İki azərbaycanlı məşqçi gürcü mütəxəssislərlə qarşı-qarşıya gələcək

644

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları artıq başa çatıb. Qeydə alınan nəticələrdən sonra “Neftçi”, “Qarabağ”, “İnter” və “Simurq” komandaları adlarını növbəti mərhələyə yazdırıblar. Yarımfinalda “Neftçi” “İnter”lə, “Qarabağ” isə “Simurq”la üz-üzə gələcək.

Xatırladaq ki, AZAL-la qarşılaşan “Neftçi” 1:0 hesablı qələbə qazanıb. Paytaxtda reallaşan digər oyunda isə “Bakı” ölkə çempionatının lideri “Qarabağ”la üz-üzə gəlib. İlk matçda 3:0 hesablı qələbə qazanan Ağdam klubu formal xarakter daşıyan ikinci görüşdə də böyükhesablı qalibiyyətə sevinib – 4:1. “İnter” “Xəzər Lənkəran”ın qonağı olub. “Bankirlər” ilk matçdakı kimi, yenə cənub klubuna şans verməyiblər (0:3). Zaqatalada isə “Simurq” “Qəbələ”ni sınağa çəkib. Qəbələdəki oyunda 3:0 hesabı ilə qalib gələn Georgi Çixradzenin yetirmələri bu dəfə qolsuz heç-heçəyə imza atıblar.

1/4 final mərhələsinin cavab oyunlarından sonra yarışın ən məhsuldar futbolçusu da dəyişib. “Bakı” ilə səfər qarşılaşmasında het-trikə imza atan “Qarabağ”ın oyunçusu Vüqar Nadirov qol sayını 5-ə çatdırıb. Bununla da o, “Simurq”un hücumçusu Draqan Çeranı bir qol fərqi ilə arxada qoyub. 3-cü pilləyə şərik olan 3 oyunçunun – Röyal Nəcəfovun (”MOİK”), Reynaldo Silvanın (”Qarabağ”), Bəxtiyar Soltanovun (”Qəbələ”) hərəsinin hesabında isə 2 top var.

“Simurq”la bizi çətin oyunların gözlədiyi bir həqiqətdir”

Əslən Zaqataladan olan “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov yarımfinal barədə fikirlərini bölüşərkən bu sözləri deyib: “Zaqatala mənə doğma rayondur və onun komandasının uğurlarına sevinirəm. “Simurq”u həmişə yuxarılarda görməyi arzulayıram. Ora getmək mənim üçün çox xoş olacaq. Ancaq meydançada artıq rəqibik. Mən də rəqibin kimliyindən asılı olmayaraq, yalnız öz komandamın qələbəsi barədə düşünürəm. “Simurq”la bizi çətin oyunların gözlədiyi bir həqiqətdir”. O həmçinin “Qarabağ” “qızıl dubl”la bağlı iddialarına da aydınlıq gətirib. Lakin o, sürprizlərin ola biləcəyini istisna etməyib: “Hələ bu barədə düşünmürük. Təbii ki, istərdik bunu həyata keçirək. Hər qələbə bizi həm çempionatın, həm də kubokun qalibi olmağa yaxınlaşdırır. Amma ümumi gedişə baxanda çempionatda da, kubokda da gözlənilməz nəticələrin qeydə alındığını görərik. Biz oyunlara fərdi şəkildə yanaşmağa çalışırıq. Çünki indi hər iki cəbhəni birdən düşünsək, bu, bizə mane ola bilər. İndi bütün diqqətimizi yalnız “Sumqayıt”la görüşə yönəltmişik”.

“Neftçi”nin üzvü Rəhman Hacıyev yarımfinalda üz-üzə gələcəkləri “İnter” barədə fikirlərini açıqlayarkən belə deyib: “İnter”i də mübarizədən kənarlaşdırıb, finala yüksələcəyik. Buna inanıram. Əvvəlki turda çempionatda “İnter”lə üz-üzə gəldik. Düzdür, meydanı məğlubiyyətlə tərk etdik. Amma rəqib bizdən üstün deyildi. Sadəcə olaraq, bizi əks-hücumlarda yaxalayıb, qol vurdular. Futboldur, hər şey meydanda məlum olacaq”.

