“İdmançı qədər məğlubiyyəti içində daşıyan ikinci bir adam ola bilməz”

Bu gün ölkəmiz dünyanın ən aparıcı güləş ölkələri sırasındadır. Güləşçilərimiz buna dünya, Avropa, olimpiya səviyyəli yarışlarda əldə etdikləri qələbələrlə nail olublar. Bu qələbələrdə Elçin Cəfərovun da kifayət qədər əməyi var desək, yanılmarıq. Təkcə bir faktı qeyd edək ki, Elçin Cəfərov ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərinə görə dövlət başçısı tərəfindən 5 dəfə mükafatlandırılıb. Belə ki, o, “Şöhrət”, “Olimpiya” ordenlərinə, “Tərəqqi” medalına, Əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülüb. O həm də Prezident təqaüdçüsüdür. Bu günlərdə Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovla görüşüb bizi maraqlandıran suallarla ona müraciət etdik.

 

– Elçin müəllim güləşdən başqa, idmanın hansı növləri ilə maraqlanır?

– İdmanın bütün növlərindən anlayışım var. Amma futbola xususi simpatiyam var. Hətta uşaq vaxtı futbolçu da olmaq istəmişəm.

– Elə isə hansı komandalara azarkeşlik edirsiniz?

– Sovet dönəmində “Neftçi”nin azarkeşi olmuşam. Bir azarkeş kimi onun uğurlarına sevinmişəm, məğlubiyyətlərinə təəssüflənmişəm. Müstəqillik illərindən isə Ağdamı təmsil edən “Qarabağ”layam.

– Bəs xarici komandalardan?

– Türkiyə Superliqasında çıxış edən “Qalatasaray”ın pərəstişkarıyam. Bu komandanın da bütün oyunlarını izləməyə çalışıram. 18 yaşlı oğlum Elşən, əgər belə demək mümkünsə, “Fənərbağçalı”dır. Odur ki, “Qalatasaray”-“Fənərbağça” derbisi olanda bizim evdə yaxşı mənada bir gərginlik yaşanır. Onu da deyim ki, mən bu il Braziliyada futbol üzrə keçirilən dünya çempionatında Almaniyaya azarkeşlik etmişəm.

– Bəs hansı oyunçulara azareşlik edirsiniz?

– Bəri başdan deyim ki, bizdə Avropa, yaxud dünya səviyyəli futbolçu yoxdur. Təbii ki, bunun da müəyyən səbəbləri var. Mənə elə gəlir səviyyəli oyunçuların yetişməsinə zaman lazımdır. Bu gün mən Rəşad Sadıqovun (“Qarabağ”) və Vüqar Nadirovun (“Qarabağ”) oyununu maraqla izləyirəm. Məşqçilərdən isə Qurban Qurbanov (“Qarabağ”) və Böyükağa Hacıyevin (“Neftçi”) fəaliyyətini təqdir edirəm.

– Məşqçilərdən söz düşmüşkən, son illər bizim futbol komandaları sanki məşqçi dəyişdirmək üzrə yarışa qoşulublar…

– Hansı idman növü olursa-olsun, onda 2-3 aydan bir məşqçi dəyişikliyi heç vaxt uğur gətirə bilməz. Etiraf edək ki, bu, Azərbaycan futbolunun real problemidir. Məsqçiyə vaxt vermək lazımdır ki, o, istədiyi komandanı formalaşdıra bilsin. Ancaq bu halda o, mübarizəyə hazır komanda yarada bilər. Təbii ki, on bir nəfəri bir yerə yığıb komanda təşkil etmək bəzilərinin düşündüyü kimi heç də asan deyil. 11 insanı bir yerə yığmaq qəliz məsələdir. Ümumiyyətlə, komanda idman növlərində kollektiv formalaşdırmaq çətindir. O komandaları yığanlar, müəyyən uğurlara imza atanlar çox böyük insanlardır.

– Elçin müəllim, ümumiyyətlə, futbolla güləşin bir yaxınlığı varmı?

