İki uçurum arasındakı nicat yolu

728

Başımıza cürbəcür bəlalar, müsibətlər gəlir. Qarşımıza cürbəcür problemlər, çətinliklər çıxır. Bu məqamda səbir ağrının ilk anında dözə bilməkdir, “zərbənin” ilk anında dayana bilməkdir. Allaha üsyan etməməkdir, Allaha təslim olmaqdır. Allahın əmrlərini yerinə yetirmək də səbirlə mümkündür.

Səbir bütün əməllərini dünya hesablarına görə yox, axirət hesablarına görə tənzimləməkdir. Səbrin müxtəlif şöbələri var: başa gələn müsibətlərə dözə bilmək üçün səbir; ibadətləri yerinə yetirmək üçün səbir; günahlardan uzaq olmaq üçün səbir; dünyanın cazibəsindən xilas olmaq üçün səbir. Səbir – səbirsizliklə acizlik (başqa sözlə, zillət) arasında ən doğru yoldur. Səbirsiz insan elə ilk anda üsyan edir və zərərə uğrayır. Aciz insan da elə ilk anda iradəsindən imtina edir və zərərə uğrayır. Mehmet Akif Ərsoy da bu barədə: “Nahaq yerə fəryad ediyor, acizə haqq yox!” – deyir.

Aciz insan ağlından, iradəsindən istifadə etməyən insan deməkdir, zillətə boyun əyən insan deməkdir. Bu mənada səbir iradə işidir, ağıl işidir. Zillət isə ağılsızlıq, iradəsizlikdir. Səbir, bəzən, üsyan etməkdir, ancaq Haqq üçün haqlı məqamda və haqlı yerdə üsyan etməkdir. İmam Hüseyn hadisəsi də bunun ən gözəl nümunəsidir. Səbir edən insan Allahın (c.c.) “Dayan”, – dediyi yerdə dayanmağı bacarmalı, “Get”, – dediyi yerdə də getməyi bacarmalıdır.

Səbir sükunət deyil, səbir ətalət deyil. Allahın əmrlərinə uyğun hərəkət etməkdir, Allahın rizasına uyğun istiqamət götürməkdir. Ona görə də, bu mövzuda danışanda, düşünəndə həssas olmaq lazımdır. Səbri zillət, acizlik kimi anlayanlar heç vaxt doğru qənaət sahibi ola bilməzlər.

Quran məntiqi ilə səbir həm də ölümü gözə almaqdır. Təbii ki, bu ölüm ölümün zirvəsi olacaq, şəhadət olacaq, şəhidlik olacaq, o bəndəni Allahın rizasına qovuşduracaq. Yəni, səbir məsələyə geniş aspektdən yanaşmaq, sağı-solu görərək ən doğru yolu – Sirati Müstəqimi görmək və o yolu seçməkdir. Səbrin bir tərəfi uçurumdur, yəni səbirsizlikdir, səbrin o biri tərəfi də uçurumdur, yəni acizlikdir. Səbir iki uçurum arasındakı nicat yoludur.

Yuxarıda səbrin dörd şöbəsindən danışdıq. Bəla və müsibətlərə qarşı səbir çox mühüm göstəricidir. Belə ki, ən yaxınını itirən birisi “Allah verdi, Allah aldı” prinsipini əsas tutaraq dözə bilirsə, əlbəttə, bu səbri-cəmildir, yəni gözəl bir səbirdir. Bu mövzuda bir məqamı həmişə göz önündə saxlamaq lazımdır: bizim iradəmiz daxilində cərəyan edən hadisələr və bizim iradəmizdən asılı olmayaraq baş verən hadisələr…

Səbrin başqa bir şöbəsi isə ibadətə qatlanmaqdır. Belə ki, uzun yay günlərində oruc tutmaq, soyuq qış gecələrində namaz qılmaq, dünyada Allahın verdiyi halal nemətləri başqaları ilə bölüşmək, əlbəttə ki, səbir gücü tələb edir. Çünki biz bu əməllərimizin əvəzini axirətdə alacağımıza inanırıq. Dediyimiz bu səbrin bir ucu bu dünyada, bir ucu da axirətdə olur.

