İmam Hüseynə qılınc çəkənlərin aqibəti

661
Bəşər tarixində elə hadisələr var ki, qiyamətə qədər unudulmayacaq, hər il xatırlanacaq, iştirakçılarından kimisi sevgi ilə, kimisi nifrətlə yad ediləcək. Əgər İslam aləmindən danışırıqsa, heç şübhəsiz, ağlımıza gələn ilk hadisə Kərbəla vaqiəsi olacaq. Bu hadisə əsl ibrət obyektidir, insanların öz kimliyini ortaya qoyduğu möhtəşəm bir imtahandır.
Bu hadisədə üz-üzə duran tərəflər əslində kimin haqlı, kimin haqsız olduğunu çox yaxşı bilirlər. İmam Hüseynin (ə.s.) yanında olub, hər cür məşəqqətlərə sinə gərənlər də, qarşı tərəfdə dayanan böyük bir qoşunun içində yer alan komandanlar da, əsgərlər də hər şeyi bilirdilər. Hər kəs də hər şeyi bilə-bilə öz yerində qaldı, haqlı axirətini satmadığı kimi, haqsız da dünyasından vaz keçə bilmədi. Beləcə, iki əqidə, iki əxlaq, daha doğrusu, əqidə ilə əqidəsizlik, əxlaqla əxlaqsızlıq üz-üzə, göz-gözə dayandılar. Kim nə deyir-desin, bəzən nəsibsizliyin, bədbəxtliyin elə hallarına rast gəlirsən ki, heyrətdən donub qalırsan. Belələri nəyə bənzəyirlər, bilirsinizmi? – Selləmə yağan səadət yağmuru altında dayanasan, üstünə bircə damcı da nur düşməyə. Alman şairi Höte ən böyük yanğısını: “ Ya Muhamməd, Səninlə eyni zamanda doğulmadığım üçün nə qədər üzgün olduğumu ifadə etməyə söz tapmıram”- kimi ifadə etdiyi halda, həmin tarixdə dünyaya göz açmış, o mübarək simanı, bəşər tarixinin ən xeyirli insanını  görmüş, Onun şirin, ruhu riqqətə gətirən söhbətlərini dinləmiş olduqları halda,  söylədiklərinin  ziddinə  getmək  qədər bədbəxtlik, korluq təsəvvür etmək mümkün deyil. Bir an üçün əbədiyyəti, dünya üçün axirəti fəda etməkdir bu korluğun, bu bədbəxtliyin adı. Yezid və ətrafı da bu korluq, bu zillət içində tarixin qaranlıqlarına gömülmüş zavallılardır.

Hər canlı ölümü dadacaq, hər ölü də yenidən dirilib Allah qarşısında hesaba çəkiləcək, savablarının da, günahlarının da qarşılığını görəcək, amma Allah-Təala bəzi kimləri öz günahlarına qarşılıq olaraq hələ dünyada ikən rəzil eləyir, ölümün o üzündə də onlar üçün ağır aqibət hazırlayır. Yezidin aqibəti qiyamətə qədər hər kəs üçün bir görkdür, ibrət nümunəsidir, “Allahım, məni elələrinin gününə düşməyə qoyma!” – deyə duaları ilə qorunmağa çalışdığı dəhşətli sonluqdur.

İmam Hüseyn və tərəfdarlarının qətlinə fərman vermiş, bütün tarixi qana boyayan, heç zaman köhnəlməyən, unudulmayan bu məşum hadisənin icrasına qatılmış hər kəs hələ dünyada ikən öz əməllərinin cəzasını yaşamağa başlamış və davamını, həm də ən betərini çəkmək üçün rəzil və rüsvay halda gəbərib getmişlər. Kimlər vardı o bədbəxtlər sırasında, hansı zavallılar tarixi heç zaman qurumayacaq, ardı kasilməyəcək qana boyamışdılar və necə aqibətlə, acı sonluqla dünyadan getdilər, oxumaq, bilmək, ən başlıcası isə nəticə çıxarmaq lazımdır.

 

1. Yezid bin Muaviyə: İmam Hüseynin şəhid edilməsinin baş aktyorudur. Bütün əmr və təlimatları birbaşa özü vermiş, əməlinin layiqli nəticəsini də hələ dünyada ikən almağa başlamışdır. Huvvari nahiyəsində içkili halda ov edərkən çöl eşşəyini minmiş, çöl eşşəyi də qaçaraq onu yerə çırpmışdır. Yerə necə zərblə dəymişsə, boynu qırılmış, qarnı cırılmış, bağırsaqları ətrafa dağılmış, o qədər əyan-əşrəfi içində elə o haldaca gəbərib getmişdir.