– Hər bir güləşçi nəinki futbolu, üstəlik, basketbolu da bacarmalıdır… Əks halda, ondan yaxşı güləşçi olmaz. Yəni demək istəyirəm ki, məşq prosesində bu iki idman növündən, güləş termini ilə desək, isinmə hərəkətlərində mütəmadi istifadə olunur.

– Azərbaycan fərdi idman növlərində müəyyən uğurlara imza atıb. Lakin kollektiv oyunlarda fərqlənə bilmirik. Bu, nədən irəli gəlir?

– Görünür, bizimkilər pas verməyi xoşlamır. Məsələn, götürək futbolu, hər kəs özü qol vurmağa çalışır. Həlledici anda isə zərbəsi alınmır. Ver, vura bilən vursun… Sanki hər kəsin içində bir mənəmlik var.

 

“Futbolu güləşə qurban verməli oldum”

– Hərənin bu və ya digər sahəyə gəlməsinin kökündə müəyyən bir səbəb durur. Sizi bu idman növünə, yəni güləşə çəkib gətirən nə olub?

– Düzü, mənim güləşə marağım olmayıb. Söhbətimizin əvvəlində dediyim kimi, futbola olub. Olimpiya İdman Liseyinin dördüncü sinfində oxuyarkən elə bu sahə üzrə məşqlərə də getmişəm. Günlərin bir günü məşq zamanı zədələndim. Olimpiya İdman Liseyində həkim yanına gedəndə güləş zalının qabağından keçməli olurdum. Hər dəfə də oradan keçəndə sanki hansısa bir qüvvə məni həmin zala çəkirdi. Yenə günlərin bir günü oradan keçərkən zala boylandığımı görən İsmayıl adlı bir şəxs (sonradan həmin şəxs – İsmayıl Çöpçüyev mənim məşqçim oldu. Hazırda o, Balakən rayonunda fəaliyyətini davam etdirir) dedi ki, bəlkə, güləşəsən? Dedim, mən futbolla məşğulam. Dedi, a bala, futbolda nə var, gəl güləş. Dedim ki, futbolu güləşə dəyişmərəm, amma özümü bu idman növündə yoxlayaram. Beləcə, yoxladım. Heç bir fənd bilməyən bir uşağın inamla güləşməsi İsmayıl müəllimin də xoşuna gəldi. İsmayıl müəllim dedi ki, məşqləri davam etdirsən, bir şey alınar. Odur ki, bir neçə məşqdən sonra heç bir tərəddüd etmədən meylimi yunan-Roma güləşinə saldım. Məktəb, eləcə də Bakı və respublika birinciliklərində çıxışlar etdim. Müəyyən uğurlara imza atdım. Daha sonra “Dinamo” cəmiyyətində fəaliyyətimi davam etdirdim. Burada SSRİ-nin əməkdar məşqçisi Fikrət Tahirov (Allah ona rəhmət eləsin) mənə güləşin sirlərini daha da mükəmməl öyrətdi. Yeri gəlmişkən, mənim bir məşqçi kimi yetişməyimdə onun böyük əməyi olub.

– Həkimlər Azərbaycan çempionu, ümumittifaq turnirlərinin və dəfələrlə SSRİ birinciliyinin mükafatçısı olmuş, SSRİ idman ustası adına layiq görülmüş 25 yaşlı Elçin Çəfərova: “Sizə güləşmək olmaz” deyəndə hansı hissləri keçirdiniz?

– Kislovodskdə keçirilən təlim-məsqlərdə sağ ayağımdan zədə aldım. Həkimlər əməliyyatın qaçılmaz olduğunu söyləyəndə, inandırım sizi, əgər belə demək mümkünsə şoka, düşdüm. Əməliyyatdan sonra həkimlər dedilər ki, bir ildən sonra gəzə bilərsən. Mən isə onların məsləhətlərinə fikir vermədim, hətta 5-6 ay keçməmiş məşqlərə başladım. Nəticədə, sol ayağımda da sağ ayağımda yaşanan problem başladı. Beləcə, sağ ayağım da əməliyyata məruz qaldı. Bununla mənim güləşçi kimi fəaliyyətimə son qoyuldu. Odur ki, elə “Dinamo” cəmiyyətində məşqçi kimi fəaliyyətə başladım. 1992-ci ildə Əməkdar məşqçi adına layiq görüldüm. Bir müddət idman sahəsi üzrə rəhbər vəzifələrdə çalışdım. Hazırda Azərbaycan Güləş Federasiyasının vitse-prezidentiyəm.

