II dövrənin startında sürpriz olacaqmı?

0
366

Bu gün Topaz Premyer Liqasında II dövrəyə start veriləcək.  X turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

“Qarabağ”ın “Sumqayıt”a məğlub olmasından sonra liderliyə yüksələn “Qəbələ” AZAL-ı qonaq edəcək. Roman Qriqorçukun yetirmələri 1-ci pillədən düşməmək üçün ötən tur “Neftçi”ni məğlub etmiş “təyyarəçilər” qarşısında qələbə qazanmalıdılar.

Keçən turun əsas sensasiyasına imza atan “Sumqayıt” isə cənub səfərinə yollanacaq. Turnir cədvəlində qonşu olan bu iki komandanın qarşılaşmasında “Xəzər Lənkəran” doğma meydan amilindən istifadə edərək yaxşı nəticə qazanmaq istəyir.

Cari çempionatın iki yeni komandası “Kəpəz”lə “Zirə” isə Zirə qəsəbə stadionunda üz-üzə gələcəklər. Qəbələ səfərindən 1 xalla dönən Adil Şükürovun yetirmələri ilk dövrədə Gəncədə 1:1 bərabərə qaldıqları rəqibini bu dəfə əliboş yola salmaq istəyindədi.

Turun mərkəzi oyunu heç şübhəsiz “Neftçi” – “İnter” qaşılaşması olacaq. Liderlər qrupundakı mümkün büdrəmələrdən istifadə edərək ilk üçlükdəki yerini bərkitmək istəyən “bankirlər” yaxşı günlərini yaşamayan “ağ-qaralar”ı yenməlidi. “Neftçi” isə 3 oyun ardıcıl məğlubiyyətdən sonra “qara zolaq”dan çıxmaq üçün bu oyunda qalib gəlməlidi. Növbəti məğlubiyyət isə Samir Əliyevin yetirmələrinin daha 3 pillə geriləməsinə səbəb ola bilər.

Son çempion “Qarabağ” isə öz meydanında autsayder “Rəvan”la oynayacaq. “Köhlən atlar” “Sumqayıt” məğlubiyyətini unutdurmaq üçün zəif rəqibini mütləq məğlub etməlidi. Üstəlik ağdamlılar mümkün qədər çox qol vuraraq “Qəbələ”nin xal itirməməsi ehtimalına qarşı top fərqi ilə lider olmaq üçün şansların yoxlamalıdı.