qorxudub ki, iki il öncə aldığımın tüstüsü hələ də başımdan çıxmaqdadır.

Bəlkə, Novruzu heç süfrə-filan açmadan qarşılayım, hə? Yəqin onda Novruz da elə bilər ki, mən xalis avropalıyam. Amma öz aramızdır, pis fikirləşmədim, ha? Necədir, ay İmkan bəy, sən də bu fikrimi bəyəndinmi? Axı özün şahid oldun ki, nə o oldu, nə də bu? Heç nədənsə, elə bu yaxşıdır, elə deyilmi?

Qvami Məhəbbətoğlu