“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov da komandasının kuboka iddialı olduğunu vurğulayıb: “Bizim maksimum və minimum vəzifələrimiz var. Maksimum alınmayanda artıq minimum vəzifəni yerinə yetirməyə çalışırıq”. Onun sözlərinə görə minimum vəzifə Avrokuboka vəsiqə qazanmaq və kubokda finala qədər getməkdir.

“Avroliqaya ümid var”

AZAL-ın kapitanı Rəşad Abdullayev komandasının ölkə kubokunda mübarizəsini dayandırmasından çox təəssüfləndiyini, lakin Avroliqa sevdasının hələ bitmədiyin bildirib: “Kubokda yaxşı şansımız var idi. “Neftçi”ni keçsəydik, “İnter”ə qarşı da yarımfinalda müqavimət göstərə bilərdik. Lakin alınmadı. İndi çempionatda uğur qazanmaq üçün bütün gücümüzü sərf etməliyik. Avroliqaya yollanmaq üçün hazırda yeganə şansımız ölkə çempionatında dördüncü yeri tutmaqdır. (Hazırda AZAL turnir cədvəlində 28 xalla 6-cı yerdədir). O buna komandasının hələ ümidinin qaldığını deyib: “Komandanın oyununda irəliləyiş var. Qış fasiləsindən sonra ən zəif oyunumuz elə bu görüş idi”.

“Finala çıxacağına inanmıram”

Ölkə kubokunun 1/4 final mərhələsində hər iki oyunun nəticəsinə görə “Simurq”u üstələyə bilməyən “qırmızı-qaralar”ın – “Qəbələ”nin də avrokuboklara gedən yolu ancaq Premyer Liqadan keçir. “Qəbələ” komandasının yarımmüdafiəçisi Cavid Hüseynov da bunu bacaracaqlarına inandığını söyləyib: “Premyer Liqada növbəti matçımız “İnter”ə qarşıdır. Nə olursa olsun, qələbə qazanmalıyıq. Təcrübəli yarımmüdafiəçi Zaqatala klubunun finala çıxa bilməyəcəyini də bildirib: “Bizi “Simurq”un oyunları maraqlandırmır. Düzü, “Simurq”un finala çıxacağına inanmıram. Nəzərə alaq ki, rəqibləri “Qarabağ”dır. İnanıram ki, avrokuboklara biz gedəcəyik”.

Lakin: “Açığı mən pərt olmuşam. Çünki mərhələni biz yox, rəqib adladı” deyən və bu məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə daha danışmağa özündə cəsarət tapa bilmir. Çünki komandada işlər heç də onun planına uyğun getmir. Legioner məşqçilərin qənimi kimi tanınan Böyükağa Hacıyevin sözləri ilə desək, indi Roman Qriqorçuka “Bir ana, dörd bacı lazımdır ki, qabağına qoyub ağlasın”.

Qeyd edək ki, “Qəbələ” turnir cədvəlində 31 xalla 4-cü pillədədir. O, “Neftçi”dən 8, “İnter”dən isə 12 xal az toplayıb. Birinci pillədə qərarlaşan “Qarabağ”dan isə onları 18 xal ayırır.

