II Dünya müharibəsində Smolenskdə həlak olmuş azərbaycanlıların cəsədlərinin axtarışına başlanılacaq

“Rubej” Axtarış Birliyinin üzvü: “Azərbaycanlıların kütləvi şəkildə həlak olmasına dair əldə etdiyimiz arxiv sənədləri 2011-ci ildə məxfi sənədlər sırasından çıxarılıb”
Bir neçə gün öncə “lent.az” saytı Rusiyada İkinci Dünya müharibəsi zamanı Smolensk ətrafında gedən döyüşlərdə həlak olmuş, adları itkin düşmüşlərin siyahısında olan 21 azərbaycanlının cəsədinin tapılması barədə məlumat yayıb.
Axtarış işləri ilə məşğul olan “Rubej” Axtarış Birliyinin üzvü Aleksandr Tumanov APA-nın Moskva müxbirinə müsahibəsində 1942-ci ilin 23-26 mart tarixlərində Smolensk vilayətinin Kuvşinovo kəndi yaxınlığında gedən döyüşlərdə iştirak etmiş qafqazlılardan ibarət diviziya haqqında Rusiya Müdafiə Nazirliyindəki arxiv sənədləri, onların həmin tarixdə gedən döyüşlərdə göstərdiyi şücaət və ən əsası arxivdən siyahısı tapılan azərbaycanlıların cəsədlərinin taleyi barədə danışıb.
“Arxivdən azərbaycanlıların olduğu siyahını tapmışıq, cəsədlərin dəqiq harada olduğu barədə isə məlumatımız yoxdur”
A. Tumanov azərbaycanlıların cəsədlərinin basdırıldığı yerin dəqiq müəyyən olunmadığını söyləyib: “Rusiya Müdafiə Nazirliyinin Podolskda yerləşən arxivindən aralarında azərbaycanlıların olduğu siyahını tapmışıq. Siyahıda döyüşçünün adı, atasının adı və soyadı ilə yanaşı, təvəllüdü və cəbhəyə hansı hərbi komissarlıqdan çağırılması, harada və hansı vəziyyətdə itkin düşməsi ilə bağlı qeydlər var. Cəsədlərin dəqiq harada olduğu barədə isə məlumatımız yoxdur. Axtarış işlərinə sonra başlayacağıq. Altıncı ildir ki, Yuxnovo ətrafında axtarışlar aparırıq. Bu ərazi indi Kaluqa vilayətinə aiddir. O ərazidə döyüşmüş 49-cu ordunun tərkibində 133-cü atıcı diviziya olub. Arxivlərdən adları tapılan azərbaycanlılar da məhz bu diviziyanın tərkibində döyüşüblər. 1942-ci ilin 18 mart tarixində bu diviziya 18-ci qvardiya adlandırılıb. Arxivlərdəki sənədlərə əsasən 1942-ci il martın 21-də biz həmin diviziyaya yeni qüvvələrin cəlb olunduğunu müəyyən etmişik. 1942-ci ilin 23-26 mart tarixlərində isə diviziyanın heyətinin sayının azaldığı görünür. Deməli, 3 gün ərzində diviziyaya yeni daxil olmuş hərbi çağırışçılar qızğın gedən döyüşlərdə həlak olublar. Belə təəssürat yaranır ki, onlar itkin düşmüş kimi qələmə verilib. Həmin müddətdə gedən döyüşlərdə həlak olanların hamısı, 141 nəfər qafqazlıdır. Bunlar əslən Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstandan olublar. Yenə də arxiv sənədlərinə istinadən aşkar etmişik ki, adıçəkilən diviziyada 1942-ci ilin martın 18-dək Qafqazdan heç kəs olmayıb. Diviziyanın əsasını ukraynalılar, slavyan soyadlı şəxslər təşkil edib. Martın 21-də diviziyaya Qafqazdan 141 nəfər daxil edilib. Onların hamısı Böyük Vətən Müharibəsinin Sovetlər İttifaqı üçün ən pis və ağır dövrü sayılan 1942-ci ildə həlak olublar. Diviziyanın tərkibinə yenicə daxil edilmiş qafqazlılar bir başa ön xəttə göndərilib. Cağırıldıqları müddətdən keçən 3 gün ərzində qafqazlıların hamısı həlak olublar”.
“Aprelin 22-də azərbaycanlıların cəsədlərinin olduğu 4 kv. km ərazidə axtarışlara başlayacağıq”
A. Tumanov aprelin 22-də yenidən 1942-ci il 23-26 mart tarixlərində qızğın döyüşlərin getdiyi Smolensk ətrafında yerləşən Kuvşinovo kəndinə yollanacaqlarını söyləyib: “Orada axtarışlara başlayacağıq. Kuvşinovo kəndi yaxınlığında hərbi aerodrom var. Çox güman ki, müharibə zamanı həmin ərazi almanlar tərəfindən işğal edilib, sonra isə sovet qoşunları tərəfindən geri alınıb. Qızğın döyüşlər həm Kuvşinovo kəndi yaxınlığında, həm də aerodromun yerləşdiyi rayonda gedib. Ona görə də aerodrom ətrafında da axtarışlar aparacağıq”.
