İdxal mallarının aksiz dərəcələrinin artırılması ÜTT ilə danışıqları çətinə salacaq

497
Dünəndən etibarən “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyası qüvvəyə minib. 
Qeyd edək ki, Nazirlər Kabineti 29 yanvar 2015-ci il tarixdə 2005-ci il 15 noyabr tarixində təsdiq edilən “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ni  yeni redaksiyada təsdiq edib və qərarda yeni aksiz dərəcələrinin 30 gün sonra, yəni martın 1-də qüvvəyə minəcəyi qeyd olunub. Dəyişiklik spirtli içkilər, tütün, zinət əşyaları və yanacağın müxtəlif növlərinə (benzin və s.) aksiz vergisi tətbiq edilməsi barədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli fərmanı ilə bağlıdır. Aksizli malların əksəriyyəti üzrə aksiz dərəcələrində artım baş verib. Məsələn, əvvəllər ölçü vahidi olaraq 1000 ədəd götürülməklə, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar üçün 1,8 dollar aksiz vergisi tutulurdusa, dünəndən etibarən vergi dərəcəsi 10 manata yüksəlib.

Azərbaycan 18 ildir ÜTT-yə üzv ola bilmir

Ölkə ərazisinə gətirilən malların aksiz dərəcələrinin artırılması Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyün mane ola bilər. Bildiyimiz kimi Azərbaycan üzv olmaq məqsədilə 1997-ci ildə dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olan Ümumdünya Ticarət Təşkilatına müraciət edib. Ancaq bu müraciətdən 18 ilə yaxın vaxt keçsə də ölkəmiz hələ də dünya ticarətinin 98%-ə qədərini özündə birləşdirən bu təşkilata daxil ola bilməyib. Bunun əsas səbəblərindən biri də gömrük idxal tarifləri ilə bağlıdır. Xüsusilə də kənd təsərrüfarı məhsullarına tətbiq edilən tariflərin yüksək olmasını əsas gətirərək ölkəmizi ÜTT-yə qəbul etmək istəmirlər. Azərbaycan idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq edilən tariflərin orta dərəcəsinin 20,8% olmasını istəyir. Halbuki ÜTT üzvü olan ölkələrin heç birində bu cür yüksək tarif dərəcəsi yoxdur. MDB ölkələrinin kənd təsərrüfatı üzrə orta tarif dərəcəsi 12,7% təşkil edir. Halbuki bu göstərici Gürcüstanda 11,7%, Moldovada 12,2%, Qırğızıstanda 12,3%, Ermənistanda isə 14,7%-ə bərabərdir. ÜTT Azərbaycandan tariflərin aşağı salınmasını gözlədiyi bir vaxtda “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyası qüvvəyə minməsi üzvlüklə bağlı aparılan danışıqları bir qədər də çətinə salacaq.

Dünyanın 160 ölkəsi ÜTT-yə üzv, 24 ölkəsi isə bu təşkilatda müşahidəçi statusa malikdir

Məlumuman üçün bildirək ki, Azərbaycan ÜTT-yə üzv olmaq üçün 23 iyun 1997-ci ildə bu təşkilata müraciət edib. 1997-ci ilin 16 iyul tarixində Azərbaycanın ÜTT-yə üzvülüyü ilə bağlı İşçi Qrupu təsis olunub. İşçi Qrupunun ilk iclası rəsmi müraciətdən 5 il sonra 2002-ci ilin 3-7 iyun tarixlərində baş tutub. Bugünə kimi Azərbaycanın ÜTT-yə üzvülüyü ilə bağlı İşçi Qrupu 11 dəfə bir araya gəlib. Sonuncu görüş ötən ilin fevral ayının 21-də keçirilib. Lakin, aparılan çoxsaylı müzakirələrə rəğmən ÜTT üzvlük məsələsi öz həllini tapmır. Qeyd edək ki, hazırda ÜTT ilə müzakirələr 5 sahə üzrə – tariflər, xidmətlər, kənd təsərrüfatı, sanitar və fitosanitar tədbirlər, standartlaşdırma və əqli mülkiyyət sahələrində aparılır.

Onu da qeyd edək ki, dünyanın əksər dövlətləri ÜTT-yə, bu qurumun təsis edildiyi 1995-ci ildən üzv qəbul olunub. Hazırda dünyanın 160 ölkəsi ÜTT-yə üzv, 24 ölkəsi isə bu təşkilatda müşahidəçi statusa malikdir. Ötən il ÜTT-yə daha bir ölkə – Yəmən üzv olub. Region ölkələrindən Türkiyə 1995-ci, Gürcüstan 2000-ci, Ermənistan 2003-cü, ukrayna 2008-ci, Rusiya isə 2012-ci ildə ÜTT-yə üzv qəbul olunublar. Hazırda Azərbaycanla bərabər region ölkələrindən Belarus, Qazaxıstan, İran və Özbəkistan da ÜTT-yə üzv olmayıblar.

Allahverdi Cəfərov