2. İbn Ziyad: O məşum hadisənin ikinci baş aktyorudur. Hür bin Yezidə göndərdiyi məktubda belə yazırdı: “Məktubum sənə çatan kimi Hüseyn bin Əlini və əshabını olduqları yerdəcə mühasirəyə al. Həm də elə bir yerdə ki, baş soxmağa sığınacaq olmasın, ağacsız, otsuz, susuz, qupquru bir çöl olsun. Osman bin Affan kimi onlara da “bir damcı su “ verilməsin.

İmam Hüseyn və əshabına “bir damcı su verməyin” əmrini ikinci olaraq tələffüz edən də elə bu “yezidcik”dir.

“Əgər gəlib biət edəcəklərsə, həmən gətir, biət etməyəcəklərsə, hücum edib öldür, cəsədlərinin bütün əzalarını kəs. Əgər Hüseyn ölərsə, onun sinəsini və kürəyini atlara tapdalat!”

Bu zalım Yezidin ölümündən sonra camaatın qorxusundan Kufədən Şama qaşmışdır. Hər zaman da ailəsi tərəfindən nifrət görmüşdür. Anası hər gördüyündə ona: “Sən cənnət üzü görməyəcəksən” söyləyərmiş.

Qatıldığı bir müharibədə əsir düşmüş, vücudunun hər yeri qılıncla doğranaraq öldürülüb, başı bədənindən ayrılıb və cəsədi yandırılıb.

Umarə bin Umeyr deyir: “İbn Ziyadın başını gətirib Rahabə məscidində bir palazın üstünə qoydular. Bir də gördük ki, bir ilan onun burun dəliyinin birindən girib, o birindən çıxır. İlan bir müddət gözdən itir və yenidən gəlirdi. Bu mənzərəni görən camaat da “baxın, baxın, ilan yenə gəldi, burnuna girir” deyə çığırırdı. Özü də o ilan oraya düzülmüş səkkiz başın içində ancaq Ziyadın burun dəliklərinə girib-çıxırdı. Sonra onun kəlləsini qır dolu bir küpün içinə qoyub, Mədinəyə, Əli bin Hüseynə və Haşimoğullarına göndərildi.”

3. Ömər bin Sad bin əbu Vaqqas: Hz. Hüseynin (r.a.) üzərinə yürüş edən ilk ordunun komandanıdır. İmam Hüseynin (r.a.) üzərinə yürüş etmək əmri aldıqda, əvvəlcə, bu işə cəsarət etmədi. Ətrafında kiminlə məsləhətləşdisə, hamısı onu əzabla qorxuzub bu işdən çəkindirməyə çalışdı. Bu işin qarşılığında Ziyad ona Rey valiliyini vermişdi. Ömər onun “Getməsən, həm valiliyi əlindən alaram, həm də başını bədənindən ayıraram və evini ailənin başına yıxaram” hədəsi qarşısında duruş gətirməyib, 4000 süvari ilə İmam Hüseynə (r.a.) qarşı  yola çıxmışdı. Kərbəlada İmam Hüseyn (r.a.) və tərəfdarlarını mühasirəyə almış, onların bir qurtum su içmələrinə belə imkan verməmişdir.

Halbuki hələ illər öncə Həzrət Əlinin (r.a.) ona “Sənin Cənnət ilə Cəhənnəm arasında durub Cəhənnəmi seçdiyin zaman halın necə olacaq?”  deyə Kərbəlada yanlış mövqe tutması ilə bağlı xəbərdarlığını yaxşı xatırlayırdı. Kərbəlada ilk savaş oxunu atan və bunu orduya elan edən də elə bu adamdır. Ömrünün sonunda elə hala gəlmişdi ki, gecələri gözünü yummağa belə qorxurdu, yuman kimi vahimə içində bağırıb ayılırdı. Amma bu qorxunun ona zərrə qədər faydası olmamış, öz evində Əbu Amrə tərəfindən başı kəsilərək öldürülmüşdür. Sonra oğlunun da başı kəsilmiş və hər ikisinin cəsədi xalqın gözü önündə yandırılmışdır.