Günahlara qarşı səbir də çox mühüm məsələdir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) Həzrəti Əliyə (r.a.) belə buyurur: “Ya Əli! İlk baxış yararınadır, sonrası zərərinədir”. Alimlər bu hədisi belə izah edirlər ki, əgər gözün harama ilişdisə, o saat nəzərlərini yayındırmalısan, çünki harama baxmaq günahdır. Əgər yayındırmırsansa, harama baxmağa davam edirsənsə, baxışın əvvəli də zərərinədir, axırı da zərərinədir. Peyğəmbərimiz sevimli kürəkəninə də məhz bu məqamı təqdim edir.

Başqalarının haqqını yemək, insanlara əziyyət vermək kimi hallar insanı əzaba aparır. Çünki bu əməllər zülmdür və Allah zülmü cəzasız qoymaz. Bu zülmdən uzaq durmaq üçün də insan səbir yolunu tutmalıdır.

Dünyanın yalançı cazibəsindən uzaq olmaq da səbrin ən mühüm şöbələrindəndir. Belə ki, bu dünya fani olduğu kimi, onun zahirən gözəl görünən tərəfləri də fanidir. Halbuki əbədini qazanmaq istəyən insan əbədiyə bağlanmalıdır. Yəni, insan Allahın rizasına qovuşmaq istəyirsə, dünya rahatlığından imtina etməlidir. “Dünyam da cənnət olsun, axirətim də cənnət olsun” məntiqi bu mənada bizim kimi adi insanlar üçün mümkünsüzdür. Dünyası da, axirəti də cənnət olanlar, əslində, könlünü Allaha təslim etmiş uca ruhlardır. O şəxslər isə öz həyatlarını səbir üzərində quran insanlardır.

Səbir imanın yarısıdır, hər cür xeyrin, fəzilətin anasıdır, təməlidir, bünövrəsidir. İnsan həyatında bütün rəzilliklərin səbəbi də insanın səbirsizliyidir. Allah Qurani-Kərimdə buyurur ki, başınıza gələn xoş işləri Allahdan bilin, müsibətləri özünüzdən bilin. Başqa bir yerdə isə belə buyurulur ki, bir-birinə xeyri, saleh əməli və səbri tövsiyə etməyənlərdən başqa hər kəs zərərdədir. Yəni, əziz oxucular, səbir məsələsi bu qədər mühüm, bu qədər həyati məsələdir. Digər tərəfdən, səbir Allahın bizdən nə gözlədiyini öyrənmək və Ona layiqincə qarşılıq verməkdir…

Bəzən iradəmizdən asılı olmayaraq başımıza müəyyən işlər gəlir. Məsələn, bütün gigiyenik qaydalara əməl etsək də, heç gözləmədiyimiz halda xəstələnirik. Yəni, o xəstəlik bizə bir növ Allahın göndərdiyi bir müsibətdir. Öz əməllərimizin nəticəsi deyil, ekstra haldır. Bu hikməti anlamaq və ona səbirlə dözmək insana Allah qatında dəyər qazandırır. Bunun ən gözəl nümunəsini biz Həzrəti Əyyubun (ə.s.) həyatında görürük. Yuxarıda verdiyimiz bir misalda da səbir məsələsində insan iradəsinin əhəmiyyətindən danışmışdıq. Yəni, səbir bəndənin ağlı, düşüncəsi, iradəsi ilə Allaha təslim olması və Onun buyurduğu yolu tutmasıdır…

Allah (c.c.) bizi səbirsizlikdən, acizlikdən uzaq olanlardan, səbirlə, iradə ilə yaşayanlardan və Allahın rizasına qovuşanlardan etsin…