“Simurq”un ilki

Bakının “İnter” klubunun baş məşqçisi Kaxzaber Sxadadze komandasını Azərbaycan kubokunun yarımfinalına ən çox çıxaran legioner baş məşqçi kimi yeni rekorda imza atıb. Belə ki, 2009/10, 2010/11 və 2011/12 mövsümlərində ardıcıl 3 dəfə “İnter”lə yarımfinal həyəcanı yaşayan çalışdırıcı 2 illik fasilədən sonra eyni uğuru təkrarlayıb. 4-cü dəfə paytaxt təmsilçisini 4 ən güclü arasına daşıyan Sxadadze əcnəbilər arasında mütləq rekorda sahib çıxıb. Bunadək “İnter”in sabiq baş məşqçisi, bu postdakı sələfi ukraynalı Valenton Xodukinlə şərikli rekordçu olan gürcüstanlı artıq həmkarını da geridə qoyub. Ukraynalı 2006/07, 2007/08 və 2008/09 mövsümlərində finalın bir addımlığında olub, bunların ikisində isə həlledici qarşılaşmayadək irəliləmişdi.

Sxadadzenin həmyerlisi Georgi Çixradze rəhbərlik etdiyi “Simurq” ilk dəfə Azərbaycan kubokunun yarımfinalına yüksəlib. Ümumilikdə isə əcnəbi məşqçilər indiyədək 20 dəfə komandasını 1/2 finala daşıyıb. Onlardan biri bu mərhələyə çıxardığı komandadan ayrılıb və yarımfinal həyəcanı yaşamayıb. Əvəzində digər 2 əcnəbi bu mərhələ öncəsi baş məşqçi postuna gətirilib.

“Kaxaber Sxadadze… yaxşı bilir”

Yarımfinaldakı cütlüklərə münasibət bildirməzdən əvvəl maraqlı bir faktı qeyd edək. Bu mərhələdə iki azərbaycanlı məşqçi gürcü mütəxəssislərə qarşı olacaq. Azərbaycan finalının baş tutması üçün vaxtilə futbolçu kimi bir komandada oynamış Qurban Qurbanov və Arif Əsədov uzun müddət məşqçi kimi birlikdə çalışmış Georgi Çixradze ilə Kaxaber Sxadadzeni mübarizədən kənarlaşdırmalıdır. Apasportun əməkdaşı Ruslan Sadıqovun qəzetimizə verdiyi məlumata görə, çempionluqdan, demək olar ki, əli üzülən “Neftçi” mövsümü titulla tamamlamaq üçün öncə “İnter” səddini keçməlidir: “O “İnter” ki, çempionluğa az da olsa, ümidi var və gücünü hər iki cəbhədə ortaya qoymalıdır. Kaxaber Sxadadze çempionluğun sual altında olduğunu yaxşı bilir. Bu üzdən də kuboku qazanıb Azərbaycanı titulla tərk etmək istəyir. Yəni mövsüm bitdikdən sonra çantasını yığıb ölkəsinə qayıdacaq Kaxaber Sxadadze həmin çantaya Azərbaycan kubokunu da qoymaq istəyir. Ancaq hər iki komanda böyük ehtimalla çempionatdan Avrokuboka vəsiqə qazanacaq. Çünki “İnter”lə “Neftçi”nin ilk “üçlük”də qərarlaşacağını təxmin etmək olar. Stabil oyun göstərdiyi üçün şəxsən mən “İnter”i bu cütlükdə favorit hesab edirəm.

O ki qaldı digər cütlüyə, “Simurq” minimum vəzifənin öhdəsindən artıq gəlib. Zaqatala komandası Avrokubok yolundakı əsas rəqibi “Qəbələ”ni mübarizədən kənarlaşdırdı. Yarımfinaldakı digər üç komanda çempionatda ilk 3 yeri böyük ölçüdə təmin etdiyindən, “Simurq”un bundan sonrakı vəzifəsi Premyer Liqanı 4-cü pillədə tamamlamaqdır. Çixradzenin komandasının başqa çıxış yolu da var. “Qarabağ” səddi keçilsə və komanda finala adlasa, kuboku qazanmasa belə, avrokuboka yollanacaq 4-cü komanda olacaq. Amma “Qarabağ”ı məğlub etmək indiki vəziyyətdə çox-çox çətindir. Qurban Qurbanov da mövsümü “qızıl dubl”la başa vurmaq arzusunda olduğunu gizlətmir”.