İki rusun həbsi Türkiyə – Rusiya münasibətlərini yenidən gərginləşdirdi

575

Ötən ilin sentyabr ayının sonlarında Rusiyanın Suriyada hərbi-hava əməliyyatlarına başlaması və bu müstəvidə də İŞİD-lə mübarizə pərdəsi altında Əsədə qarşı savaşan müxalifət güclərini hədəfə götürməsindən sonra Ankara-Moskva münasibətlərində gərginlik tədricən artmağa başladı. Xüsusilə ötən ilin dekabr ayında Türkiyə sərhədini pozan Rusiya qırıcı təyyarəsinin vurulmasından sonra Ankara-Moskva münasibətləri ən son həddədək gərginləşdi. Bu müstəvidə də Rusiyanın Türkiyə mallarına qarşı qadağa qoyması və rusiyalı turistlərin üzlərinə Türkiyənin kurort zonalarının bağlanmasına xidmət edən addımlar Ankara ilə Moskvanın müttəfiqdən düşmənə çevrilməsinə yol açdı. Son aylarda iki ölkə arasındakı gərginliyi aradan qaldırmaq üçün bəzi cəhdlərə baş vurulmasına baxmayaraq, bir neçə gün öncə Türkiyədə Rusiya vətəndaşı olan iki nəfərin həbs edilməsi yeni gərginliklə müşahidə olunmaqdadır. Türkiyənin müvafiq qurumları İstanbulda həbs edilən Rusiya vətəndaşları Yuri Anisimov və Aleksandr Smirnovu casusluqda, həmçinin 2015-ci ilin noyabr ayında “kavkazsentr.com” saytının administratoru Abdulvahid Adilgeriyevin qətlində günahlandırırlar. Əslində Rusiya vətəndaşlarını aprelin 13-də deyil, 4-də həbs etmişdilər. Lakin onlara qarşı rəsmi şəkildə ittiham irəli sürülməmişdi. Məhz aprelin 4-də Yuri Anisimov və Aleksandr Smirnov Moskvadan İstanbula gəlmişdilər. Onlar yerli mehmanxanalardan birində məskunlaşandan sonra taksi ilə şəhər ətrafındakı Yalovaya getdilər. Yalovadan yenidən mehmanxanaya qayıdanda isə onları artıq Türkiyə polisi və xüsusi xidmət orqanlarının əməkdaşları gözləyirdilər. Həbs edilərək polis şöbəsinə gətirilən Yuri Anisimov və Aleksandr Smirnova casusluqda və Abdulvahid Adilgeriyevin öldürülməsində təşkilatçı funksiyasını həyata keçirməkdə günahlandırıldıqlarını söylədilər. Yeri gəlmişkən, onu da deyək ki, öldürülmüş Abdulvahid Adilgeriyevin “kavkazsentr.com” saytı hələ 2011-ci ildə Rusiyada məhkəmə tərəfindən ekstremist sayt elan edilmişdi. Adilgeriyev 2015-ci il noyabr ayının 1-də məsciddən cümə namazından qayıdarkən evinin yanında güllələnmişdi. Axtarış zamanı Adilgeriyevin öldürülməsində istifadə edilən pistolet və killer tərəfindən istifadə edilən kamu (Yaponiyada killer tərəfindən istifadə edilən oraq silah) aşkar edildi. Axtarış zamanı öldürülənin hadisə yerindən aparıldığı maşın da aşkar edildi. Həmin dövrdə Türkiyə polisi tərəfindən qatili tapmaq üçün “Kama” adlı əməliyyat-axtarış işləri həyata keçirilməkdə idi. Yeri gəlmişkən, qeyd edək ki, killer tərəfindən öldürülən administrator vaxtilə müstəqil İçkeriya-Çeçen Respublikasında xarici işlər, mətbuat və informasiya naziri vəzifəsini tutan Mövladi Uduqovun qohumu idi. Adilgeriyev killer tərəfindən öldürüləndən sonra Rusiya mətbuatı bunun səbəbini sonuncunun guya Suriyada İŞİD sıralarında vuruşması ilə izah etməyə cəhd etdi. Lakin Rusiya mətbuatı Abdulvahid Adilgeriyevin Suriyadakı döyüşlərdə iştirak etdiyi və İŞİD sıralarında vuruşduğu barədə bir fakt olsun ortaya qoya bilmədi. O vaxt Adilgeriyevin öldürülməsi ətrafında Rusiya mətbuatında onun simasında İŞİD-çi obrazının yaradılması cəhdləri qətlin Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən törədilə biləcəyi barədə ehtimalların ortaya çıxmasına səbəb olmuşdu. Xatırladaq ki, son illərdə İçkeriya-Çeçen Respublikasında yüksək vəzifə tutan və müstəqil respublika devriləndən sonra xaricə getməyə məcbur olan əksər yüksək səviyyəli rəsmilər, o cümlədən onların qohumları qətlə yetiriliblər. Təbii ki, bu işin arxasında Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının dayandığı ehtimal edilir. Bu baxımdan Türkiyə polisi və xüsusi xidmət orqanlarının qətlin arxasında Rusiya izini axtarmasını təsadüfi hesab etmək olmaz. Bununla belə, Rusiya tərəfinin iddiasına görə, Abdulvahid Adilgeriyevin qətlə yetirildiyi gün Smirnov və Anisimov Türkiyədə olmayıblar. Onlar hələ oktyabr ayının 16-da, qətl hadisəsi baş verməzdən 2 həftə öncə Türkiyəni tərk etmişdilər. Yalnız aprel ayının 4-də yenidən Türkiyəyə qayıdan Smirnov və Anisimov həbs edildilər. Türkiyə tərəfinin bildirdiyinə görə, qətli törədənlərin kimliyi araşdırılarkən cinayətdə şübhəli bilinənlərin fotoşəkilləri ilə Smirnov və Anisimovun şəkilləri, demək olar üst-üstə düşüb. Türkiyə polisi Anisimov və Smirnovun bu qətlin təşkilatçıları olduğu qənaətindədirlər.