Siyahıda adları olan azərbaycanlılar barədə məlumatlara gəldikdə isə A. Tumanov həmin döyüşlərdə azərbaycanlıların itkin düşdüyü bildirilib: “Döyüşlərin getdiyi ərazi də almanların əlinə keçib. Mart ayı olduğundan ərazi qarın altında olub, digər tərəfdən çovğun öz rolunu oynayıb. Artıq yaza doğru Sovet ordusu irəli gedib. Həmin ərazilərdə meşə sahələri olduğundan güman ki, cəsədlər elə olduğu yerdə qalıb. Onların tapılmasına çalışacağıq. 4 kv. km ərazidə cəsədlərin axtarışına başlayacağıq”.
A. Tumanov Rusiya Müdafiə Nazirliyinin Podolskda yerləşən arxivinin bir müddət öncə açıldığını qeyd edib: “70 ilə yaxın müddətdə bu sənədlər məxfi saxlanılıb. Azərbaycanlıların kütləvi şəkildə həlak olmasında dair əldə etdiyimiz arxiv sənədləri 2011-ci ildə məxfi sənədlər sırasından çıxarılıb. 1942-ci ildən bu vaxtadək həmin sənədlər məxfi olub. Ona görə də müharibədə itkin düşən və ya həlak olanların axtarıb tapılması çətin proses olub. Bu sənədlər siyasi səbəblər üzündən bilərəkdən məxfiləşdirilib. Çünki, o vaxtkı hökumət müharibənin ən qızğın dövründə həlak olanların sayını gizlədib. İndi isə arxivlər açılır. 1943-cü ilədək Sovet İttifaqında neçə-neçə diviziyaların, ordu birləşmələrinin almanlar tərəfindən məhv edildiyi aşkara çıxır. Arxivlərdəki sənədlərdə ordu birləşmələrinin heyətinin tərkibinin tez-tez dəyişməsi, artıb-azalması bunu sübut edir”.
A. Tumanov müharibədə itkin düşən və ya həlak olanların axtarıb tapılması barədə təkcə Rusiya arxivlərində deyil, Almaniya arxivlərində də axtarışlar apardıqlarını söyləyib: “Almaniya arxivlərindəki sənədləri ancaq pulla almaq mümkündür. Bir sənədin qiyməti 5 avrodur. Bir vacib məqam da ondan ibarətdir ki, Almaniya arxivlərindən tapılan sənədlər daha dəqiq olur və biz həmin sənədlərdən daha dəqiq informasiya əldə edirik. Bu sənədlərdə baş vermiş döyüşlər barədə ətraflı və dolğun məlumat verilib, əmrlər və xəritələr, eləcə də aerofotoçəkiliş yer alıb”.
“Qohumları həmin şəxsləri 74 il ərzində itkin düşmüş sayıblar”
A. Tumanov arxivdən məlum sənədi əldə etdikdən sonra Azərbaycan, Gürcüstan və Ermənistan diasporuna, habelə Dağıstan rəsmilərinə müraciət etdiyini bildirib. O, həmin siyahını sosial şəbəkələr vasitəsi ilə yaydıqlarını deyib: “Mən vasitənizlə siyahıda adı olan azərbaycanlıların qohumlarına müraciət etmək istərdim. Biz hazırda 1942-ci ilin martın 23-26-da azərbaycanlıların harada həlak olduğu ərazini göstərə bilərik. Cəsədlərin konkret olaraq harada olduğunu tapmamışıq. Bu il həmin ərazidə axtarışlara başlayacağıq. Gördüyümüz iş təkcə müharibədə həlak olanların yaxınları ilə yanaşı özümüzə də lazımdır. Orada həlak olanlar 2-3 gün ərzində qəhrəmancasına vuruşublar. Lakin müharibənin necə bitdiyini görməyiblər. Qohumları isə həmin şəxsləri 74 il ərzində itkin düşmüş kimi biliblər. Həlak olanların qohumları bilməlidirlər ki, onların babaları və ya ulu babaları igidlik göstərərək, qəhrəmancasına döyüşüblər. Bu isə bizim üçün çox vacibdir”.
A. Tumanov Almaniya və Rusiya arxivlərindən əldə etdiyi sənədləri APA-ya təqdim edib. Almaniya arxivlərindən əldə olunan sənədlərdə azərbaycanlıların həlak olduğu ərazilərin əks olunduğu xəritə, Rusiya arxivindən əldə olunan sənədlərdə isə azərbaycanlı döyüşçülərin adı, atasının adı və soyadı ilə yanaşı, təvəllüdü və cəbhəyə hansı hərbi komissarlıqdan çağırılması, harada və hansı vəziyyətdə itkin düşməsi ilə bağlı qeydlər öz əksini tapıb.