4. Şimr bin Zil Cevşen. Ziyadın məsləhətçisi və bu işdə ağıl verənidir. Kərbəlada ikən Ziyad bir ara Hz. Hüseynin (r.a.) Məkkəyə dönməsinə icazə vermək istəyəndə bu münafiq o andaca məsələyə müdaxilə etmiş, cürbəcür ssenarilər uyduraraq onu fikrindən daşındırmışdır. Başqa bir məqamda isə Ömər bin Sad İmam Hüseyni (r.a.) Yezidin yanına aparmaq istəyəndə yenə bu münafiq işə qarışmış, onu da bu fikirdən uzaqlaşdırmışdır. Həzrəti Hüseyn (r.a.) Kərbəlada Şimri görərkən babasının, yəni sevimli Peyğəmbərimizin (s.ə.s.) bir hədisini xatırlayır. O hədisdə sevimli Peyğəmbərimiz (s.ə.s.): “Mən bu an Əhli-Beytimin qanını içən alaca bir itə, köpəyə baxar kimiyəm”, – buyurmuşdu. Muxtarın hakimiyyəti dövründə Şimr həftələrlə orda-burda gizlənmiş, ələ keçəndə isə köpəklərə diri-diri yem edilmişdir.

5. Abdullah bin əbu Husayn: Fərat çayının kənarında növbə tutan, İmam və tərəfdarlarının su içməsinə imkan verməyən iri cüssəli bir komandandı. Bir ara İmamın suya baxdığını görüncə: “Suyamı baxırsan? Heç baxma! O su göylərdəki qədər sənə uzaqdır. Vallahi, sən ölüncəyə qədər o sudan bir damcı belə içə bilməyəcəksən”, – demişdi. Hz. Hüseyn (r.a.) də: “Allahım, onu susuz olaraq öldür və əbədiyyən əfv etmə”, – deyə dua edir. Hümeyd bin Müslim İmamın bu bədduasına şahid olub. O deyir ki, sonralar mən bu komandana baş çəkməyə getmişdim. O necə bir xəstəliyə tutulmuşdusa, davamlı olaraq susuzluqdan yanırdı. Suyu içirdi, amma su boğazından keçmədiyi üçün geri qaytarır, sonra yenə su istəyir, içir, qaytarır, beləcə, görünməmiş bir partlaya-partlaya can verdi.

6. Abdullah bin Havza. Kərbəlada İmamın adamlarının qarşısına çıxaraq: “Hüseyn hansınızdır?”, – deyə soruşur. İmam da özünü göstərəndə: “Ey Hüseyn, səni Cəhənnəmlə müjdələyirəm”, – deyərək nə qədər əxlaqsız bir zavallı olduğunu ortaya qoymuşdur. İmam da: “Xeyr, mən Qafur olan Allahımın mərhəməti və Rəsulullahın şəfaəti ilə Cənnətə gedərəm “, – deyir və qoltuğunun altı görünəcək qədər əllərini yuxarı qaldırıb: “Allahım, onu Cəhənnəminə at!”- deyə bəddua etmişdir.

İmamın bəddua etdiyini eşidən İbn Havza hirslənir və atını onun üstünə sürür. Önündəki su arxından adlamaq üçün sıçrayan at Havzanı yerə çırpır. Ayağı yəhərin üzəngisinə ilişən Havzanın başı daşlara dəyərək para-para olur və at onun cəsədini sürüyərək gətirib İmamın qarşısında dayanır.

7. Malik bin Nuseyr. Kərbəlada Hz. Hüseynə (r.a.) qılınc vuran ilk alçaqdır. Onun qılıncı İmaın başındakı sarığını keçib başını yarır. Ayağa qalxan İmam (r.a.): “Bir şey yemə, içmə, yeməyə bir şey tapma! Allah səni zalımlar dəstəsi ilə birlikdə həşr etsin”, – deyə bəddua edir. O qanlı hadisə baş verib tamamlanandan sonra o məlun İmamın yerə düşmüş qanlı sarığını götürüb evinə dönür. Guya böyük bir iş görübmüş kimi öz qələtlərini danışaraq arvadından o sarığı yumağı tələb edir. Xanım da “Sən Rəsulullahın nəvəsini soyub baş sarığını evimizə niyə gətirdin?”, – deyərək onu evdən qovur. Bu məlun Muxtar tərəfindən öldürülənə qədər Kufədə ac-susuz, səfil bir həyat yaşayır. Muxtar o zalımı hüzuruna gətirərək, əllərini və ayaqlarını kəsdirir, o da bu halı ilə orada can verir.

