İlham Əliyev Ulu Öndərin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib

0
308

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev salınan yaşıllıqlar barədə dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.

Bu tədbirdən öncə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana da gəliblər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.