– Elçin müəllim güləşi deyil, futbolu seçsəydi, bugünkü Elçin Cəfərov olardımı?

– Mənə elə gəlir ki, Elçin həmin işin də öhdəsindən gələrdi. Amma yenə deyirəm, mən futbolu güləşdən çox sevirdim. Amma tale elə gətirdi ki, futbolu güləşə qurban verməli oldum.

– Belə çıxır ki, seçiminizdən peşman deyilsiniz.

– Əsla…

 

 

“O, şəhid olmaqla elə adını əbədiləşdirib”

– Eşitdiyimə görə, bu sahəyə imkansız adamların övladları daha çox üz tuturlar.

– Elə idman növləri (məsələn, qolfi, tennis) var ki, onlarla məşğul olmaq üçün hansısa inventar alınmasına ehtiyac var. Amma güləşdə belə deyil.

– Bəlkə valideynlərinizdən də söz açasınız?

– Anam evdar qadın olub. Atam Ağdamda mühasib işləyib. (Allah hər ikisinə də rəhmət eləsin) Onu da deyim ki, mən güləşlə məşğul olmağımı onlardan bir müddət gizli saxlamışam. Elə ki, bildilər “ay əzilərsən, ay yıxılıb başın-gözün dəyər” kimi ifadələrlə fikrimdən daşındırmağa çalışıblar. Lakin inadımdan dönməyəcəyimi görüb daha məzəmmət etməyiblər.

– Söhbət Ağdamdan düşmüşkən. Boya-başa çatdığınız yurd yerinizi necə xatırlayırsınız?

– Ağdamda dünyaya göz açmışam. 4-cü sinfə qədər burada təhsil almışam. Sonradan məni valideylərim Bakıya göndəriblər. O ki qaldı konkret sualınıza. Ağdamda keçirdiyim uşaqlıq xatirələrimdən günlərlə söz aça bilərəm. Konkret deyim ki, Ağdam mənim yaddaşımda öz futbolu, öz sambosu ilə qalıb. Yeddiqat dünya çempionu Ceyhun Məmmədov bu torpağın yetirməsidir. Güclü samboçuların yetişməsi isə Əbülfəz Əliyevin (Allah rəhmət eləsin) adı ilə bağlıdır. Bu yerdə bir məsələni də vurğulamaq istərdim: bu gün ölkəmiz sürətlə inkişaf edir, Azərbaycan artıq bölgənin lider dövlətinə çevrilib. Lakin erməni tapdağı altında olan yurd yerlərimiz hamı kimi mənə də rahatlıq vermir. Yeri gəlmişkən, ölkə başçısı Dağlıq Qarabağ problemindən başqa, Azərbaycanın heç bir probleminin olmadığını və Xankəndidə, Şuşada bayrağımızın dalğalanacağını bildirib. Mənə elə gəlir ki, Prezidentimizin düşünülmüş siyasəti nəticəsində zəbt olunmuş torpaqlarımız nəyin bahasına olursa olsun geri qaytarılacaq. O günü mən də səbirsizliklə gözləyirəm. Təbii ki, bu yolda müharibə də istisna deyil.

– Elçin müəllim, son cümləniz şəhidlərimizi yadıma saldı. Səhv etmirəmsə, sizin bir qardaşınız…

– Bəli, mənim qardaşım Firəddin 1992-ci ildə 22 yaşında ikən Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Yeri gəlmişkən, onu da deyim ki, Qarabağ uğrunda gedən döyüşlərdə 6 min Ağdam sakini şəhid olub. Bu gün Ağdamın 16 Milli Qəhrəmanı var.