8. Eban bin Darem. Savaşın ən qızğın anında dodaqları quruyan İmamın suya yetişməsinə əngəl olmaq üçün öz qövmünü gətirib Fəratla onlar arasına sədd çəkən və bir oxla Hz. Hüseyni (r.a.) ağzından yaralayan zalımdır. Onun bir damcı suya həsrət buraxdığı İmam Hüseyn oxu ağzından qanlı əllərilə çəkib çıxarır  və üzünü Rəbbinə tutaraq belə dua edir: “Ey Allahım! Sən də onu susuz qoy!”. Kərbəla hadisəsindən bir xeyli sonra Ebanın başına nələr gəldiyini öyrənmək istəyən Qasim bin Asbağ onun evinə gedir və baxır ki, yerdə uzanıb, yanındakı qablarda buz kimi soyuq su və süd var. Eban yanındakılaraın üstünə qışqıraraq: “Sizə yazıqlar olsun, mənə su verin. Susuzluqdan öldüm axı”, – deyir. Soyuq su, süd nə varsa ona içirirlər, o da heç bir şey içməyibmiş kimi yenidən bağıraraq su istəyirdi. Bu hal bir müddət davam eləyir və Asbağ deyir ki, Ebanın qarnı şişib dəvə qarnına dönmüşdü. Elə bu halda da onun qarnı partlayır və öz çirkabı içində cəhənnəmə vasil olur.

9. Zürra bin Şərik. Kərbəlada İmam Hüseynin sol əlini və çiynini qılıncla kəsən zalımdır. İmam aldığı ilk zərbənin ardınca sıçrayaraq yerindən qalxmış, “Ya Allah!” deyərək qılıncını Zürranın boynuna endirmişdir. Məlun aldığı zərbə ilə elə oradaca yoldaşlarının gözləri qarşısında bağıra-bağıra, kafir olaraq cəhənnəmə vasil olmuşdur.

10. Sinan bin Enes. Savaşın qızğın anında alçaq bir hiylə ilə İmamın arxa tərəfinə keçən və əlindəki nizəni onun körpücük sümüyünə saplayaraq sinəsindən çıxaran cəlladdır. Məlunun hirsi bununla da soyumur və o əlindəki bıçaqla İmamın başını bədənindən ayırır. Bu əməlinin mükafatını almaq üçün Sadın yanına gedir və gözlədiyinin əksinə olaraq oradan döyülərək qovulur. Kufədə sinəsini qabarda-qabarda: “Hüseyni mən öldürdüm” deyən bu zalım Yezidin ölümündən sonra qorxusundan Bəsrəyə qaçır. Muxtar onun evini yandırır. Ölənə qədər qaçaq, qorxu və səfalət içində dilənərək yaşadı.

11. Havli. Hz. Hüseynin mübarək başını Yezidə aparan zalımdır. Muxtar onu evinin bacasından çıxartdırıb ailə üzvlərinin gözü qarşısında diri-diri yandırmışdır.

12. Bahr bin Kab. Şəhid edilmiş İmamın qurşaqdan aşağı paltarını əynindən çıxaran və mübarək cəsədini üryan hala gətirən alçağın adıdır. Savaşdan az müddət sonra eyni zamanda bir neçə xəstəliyə tutulur. Qış gələndə iki əlindən irin axmağa başlayır və üfunətdən insanlar ona yaxın dura bilmirlər. Yaz gələndə isə əlləri quruyur və qapqara odun halına gəlir. Qalan ömrü ağrı və xəstəliklər içində, bağıra-bağıra keçmiş, elə o halı ilə də ölüb getmişdir.

13. İshaq bin Hayat ul-Hadrami. İmamın bədəninin üst tərəfini soyundurub çılpaq hala gətirmişdir. Qısa müddət sonra qızdırmalı, titrətməli bir xəstəliyə tutulur. Bütün vücudunun rəngi dəyişir, sifəti əyilir, əsəbləri pozulur, bərbad bir ölümlə cəhənnəmə vasil olur.

14. Kay bin Əşas. Həzrəti Hüseynin yorğanını üstündən çəkib alıb. O hadisəyə qədər insanlar arasında ciddi adam kimi tanındığı halda, ondan sonra bütün ciddiyyətini itirmiş, təlxək kimi hər yerdə lağa qoyulmuşdur. Adamlar ona “məxmər Kays” ləqəbi qoşmuş və o da hər dəfə bu adı eşidəndə dəli olub özündən, çıxmışdır. Əbu Amrə tərəfindən öz evində başı kəsilərək öldürülmüşdür.

15. Ahbəş bin Mərsəd. Atı ilə İmamın mübarək vücudunu tapdalayan zalımdır. Heç gözləmədiyi bir halda, ayaq üstə dayandığı yerdə bir ox gəlib sinəsinə saplanır və elə oradaca bağıra-bağıra, qan qusa-qusa ölüb gedir.