Kəşfiyyat İdarəsi:
Anisimov və Smirnov xüsusi
tapşırıqlarla Türkiyəyə gəliblər
Türkiyənin və dünyanın tanınmış kəşfiyyat idarələrindən biri olan Milli İstihbarat( Kəşfiyyat) Təşkilatı (MİT) da həbs edilənlərin uzun müddət izlənildiklərini və onların İstanbula qanunazidd əməllər məqsədi ilə gəldiklərini bəyan edib. Türkiyə kəşfiyyatı bununla bağlı iddialarının doğru olduğunu sübut etmək üçün bəzi faktlara da istinad edib. Türkiyə Milli İstihbarat İdarəsi həbs edilənlərdən İstanbulun və bəzi iri şəhərlərin gizli şəkildə çəkilən mobil-foto şəkillərinin olduğu flaş-kart da daxil olmaqla 5 ədəd mobil telefon və onların İnterpol əməkdaşları olması barədə saxta vəsiqələr aşkar edildiyini bəyan edib. MİT belə hesab edir ki, həbs edilənlər saxlanılmazdan öncə elektron daşıyıcılardan olan bir çox sirli məlumatları pozmağa imkan tapa biliblər. Hazırda mütəxəssislər Rusiya vətəndaşları tərəfindən elektron daşıyıcılardan silinən məlumatları bərpa etməyə cəhd edirlər.

Həbs edilənlər günahlarının
olmadıqlarını söyləyirlər…
Rusiya vətəndaşı olan iki şəxsin həbs edilməsi ilə bağlı məsələ Rusiyanın İstanbuldakı baş konsulu Andrey Podelışev tərəfindən də diqqət mərkəzindədir. Baş konsul artıq saxlanılan Rusiya vətəndaşları ilə istintaq-təcrid kamerasında görüşə bilib. Podelışevin bu görüşdən sonra Rusiya mətbuatına verdiyi məlumata görə, Smirnov və Anisimov hər hansı qətldə əli olmadıqlarını və Türkiyəyə turist kimi gəldiklərini bildiriblər. Podelışev: “Biz həbs edilənlərin vəkili ilə görüşmüşük və onlarla müntəzəm əlaqə saxlayırıq. Hələlik, bu günə kimi həbs edilənlər özlərinə qarşı hansısa zorakılığa əl atıldığı barədə məlumat verməyib, şikayət etməyiblər”,-deyib.
Bu arada isə Türkiyə polisi Smirnov və Anisimovun bir ay müddətinə həbs edildiklərini və onların qətldə əli olub-olmadıqlarının ciddi şəkildə araşdırıldığını bəyan edib. Bununla belə, Smirnov və Anisimovun həbs müddətinin uzadıla biləcəyi ehtimal edilir.

