İkisi “ağ-qaralar”dandır

515

Azərbaycan milli komandasının iyunun 7-də Avstriyada Serbiya yığması ilə keçirəcəyi yoldaşlıq oyunu və “Avro-2016”nın seçmə mərhələsinin Norveçlə qarşılaşacağı (Norveç – Azərbaycan oyunu iyunun 12-də Osloda keçiriləcək) heyət açıqlanıb. Məlumata görə, baş məşqçi Robert Prosineçki qarşıdakı oyunlar üçün 25 futbolçuya dəvət göndərib. Daha öncə “Neftçi”dən heç bir futbolçuya dəvət göndərməyən xorvatiyalı mütəxəssis bu dəfə “ağ-qaralar”dan iki oyunuçunu – Aqil Məmmədov və Araz Abdullayevi yığmaya çağırıb. Mütəxəssis milliləşən ukraynalı Pavel Paşayevi də qarşıdakı oyunlara dəvət edib. Millidə rəsmi matça çıxmayan Elnur Cəfərov və Elvin Camalov da 25 futbolçudan ibarət siyahıya daxil edilib.

Qapıçılar: Kamran Ağayev (”Kayserispor”, Türkiyə), Aqil Məmmədov (”Neftçi”), Emil Balayev (”Ayntraxt”, Frankfurt, Almaniya)

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov (hər ikisi “İnter”), Ruslan Abışov (”Qəbələ”), Pavel Paşayev (”Metallurq”, Zaporojye, Ukrayna),

Yarımmüdafiəçilər: Qara Qarayev, Cavid Tağıyev (hər ikisi “Qarabağ”), Elvin Camalov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Coşqun Diniyev, Elvin Məmmədov, Əfran İsmayılov (hamısı “İnter”), Dmitri Nazarov (”Karlsrue”, Almaniya), Tuğrul Erat (”Fortuna Dusseldorf, Almaniya), Ruslan Qurbanov (”Hayduk”, Split, Xorvatiya), Araz Abdullayev (”Neftçi”), Rahid Əmirquliyev (”Xəzər Lənkəran”)

Hücumçular: Elnur Cəfərov (”Xəzər Lənkəran”), Vüqar Nadirov (”Qarabağ”), Məhəmməd Qurbanov (”Sumqayıt”)

Diqqət çəkən bəzi məqamlar

Baş məşqçisi Robert Prosineçkinin açıqladığı 25 futbolçudan ibarət heyət bəzi məqamları ilə diqqət çəkir. Belə ki, apasport.az-ın araşdırmalarına görə, yığmaya çağırılan oyunçulardan 9-u indiyədək millidə rəsmi matça çıxmayıb. Onlardan bəziləri əvvəlki toplanışlara qatılsa da, heç bir qarşılaşmada etimad qazanmayıb. Bunlar Coşqun Diniyev, Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, Emil Balayev, Elvin Camalov, Cavid Tağıyev, Pavel Paşayev, Elnur Cəfərov, Aqil Məmmədovdu. Onlardan ikisi Elnurla Pavel ümumiyyətlə ilk dəfə ölkəmizin əsas yığmasına cəlb olunub.

Ukrayna vətəndaşı olan Paşayev yığmamızdakı milliləşən legionerlərin sayını 8-ə çatdırıb. Ona qədər millimizə cəlb olunan rusiyalılar Bədavi Hüseynov, Arif Daşdəmirov, Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, almaniyalılar Dmitri Nazarov və Tuğrul Erat da heyətdə yer alıb.

5 futbolçu 2015-ci ildə ilk dəfə yığmaya çağırılıb. Bu isə o deməkdi ki, Prosineçki həmin futbolçuları ilk dəfə komandanın düşərgəsinə çağırıb. İlk dəfə bu il millinin heyətini açıqlayan mütəxəssis Pavel Paşayev, Tuğrul Erat, Elnur Cəfərov, Aqil Məmmədov, Araz Abdullayevi 1-ci dəfə sərəncamında görəcək. Əvvəlki iki heyətdə “Neftçi”dən heç kimə güvənməyən xorvatiyalı bu dəfə fərqli qərar verib.

Əvvəlki 2 toplanış dövründə yığmaya çağırılanlardan 11-i (Andrey Popoviç, Namiq Ələsgərov, Eddi İsrafilov, Mahir Şükürov, Vaqif Cavadov, Səlahət Ağayev, Ağabala Ramazanov, Anton Krivotsyuk, Orxan Əliyev, Rəşad Eyyubov, Rəşad Sadiqov) bu dəfə siyahıda yer almayıb. Bu futbolçuların da siyahıdan kənar qalacağı xeyli əvvəldən məlum idi. Çünki bəziləri zədə üzündən, bəziləri isə klubundakı durumuna görə hazırda yığmaya münasib deyil.

“Hər bir futbolçunun gözü daim millidə olur”

Qeyd edək ki, “Neftçi”nin oyunçusu Araz Abdullayev baş məşqçi Prosineçkinin etimadını qazanmasından şad olduğunu bildirib: “İnanırdım ki, milliyə çağırılacağam. Dəvətə görə də minnətdaram. Milliyə layiq olduğumu sübuta yetirmək üçün əlmindən gələni edəcəyəm”.

“Hər bir futbolçunun gözü daim millidə olur” , – deyən”Neftçi”nin 26 yaşlı qapıçısı Aqil Məmmədov da milliyə dəvət olunduğu üçün çox sevindiyini bildirib: “Millinin formasını geyinmək, xalqımıza xeyir vermək hər bir futbolçu kimi, mənim də arzumdur. Allah orda olmağı mənə qismət elədisə, inşallah, ardı da gələr”.

Məmmədov millidəki digər qapıçılarla bağlı fikirlərini də bildirib. “Neftçi”nin oyunçusu onlarla rəqabətə hazır olduğunu qeyd edib: “Kamran Ağayev, Emil Balayev və bu dəfə çağırılmayan Səlahət Ağayev güclü qapıçıdır. Onların hamısı ilə çox yaxşı münasibətim var. Amma bilirik ki, millidə əsas heyətə düşmək üçün bir-birimizlə rəqabət aparmalıyıq. Şəxsən mən bu rəqabətə hazıram və bunun üçün kifayət qədər təcrübəm də var. Amma nə qədər təcrübəli olsan da, son sözü məşqçilər deyir. Mən əlimdən gələni edəcəm ki, məşqçilər korpusunun inamını qazanım”.