– Yəqin, qardaşınızın adı əbədiləşdirilib… Yəni onun adına məktəb, yaxud küçə var…

– O, şəhid olmaqla elə adını əbədiləşdirib. Məncə, şəhidlik elə əbədiləşmək deməkdir, elə deyilmi…

 

 

“İdmançı təkcə əzələsinə güvənməli deyil”

– Deyirsiniz ki, idmançı təkcə qolunun gücünə, əzələsinə güvənməli deyil! Onun zehni işləməli, dünyagörüşü olmalı və çoxlu kitab oxumalıdır.

– Rusların belə bir deyimi var: gücün varsa, ağıl lazım deyil. Amma mən deyirəm ki, ağlı olmayanın heç gücü də olmaz. Yaxud ağılsızın gücü varsa, o nəyə lazımdır? Amma güclə ağıl bir yerdə olanda hansısa bir nəticə əldə etmək olur. Elə bu aspektdən çıxış edərək həmişə çalışmışam ki, idmançılarımız savadlı olsunlar… Bəli, idmançı təkcə qoluna, gücünə, əzələsinə güvənməli deyil. Onun zehni işləməli, dünyagörüşü olmalı və çoxlu kitab oxumalıdır. Hərdən deyirlər ki, gücün var, ağıl o qədər də lazım deyil. Amma belə düşünənlər idmana təsadüfən gələn insanlardır.

– İdmançı uğurunun əsasını nə təşkil edir?

– Mən deyərdim ki, onun nizam-intizamı… Əgər idmançı rejimə, nizam-intizama əməl etməzsə, onun gücü nə qədər olursa olsun, o çox yüksək nəticələrə nail ola bilməz. Müşahidələrimə əsasən deyə bilərəm ki, məhz dəmir nizam-intizama tabe olan idmançılar tarix yazırlar. Belə deyək də, əgər idmançı 10 ildə qarşısına qoyduğu məqsədə çata bilmirsə, yəni dünya, Avropa və Olimpiya çempionu ola bilmirsə, deməli, o, idmanla məşğul olmayıb, elə-belə gün keçirib.

– Fərid Mansurov, Rövşən Bayramov, Vitali Rəhimov kimi idmançılar yetişdirə bilmisiniz. Yeri gəlmişkən Fərid Mansurov ilk dəfə yunan-Roma güləşi üzrə dünya çempionu adını qazanb. Sizin sözlərinizdən belə çıxır ki, məhz onların qələbələrinin əsasını nizam-intizam təşkil edib. Elə isə üzərində işləməyən çox idmançıya qapı göstərmisiniz?

– Bəli, elələri də olub. Onu deyim ki, onların çoxunun istedadı olub. Amma intizama riayət etməyiblər. Odur ki, mən onları yığma komandadan uzaqlaşdırmışam. İndi onların sorağı heç də xoş olmayan məkanlardan gəlir. Məni də görəndə çox peşman olduqlarını deyirlər… İdmanda məşqçilərin tapşırıqlarına vaxtında qulaq asmaq önəmlidir. Hərdən mənə elə gəlir ki, “sonrakı peşmançılıq fayda verməz” atalar sözü elə bil idmançılar – güləşçilər üçün deyilib. Mən hətta nizam-intizama tabe olan idmançıya beynəlxalq yarışlarda belə şans vermişəm. Məsələn, Fərid bir dəfə zədə almışdı. O zaman biz Polşada keçirilən Qran Pri yarışına gedirdik. Ona dedim ki, hazırlaş sən də gedirsən. Dedi, axı mən zədələyim, ora “canlı meyit” kimi getməyimin nə mənası var? Dedim ki, sən ora gedənlərin yüzündən daha qiymətlisən. Və o, həmin yarışda qalib oldu.

 

 

“Cəhənnəmə xoş gəlmisiniz”

– Məşqlə cəhənnəmin nə oxşarlığı var ki?.. “Cəhənnəmə xoş gəlmisiniz”, – deməkdən zövqmü alırsınız?