Saxlanılanlarla bağlı Rusiya izi?
Smirnov və Anisimovun Adilgeriyenin qətlində əli ola bilmələri və bunun arxasında Rusiya xüsusi xidmət orqanlarının dayanması ehtimalı əslində təsadüfi deyil. Belə ki, Türkiyədə əvvəllər də çeçen liderlərin öldürülməsi halları baş verib. Məsələn, 2011-ci il sentyabr ayının 16-da İstanbulun mərkəzindəki kafelərdən birindən çıxan keçmiş çeçen səhra komandiri, Doku Umarova yaxınlığı ilə bilinən Berq-Xaj-Musayev və onun iki yaxını naməlum adamlar tərəfindən öldürülmüşdülər. Berq-Xaj Musayev İstanbula müalicə məqsədi ilə gəlmişdi. Türkiyə polisinin və Milli Kəşfiyyat İdarəsi əməkdaşlarının cəhdlərinə baxmayaraq, qatili və ya qatilləri tapmaq mümkün olmadı. O vaxt Türkiyə xüsusi xidmət orqanları və polis qatilin Rusiya vətəndaşı Aleksandr Jarkov olduğunu bəyan etdi. Jarkov qətldən dərhal sonra tələm-tələsik şəkildə Rusiyaya uçmuşdu. Qatilin Aleksandr Yarkov olduğu barədə isə “Kavkazsentr” saytında geniş məqalə dərc edilmişdi. Məqalədə çeçen mücahidlərin qətlində Rusiya xüsusi xidmət orqanlarının əli olduğu barədə çoxsaylı faktlar gətirilmişdi.
Bu baxımdan Abdulvahid Adilgeriyevin qətlinin arxasında Rusiya xüsusi xidmət orqanlarının əli ola biləcəyi əksər ekspertlər tərəfindən də qeyd edilir. Belə bir fikir vurğulanır ki, Rusiya xüsusi xidmət orqanları hələ SSRİ dövründə rejim əleyhdarı olan şəxslərin öldürülməsi ilə bağlı çoxlu sayda qətllər həyata keçiriblər və bununla bağlı çoxlu sayda sübutlar da var. Bu baxımdan Çeçenistanı tərk etməyə məcbur olan İçkeriya-Çeçen Respublikasının yüksək səviyyəli rəsmilərinin və onların silahdaşlarının Türkiyədə və digər yerlərdə öldürülməsinin də arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığı istisna edilmir.
Xatırladaq ki, hələ 2004-cü ildə Qətərin paytaxtı Doxada İçkeriya-Çeçenistan Respublikasının keçmiş prezidenti Zəlimxan Yandarbiyev öldürülmüşdü. Araşdırmalar zamanı qətlin Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları Anatoli Yabloçkov və Vasili Puqaçov tərəfindən həyata keçirildiyi məlum oldu. Hər iki şəxs həbs edildi və onlar günahlarını boyunlarına aldılar. Qətər məhkəməsi tərəfindən Yabloçkov və Puqaçov ömürlük həbs cəzasına məhkum edildilər. Lakin keçmiş kəşfiyyatçı olan və kəşfiyyatçıların əməyini yüksək dəyərləndirən Prezident Vladimir Putin Qətər əmiri Hamad bin Xəlifə-əl-Tani ilə görüşdükdən sonra onu Yabloçkov və Puqaçovun Rusiyaya ekstradisiya edilməsinin vacibliyinə inandıra bildi. Nəticədə Yandarbiyevin qatilləri Rusiyaya təhvil verildi. Onların sonrakı taleyindən isə xəbər yoxdur. Belə ehtimal edilir ki, Rusiya xüsusi xidmət orqanları Yabloçkov və Puqaçovdan digər ölkələrdə də analoji qətllər həyata keçirmək üçün istifadə edəcək və ya edir. Bu baxımdan Türkiyə xüsusi xidmət orqanları tərəfindən Anisimov və Smirnovun həbs edilməsini təsadüfi hesab etmək olmaz. Üstəlik, Smirnov və Anisimov Türkiyədə keçirilən İslam Əməkdaşlığı Təşkilatının növbəti sammiti ərəfəsində İstanbula gəliblər və ya göndəriliblər. Ola bilsin ki, onların qarşısında toplantı ərəfəsində Türkiyənin beynəlxalq aləmdə gözdən salınmasına xidmət edən və hansısa böyük əks-sədaya səbəb olan qətllər həyata keçirilməsi qoyulub… Hər halda bu ehtimalların doğru olub-olmayacağına yaxın vaxtlarda aydınlıq gətiriləcək.

Əziz Mustafa