16. İbn Əsəd deyilən bir alçaq Hz. Hüseynin məzarını murdarlamışdır. Az sonra özü də, bütün ailə üzvləri də xəstəliyə tutulur. Kimi ağlını itirir, kimi cüzam olur, kimi alaca xəstəsi olur. Özü də heç biri ömür boyu xəstəlikdən və zillətdən qurtarmır.

17. Hakim bin Tufeyl. Bu adam Həzrət Əlinin (r.a.) oğlu Abbası hələ kiçik yaşında ikən şəhid etmiş və utanmadan paltarlarını soyundurub üryan buraxmışdır. Kərbəla hadisəsindən sonra Muxtarın adamları onu tutub əlləribağlı halda gətirirlər. “Sən Abbas bin Əlini öldürüb paltarlarını soyundurmuşdun”- deyərək onu soyundururlar. Sonra da “Sən Kərbəlada İmam Hüseynə ox atmışdın” – deyərək onu ox yağmuruna tutaraq öldürmüşlər.

18. Mürrə bin Münkız. İmam Hüseynin oğlu Əlinin qatilidir. Abdullah bin Kamil onun sağ əlini kəsmişdir. İnsanlar onu yanlarından qovmuş, ömrü boyunca rəzil və səfil bir həyat yaşamışdır.

19. Zeyd bin Rukat. Kərbəlada Yezidin tərəfində olmuş və İmamın adamlarından Abdullah bin Müslüm bin Aqili şəhid etmişdir. Düşmənləri tərəfindən diri-diri yandırılaraq öldürülmüşdür.

20. Zalim Amr bin Həccac. Hz. Hüseynə bir damcı su verməyən bu zalım Muxtardan qaçarkən getdiyi hər yerdən qovulmuş, insanlar ona bir damcı su da verməmişlər. Canını Muxtardan qurtarmaq üçün bir vadiyə sığınır. Elə oradaca susuzluqdan gəbərib gedir.

Hörmətli oxucular! Kərbəla hadisəsi təxminən min üç yüz il əvvəl yaşanmış və hər zaman insanlığın başının üstündə onunla gələcəyə gedən möhtəşəm bir ibrət tablosudur. Bəşər tarixinə nəzər salanda əslində bütün dövrlərə xas olan bir şeyi görürsən: haqla nahaqqın, ədalətlə zülmün, xeyirlə şərin savaşı. Kərbəla faciəsi bütün dövrlər üçün ən parlaq nümunədir. Çünki o hadisədə Peyğəmbər övladı bütün ailə fərdləri ilə birlikdə başını dik tutaraq zülmün üstünə yerimiş və dinin, İslamın, ədalətin candan, dünya həyatından daha dəyərli, daha üstün olduğunu dünyaya elan etmişdir.

Çox gözəl və düşündürücü bir ifadə var: “Hər yer Kərbəla, hər gün Aşura”. Yəni hər gün hər yerdə haqla nahaq üz-üzədir, savaş halındadır. Dünyanın sonunun necə olacağını, İslamın bütün dünyaya yayılacağını bildiriblər və şükür Allaha ki, biz də o bildirilənə inanmışıq. Bu dinin sahibi Allahdır, O da heç zaman Öz vədindən dönməz. Sən hər şeyi burax və öz halını götür-qoy elə, aqibətini düşün: Sən kimsən, kimin tərəfindəsən? Həyatın bahasına da olsa haqqın yanında dayanmağa, onun tərəfini tutmağa cəsarətin çatırmı? Yoxsa Yezid ordusunun arxa cərgələrindən birində gizlənib, “dünyanı düzəltmək mənə qalmayıb ki” zəlilliyi ilə baş girləyirsən? Özünə bax, ətrafına göz gəzdir, ömrün boyu başını qaldırıb bir zalıma, heç olmasa, “sən doğru deyilsən” deyə bilmisənmi və ya deyə bilərsənmi?

O yezid öldü, çoxdan gəbərib cəhənnəmin dibini boyladı. Amma tarixin hər dilimində, dünyanın hər güşəsində bir “yezidcik” tapmaq mümkündür. Onları bir tərəfə burax və özünə bax: sən kimsən, kimin tərəfindəsən?

Əsas olan da elə budur, çünki bu sualın həqiqi cavabı sənin əbədi qurtuluşuna və ya zəlilliyinə səbəb olacaq. Hər şey bu qədər açıq və sadə. Vəssalam.