İlin hadisəsi

O gün bir xanım küçənin tən ortasında qabağımı kəsib soruşdu ki, bəs bu il idman aləmi yaddaşınızda necə qalacaq? Dedim, sözün düzü, mən belə suala cavab vermək həvəsində deyiləm, üstəlik, bu sahənin mütəxəssisi deyiləm. İkincisi də xəstəm var, xəstəxanaya onun yanına tələsirəm, məni yubatma. Zalım balası qırsaqqız olub yapışdı ki, vallah, əmi, mən də elə sizin dərddəyəm, mənim də anam xəstədir, mən də ona baş çəkməliyəm. Amma redaksiyadan tapşırıblar ki, bu sualla bağlı bir material hazırla, hara istəyirəsən get, nə olar, məni üzmə… Sözün düzü, xəstə adı gələndə bir qədər yumşaldım. Odur ki, razılıq verdim. Lakin xanım bu sualı qarşısında xeyli fikirləşdiyimi görüb o, özü yardımçı olmağa çalışdı: “Bəlkə, “Qarabağ” futbol klubunun oyunları? Axı bu il bu komandamız futbolumuzda yeni bir tarix yazdı. Bəlkə, “İnter”lə oyunda cexiyalı hakim Miroslav Zelinkanın artırma dəqiqələrində “Qarabağ”ın futbolçusu Riçard Almeydanın vurduğu qolu qeydə almaması? Milyonların gözü qarşısında onun “Qarabağ”a qənim kəsilməsi? Onu növbəti uğurlardan məhrum etməsi? Axı hakim ədalətli rəftar etsəydi, “Qarabağ” Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcəkdi. Məgər bu, hadisə deyilmi?” Başımı buladım: “Bəlkə, “Qarabağ” futbol komandasının rəsmi fanklubu olan “İmarət”in bu komandanın baş məşqçisi Qurban Qurbanova xüsusi geyim hədiyyə edərək onu “Xan” elan etmələri?” Bu dəfə də məndən səs çıxmadığını görən xanım yarızarafat, yarıgerçək dilləndi: “Bəlkə ATV-nin aparıcısı Mətanət xanım Əliverdiyevanın efirdə “şpaqat” açmaqla gündəmi zəbt etməsi?” Onun bu cavabına: “Məncə, bu cavabın həmin suala heç bir aidiyyatı yoxdur” dedikdə xanım bir qədər pərt oldu. Sözün düzü, onu belə pərt etdiyimdən özüm də pərt oldum. Handan-hana özünə gələn xanım: “Bəlkə iyun ayında 33 ölkənin 258 idmançısının iştirakı ilə Bakıda- Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə XXX Avropa çempionatı?” — dedi. Dedim, yox, ay xanım, mənim həmin idman növündən, daha doğrusu, gimnastikadan, ümumiyyətlə başım çıxmır. Belə olan halda mən bu barədə nə deyə bilərəm axı?

Xanım bu dəfə bir qədər səsinin tonunu dəyişərək: “Bəs hansı hadisə, ay əmi?” deyərək əlavə etdi: “Olmaya12 iyun ilə 13 iyul tarixləri arasında Braziliyada futbol üzrə keçirilmiş XX Dünya çempionatı və bu yarışda Almaniyanın qalib gəlməsi? — dedi. Bu dəfə də başımı buladım. “Olmaya azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun Pekində keçirilən və artıq ənənəyə çevrilmiş Ümumdünya İntellektual Oyunları çərçivəsində sürətli şahmatın blits növü üzrə turniri bürünc mükafatla başa vurması?” Xanım daha bir neçə hadisəni sadaladıqdan sonr yenə dinmədiyimi görüb gülə-gülə dedi: “Bəlkə, “Araz — Naxçıvan”ın ölkə çempionatını tərk etməsi, hə, elədirmi”. Onun bu məsələyə toxunması sanki məni yuxudan oyatdı. Odur ki, dilləndim: “Xanım, sizin sadaladıqlarınızın heç biri yaddaşımda qalmayıb və qalmayacaq da. Mənim yaddaşıma bu il “Neftçi”nin sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin bir açıqlaması ilə həkk olunacaq”. Xanım maraqla soruşdu:

— O nə deyib ki?

— O deyib ki, başa çatan ildə idmanımızın uğurları çox olub. Amma mənim üçün ən yaddaqalan millinin baş məşqçisi Berti Foqtsun istefası oldu. Ən böyük hadisə Foqtsdan xilas olmağımızdır. 6 ildən çox müddətdə millidə işlədi. Nəticə olmasa da, getmək istəmirdi. Nəhayət, bu il istəyimiz baş tutdu. Elə mənim üçün də ilin hadisəsi budur.

Xanım mənim bu açıqlamamdan sonra elə qəhqəhə çəkdi ki… Mən hələ operatoru demirəm.

QVAMİ MƏHƏBBƏTOĞLU