– Bəli, mənim leksikonumda belə bir ifadə var. Yığmanın məşqlərinə gələnlərə başa salıram ki, bura cəhənnəm kimi yerdir. Əgər sən cəhənnəmdən cənnətə çıxmaq istəmirsənsə, bura gəlmə, vaxtını hədər yerə boşa vermə. Bura elə yerdir ki, buradan geriyə yol yoxdur, yol yalnız irəliyədir ki, həmin yolda səni ad-san, normal həyat gözləyir. Amma burada çox şey əldə etməlisən ki, o yolla irəliləyə biləsən. Mən bu mənada gələnlərə: “Cəhənnmə xoş gəlmisiniz”, – deyirəm. Bilirsinizmi, əgər məşqçi bu və digər idmançıda nəsə görürsə, onu hara isə planlaşdırırsa, buna görə bütün gecə-gündüzünü onunla keçirirsə idmançı da bunları qiymətləndirməyi bacarmalıdır. Bir də idmançı həmişə 17-18 yaşında qalmır ki… İdmançı bunu da dərk etməlidir. Unutmayın ki, iki olimpiya tsikli idmançının ömrü olur…

– Bizdə hələ ki ikiqat olimpiya çempionu yoxdur, elədirmi?

– Elədir.

– Fərid Mansurov müsahibələrinin birində deyib ki, 2004-cü ildə Afinada Olimpiya oyunları vaxtı səhər yuxudan duranda gördüm ki, həyəcandan və gərginlikdən Elçin müəllimin üzündəki damar partlayıb, qan axır…” Yəni döşək üzərinə çıxandan siz daha gərgin olursunuz? Bəlkə, bu barədə də bir neçə kəlmə söyləyəsiniz?

– Finala bir gün qalmış türk idmançısı Şərəf Əroğlu ilə qarşılaşacaq Fəridə öz məsləhətlərimi verdim. Dedim ki, çox gəzmə, çalış tənhalığa çəkilib istirahət elə. Çünki qorxurdum ki, kimlərsə psixi təsir göstərmək məqsədilə Şərəf Əroğlunun Fəridi 2 dəfə məğlub etməsini xatırlayaraq onu sındıra bilərlər. Bu yarışqabağı digər gərginliklər də yaşanırdı. Nə isə… səhər yuxudan ayılanda sifətimi qan içində gördüm. Təcili həkim çağırıldı. Həkim dedi ki, gərginlikdən gözünün altındakı damar partlayıb, nə yaxşı ki, başına vurmayıb. Uzun sözün qısası, bütün bunlara baxmayaraq, Fəridə dəstək olmaqda davam etdim. Döşək üzərinə çıxanda ona dedim ki, Fərid, görüş başlayan kimi ondan xal almasan vəziyyətimiz daha da gərgin olacaq. Hətta zarafatla dedim ki, əgər almasan, o, səni atacaq mənim üstümə, mən də səni atacağam o tərəfə… Fərid ilk 3 xalı almaqla, demək olar ki, hər şeyi həll etdi. Bununla da yunan-Roma güləşi üzrə ilk olimpiya çempionumuz oldu.

 

“Əsəblərimi elə işimlə ram edirəm”

– İdman aləmində nələri qurban vermisiniz?

– Mən qurban deməzdim. Sadəcə, çox əziyyətlərə qatlaşmalı olmuşam. Hətta iki-üç dəfə əməliyyat da olunmuşam. Əsəblərim tarıma çəkilib, bir qədər əsəbi olmuşam. Bilirsinizmi, mən idmana, öz işinə məsuliyyətsiz yanaşanlara heç zaman sakit reaksiya verə bilmirəm.

– Yəqin, əsəbi olanda hansısa məkana üz tutub əsəbinizi sakitləşdirməyə cəhd edirsiniz?

– Yox… Əsəblərimi elə işimlə ram etməyə çalışıram. Artıq buna adət etmişəm.

– Elçin müəllim, məmləkətimizin ağır dönəmində bizim bəzi idmançılar xaricə üz tutdular. Siz də belə bir addım atmaq istəmisinizmi?

