İlğım ardınca qaçan nəsil

713

Telekanallarımızdan bir çox şou proqramlarının yığışdırılması ilə yenidən çarəni hind filmlərində görüblər.

İstər-istəməz düşünürsən ki, bir işi başlamadan əvvəl gərək onun hazırlığını, tədarükünü təmin edəsən. Mən şoudan uzaq adamam və o aləmdən də heç xoşlanmıram. Amma siz bir yerdən başqa bir yerə keçirsinizsə, gedəcəyiniz yerdə hazırlıq işləri görməli deyilsinizmi? Yoxsa kiminsə beyninə belə bir fikir gəldi, “haydi- durun getdik” deməklə iş olmaz ki… Bizim şoularımız nə qədər əttökəndirsə, həmin o hind filmləri də o qədər primitiv və zərərlidir. Səni mövcud olmayan və olmayacaq bir aləmə cəzb edir. Vay o gündən ki, sən də bizim kimi saf, məkrdən, riyadan uzaq hər gün xəyalında bir dünya inşa edən sovet pioneri olasan.

Hara baxırsan hind filmi, birdən elə olur ki, bir neçə kanalda paralel olaraq hind filmləri gedir. Çoxu da qədim filmlər. Yəni o filmlərin qədimliyi mənim uşaqlığımla təxminən üst-üstə düşür. Bəzən ekranın qarşısında əyləşib 13 yaşımda kövraldiyim filmə baxır, oradan öz uşaq saflığımı görməyə çalışıram.

Son zamanlar hind serialları da ekranlarımıza ayaq açmağa başlayıb. Bu seriallar mənə xarabalıqların külündə cücərən çiçəkləri xatırladır. Vaxt vardı ki, hind kinoları ölkəmizdə xəstəlik halına gəlmişdi, bir filmə 10-15 dəfə baxanlarımız vardı. Tiryəki bir bağlılıq vardı o filmlərə.

13-15 yaşında uşaqlar idik və axşam kənd klubunda o filmlərə baxmaq üçün gündüz hər cəfaya qatlanırdıq. O filmlərdə fərqli bir dünya vardı və o dünya boydan-boya sevgi ilə hörülmüş, məhəbbət ilə tikilmişdi. Oğlanla qız əl-ələ tutub oxuya-oxuya şəhərdən çıxır və iri sal daşların düzüldüyü dağlarda sevgi macəraları yaşayırdılar. Musiqi gözəl, mənzərə gözəl, qızın rəqsi, oxuması, özü bir başqa gözəl, bir sözlə hər şey o qədər gözəl idi ki, hələ dünyagörüşü formalaşmamış bizim kimi uşaqlar aldığımız təsirdən az qala sərxoş olurduq. Hələ o Rac Kapurun çəkdiyi filmlər vardı ki, adamı lap dəli eləyirdi. Hər birimiziin uşaq dünyasında özünün Hindistanı və gizli-gizli sevdiyi bir gözəli vardı. Gecənin qaranlığında o filmin ağırlığı altında səndələyə-səndələyə evə gəlir, bəzən səhərə qədər düşünür, özümüzün də içində olduğumuz ssenarilər düşünərdik. Dünya o qədər gözəl, insan o qədər təmiz idi ki, o filmlərdə. “Sanqam”, “Kəşmirdə məhəbbət”, “Cənab 420”, “Avara”, “Daş üzərində poema”, “Toz içində çiçək”, “Xamraz”… Qəhrəmanlardan yeriş-duruş öyrənirdik, onlara oxşamaq istəyirdik. Hər birimiz ürəyimizin dərinliyində az da olsa hindistanlı idik. Bizim rayonunmuzda “kinoprokat”ın sədrinin 10 uşağı vardı, hamısının da adını hind kinolarından götürmüşdü: Pac, Qopal, Sandr, Şanti, Ratxa, Uşa… Danışırdılar ki, o ailədə hər kəs o filmləri əzbər bilir və arada bir özləri də kinonu canlı tamaşa kimi oynayırlar. Bilmədiyimiz hind dilində mahnı sözləri əzbərləyirdik. Elmira Rəhimova, Rəşid Behbudov kimi məşhurlarımız hind mahnıları oxuyurdular. Bir gəncimiz də işini-gücünü atıb təkbaşına hind dilini öyrənmişdi, hələ desən özünə ləqəb kimi Hindistanın məşhur müğənnisinin adını götürüb olmuşdu Tofiq Mukeş. İllər keçdikcə hind filmlərində sevginin, göz yaşının yerini döyüş, yumruq səhnənəlri aldı və biz də yazaş-yavaş ağıllanıb o ilğımın cazibəsindən qurtara bildik. Hərdən həmin filmləri göstərirlər: Bozarmış, xışıltılı, ağ-qara mənzərələrə baxanda özümü uca dağların o üzündə qalmış, döyüşüb uduzduğum bir meydanda görürəm sanki. Elə bu duyğu ilə də darıxır, içimdə bir boşluq hiss edirəm.

İndi kanallarımız hind serialları verir, heç istəsəm də baxa bilmirəm. Çünki bu zaman qədər ən çox inandığım, həm də şiddətlə inandığım yalan Hindistən yalanıdır. Ona da əminəm ki, neçə gənc o yalanlara inanaraq ömür yolun düzgün seçə bilmədi, çaşdı, azdı və həqiqəti anlayana qədər çox şey itirdi, çox şey, bəlkə də hər şeyini itirdi.

Hindistan bizim uşaqlığımızın xəyal dünyası idi və o dünyanın mayası da, xəmiri də yalandan tutulmuşdu. Sən demə o cür məmləkət olsa da, orada o cür həyat olmayıb, heç indinin özündə də mövcud deyil. Bu gün Hindistan insanın ən az dəyər verildiyi və səfalətin boy verib yüksəldiyi, heyvanın belə insandan dəyərli tutulduğu ölkədir. Gəzib görməsəm də telekanallarda səyahət proqramlarında gördüklərim qənaətimiz formalaşmasına kifayət edir. Mən o ölkədə inəklərin, siçanların, meymunların sitayış obyektinə çevrildiyini eşidəndə təəccüblənmişdim, amma bu yaxınlarda eşitdiyim bir söhbət isə təəccübümü daha da artırdı. Bir qız gəlin getdiyi evin tualeti olmadığı üçün 3-4 gündən sonra ata evinə dönür. Ər evi nə qədər dil töksə də qız tualeti olmayan evin gəlini olmağı qəbul etmir və nehayət bu gözəl obyekt tikilib istifadəyə veriləndən sonra qızı ər evinə qaytarmaq mümkün olur. Bu hadisədən xəbər tutan hansısa beynəlxalq təşkilat təzə gəlinin bu addımını dəyərləndirmək məqsədiylə 10 min dollar pul ayırır ki, həmin tələb təşəbbüs halına gəlsin.

Yəqin indiki gənclikdən də o hind seriallarının cazibəsinə düşənlər tapılacaq (amma onu da deyim ki, indikilər bizlərdən daha ağıllıdır), ona görə də deyirəm ki, gördüklərinə inanmasınlar, axtardıqları xoşbəxtlik o yalan seriallarda deyil, bəlkə də lap yaxınlığındadır, ya qonşuda, ya oxuduğu sinifdə, ya da iki tin o tərəfdə… Vəssalam.