İkincisi gəlmədi ki, gəlmədi…

587
Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm bu gün kim udub, kim uduzacaq.
Məndən ikiqat aşağıda yaşayan Qürbət kişi iki qat yuxarıdakı Yaşar bəylə oynayırdı, qalanları dövrə vurub oyunu qızışdırır, növbə gözləyirdilər. – Zər, mən ölüm, bir qoşa… – Ya zər, insaf elə, yeklər ver, bunun sinəsinə bir dağ çəkim ki… “Dağ çəkmək” söhbəti, deyəsən, Yaşar bəyin xoşuna gəlmədi. Odur ki, o, əlini nərdtaxtadan çəkmədən rəqibinə dedi: – Qürbət kişi, bil və agah ol, mənim sinəmə dağ çəkən gərək gözləri ilə yol çəkə… Özü də məcazi mənada yox a… həqiqi mənada. Qürbət kişi bu dəfə zərə yalvarışına “əl gəzdirdi”: – Ya zər, insaf elə, hələ gec deyil, yeklər ver, bunun yolunu kəsim. – Qürbət kişi, unutma ki, indi yollara o qədər vəsait xərclənir ki, heç balta da kəsməz. Onların belə söz güləşdirməsi qonşumuz Kamalın xoşuna gəlmədi: – Oyununuzu oynayın da… Elə belə edirsiniz ki, həyətə düşüb nərd oynamaq istəyənlərin sayı getdikcə azalır… Qürbət kişi əlinə düşmüş bu fürsəti boşa vermək istəmədi: – Qonşu, deyirəm, bəlkə, biz də “Neftçi” futbol klubu kimi bir Müşahidə Şurası təşkil edək, hə?.. Qoy şuranın üzvləri məhəlləmizin bütün nərd həvəskarlarını bura cəmləsinlər. Qürbət kişi məni göstərərək: “Bu müəllimi də seçərik Müşahidə Şurasının sədri”,- deyərək zərləri ovcunda oynatmağa başladı. Yaşar bəy etiraz etdi: – Bu müəllim hara, nərd hara? – Bəs necə ola bilir ki, o boyda yazarımız Çingiz Abdullayev “Neftçi”nin Müşahidə Şurasına sədr seçilir? Halbuki Çingiz bəy bütün aləmə car çəkib deyir: “Vallah-billah, mən futbol adamı deyiləm”. Onunla müqayisədə bizim müəllim, maşallah, nərdin xiridarıdır… Çingiz bəyə olar, bizim müəllimə yox? Qonşulardan kimsə araya söz atdı: – Əvvəla, bizim müəllim o boyda deyil. Bu öz yerində, ikincisi, mənim üçün çox maraqlıdır, görəsən, bundan sonra “Neftçi” necə oyun göstərəcək? – Eh, bunu bilməyə nə var ki, – Qürbət kişi dilləndi, – təbii ki, dedektiv. Bir də unutma ki, Çingiz Abdullayev dedektiv əsərləri ilə dünyaya çıxıb. Yəni indi o, “Neftçi”ni də dedektiv oyuna sövq edəcək, nəticədə komandamız dünyada Çingiz müəllim kimi tanınacaq. Allah işini avand eləsin. Sonra nə fikirləşdisə əlavə etdi: – Amma mənə elə gəlir ki, gərək Müşahidə Şurasına Aygün Kazımova ilə Röyanı da cəlb edəydilər. Axı onların minlərlə fanatı var… Elə onların adları ilə stadiona minlərlə azarkeş toplamaq olar. Zənnimcə, digər klublarda belə şuralar təşkil olunsa, onlardan mütləq istifadə olunacaq. Bu söhbət də Kamalın xoşuna gəlmədi: – İmkan varsa, oyununuzu oynayın da… Yaşar bəy: – İmkan demişkən, dünən metronun “Nərimanov” stansiyasına daxil olarkən bir nəfər mənə nə desə yaxşıdır? Dedi ki, əmi, imkan varsa, nə olar, məni də keçirt. Dedim, a bala, imkanım olsaydı, metrodan istifadə etməzdim ki… Bala, bu dəfə qatara minəndə sərnişinlərə diqqətlə bax, onların arasında bir imkanlı adam var, ya yox? Metrodan indi kasıb təbəqə istifadə edir e, kasıb təbəqə… Yaşar bəy sözünü qurtaran kimi üzünü mənə tutub soruşdu: – Müəllim, niyə dinmirsən, bəlkə, düz demirəm? Mənim susduğumu görən Yaşar bəy hirslə zərləri atdı və etinasız şəkildə dilləndi: – Yenə sə…bir? Müəllim, bu mənə lazım idi? Mən bu dəfə tək səbir gətirməklə ona cavab verdim. Amma “cavabım” Yaşar bəyin ürəyincə olmadı. Bu dəfə Kamal gözləmədiyim halda mənə söz atdı: – Müəllim, imkanın varsa, ikincisini də gətir… Lakin nə qədər çalışdımsa, ikincisi gəlmədi ki, gəlmədi… Elə o gündən fikir məni alıb: görəsən niyə hərdən səbirləri cütləşdirmək olmur? q.mehebbetoglu@zaman.az