İlahiyyatçı: İnsan sağlamlığının qorunması Allahın istəyidir

355

Məlum olduğu kimi, Məhərrəm ayı bu il qlobal xarakter daşıyan koronavirus pandemiyası ilə bağlı yaranmış təhlükəli və riskli şəraitə təsadüf edir. İlahiyyatçılarımız bu fikirdədirlər ki, belə bir şəraitdə Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkəmizdə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejiminin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər.

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə əlaqədar “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir: “Bildiyimiz kimi, Kərbəla faciəsi İslam tarixində kədərli, həmçinin qürurverici bir hadisə kimi qeyd olunur. Bu səbəbdən İslam dünyasının bir parçası olan ölkəmizdə də Məhərrəmliklə bağlı mərasimlər icra edilir. Amma bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf edib. Bu baxımdan mövcud vəziyyətdə Aşura mərasimlərinin kütləvi formada məscidlərdə qeyd olunmamasında qeyri-adi səbəb yoxdur. Özü də bu addımı indiyədək verilmiş qərarların məntiqi davamı adlandırmaq olar. Belə ki, epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il ölkəmizdə Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmayıb. Bu sözləri xristianların Pasxa bayramına da şamil etmək olar. Bütün bunları  möminlərimiz anlayışla qarşılayır və Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni koronavirus infeksiyası ilə mübarizə məqsədilə, daha doğrusu, vətəndaşlarımızın həyat və sağlamlığı naminə qəbul etdiyi qərarlara, tövsiyələrə riayət etməyə çalışırlar. Çünki hər kəs yaxşı dərk edir ki, kütləviliyi ilə seçilən  mərasimlərdə sosial məsafəyə riayət edilməsi, digər sanitar-gigiyenik qaydaların qorunması qeyri-mümkündür. Yəni, bu, virusun geniş yayılmasına rəvac verə bilər. Yeri gəlmişkən onu da qeyd edim ki, koronavirusla bağlı izolyasiya tədbirləri yalnız ölkəmizdə tətbiq olunmur. Dün­yanın əksər yerlərində, o cümlədən müsəlman dövlətlərində də CO­VID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ibadət məkanlarında kütləvi dini mərasimlərin keçirilməsi qadağan edilib.

Şübhəsiz, insanların sağlamlığını təhlükə altına atmaq böyük günahdır. Yəni, insan sağlamlığının qorunması Allahın istəyidir. Digər tərəfdən, dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Elə mən də bütün mömünlərə bu çətin günlərdə səbr və təmkin nümayiş etdirmələrini tövsiyə edirəm. Ümidvaram ki, Allahın izni ilə dünya bu bəladan xilas olacaq, normal həyatımıza dönəcəyik, mömünlərimiz yenidən məscidlərdə ibadət etmək, mənəviyyatımızın əsas dəyərlərindən olan Məhərrəm ayı mərasimlərini  kütləvi şəkildə yerinə yetirmək lütfünə qovuşacaqlar.”

Həmsöhbətimiz, həmçinin vurğuladı ki, bu günlərdə Allaha xoş gedən əməllərin yerinə yetirilməsi daha vacibdir: “Məsələn,  imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər hansı sovqatın çatdırılması daha yaxşı olardı. Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsinə gəldikdə isə… Xəbər verildiyi kimi, koronavirus pandemiyası ilə əlaqədar bu il qanvermə aksiyası məscidlərdə deyil, Mərkəzi Qan Bankının filiallarında təşkil olunacaq. Şübhəsiz, pandemiya şəraitinin qaydalarına əməl etməklə keçirilən bu xeyirxah əməl olduqca təqdirəlayiqdir. Unutmayaq ki, hazırda qana ehtiyacı olan xəstələrimiz var. Onu  da söyləməyi özümə borc bilriəm ki, dinimizdə xəstəlikdən əziyyət çəkənlərə bu formada kömək göstərmək mərhəmət sayılır. Başqa sözlə desək, dinimizdə xəstəliklərdən əziyyət çəkənlərə köməklik təqdir olunur, xəstəliyi yaymaq  isə xoşagəlməz hal kimi dəyərləndirilir.”

Qvami Məhəbbətoğlu, “İki sahil”