– Əvvəla, onu deyim ki, öz karyeraları dalınca əcnəbi ölkələrə gedən idmançılarımıza mənim münasibətim müsbətdir. Təki onların sorağı xarici ölkələrdən, xarici klublardan gəlsin. Unutmayaq ki, onlar harada olmalarından asılı olmayaraq, azərbaycanlıdırlar. Bir də indi dünyanın bütün komandalarında legionerlər fəaliyyət göstərirlər… Niyə bizim idmançılar onların sırasında olmasın ki? Məncə, belə şeyləri şişirtmək doğru deyil. Əksinə, elələrinə imkan daxilində yardımçı olmaq lazımdır. O ki qaldı mənə. Sözün düzü, təkliflər gəlib, lakin qəbul etməmişəm. Çünki başqa ölkədə yaşaya bilmirəm.

– Bu gün çalışdığınız federasiyada əcnəbilər var…

– Bütün idman növlərində olduğu kimi, bizim sahədə də əcnəbi məşqçiyə, güləşçiyə ehtiyac var. Məsələn, bizdə bir məşqçi iranlıdır, Cəmşid Xeyrəbadini deyirəm. O, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışır. Belə məşqçilər nə üçündür? Bildiyiniz kimi, İran güləş məktəbi bu gün bütün dünyada çox məşhurdur. Bizdə də İran məktəbinin ənənələrindən faydalanmağın nəyi pisdir ki?

– Bəzən idmançılar qələbə qazananda uğuru öz ayaqlarına, məğlubiyyəti isə məşqçilərin ayağına yazmağa cəhd edirlər…

– Təəssüf ki, bəzən belə də olur. Amma belələrindən bir soruşan yoxdur ki, axı necə olur ki, udanda qalib sən olursan, uduzanda məşqçi günahkar olur? Axı necə olur ki, bir şeyin yaxşısı sənin olur, pisi məşqçinin? Mən bununla qətiyyən razı deyiləm! İdmançı həm qələbəni, həm məğlubiyyəti bölməyi bacarmalıdır!

 

“Məşqçilik qəliz işdir”

– Sizə görə məşqçilik necə işdir?

– Məşqçilik qəliz, həm də çox ağır bir işdir. Azərbaycan idmanına birbaşa cavabdeh olan məşqçilərin isə işi daha ağırdır. Onlar o qədər çətinlikləri dəf etməli olurlar ki… Bu, doğrudan da, yaxşı mənada cəhənnəmin içindən silkələnib çıxmaq kimi bir şeydir. Bir də unutmayın ki, belə məşqçilərin işlərinin sonunda bayraqla, himn dayanır. Elə bu kimi səbəblərə görə məqam axtarıb onları tənqid etmək doğru deyil. Bir də unutmayın ki, güləş üzrə çempion olmaq olduqca çətin məsələdir.

– Elçin müəllim, idmançılardan söz düşmüşkən, 2008-ci ildə Pekin olimpiadasının qalibi Elnur Məmmədlinin sonrakı uğursuzluğu birmənalı qarşılanmadı. Bunu onun idman aləmindən uzaqlaşması, dəbdəbəyə uyması ilə izah etməyə çalışdılar. Bu sözləri 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Toğrul Əsgərov haqqında da demək olar… Çoxdandır ki, o da döşək üzərində görünmür.

– Dünya, Avropa, yaxud olimpiya çempionu barədə hər yerindən duran fikir söyləməməlidir. Unutmayın ki, onlar artıq tarix yazaraq tarixə düşüblər. Yəni onlar bacardıqlarını ediblər. 210 dövlətin qatıldığı yarışlarda ölkəmizi layiqincə təmsil ediblər, ölkəmizi tanıdıblar. (Kaş bu cür beynəlxalq yarışlara qatılan hər idmançımız belə uğura imza ataydı). Onların sonradan özlərini necə aparmaları, qələbələri sıralaya bilməmələrini isə bu şəkildə müzakirə etmək, gündəmə gətirmək doğru deyil. Məncə, idmançı qədər məğlubiyyəti içində daşıyan ikinci bir adam ola bilməz. Məğlubiyyətin acısı ona yetərlidir. Yəni uduzduğu, bu səbəbdən mənəvi əzablara tuş gəldiyi ona bəsdir… Axı kim istəməz ki, uğurunu ikinci, üçüncü dəfə təkrar etsin? Onu yenidən qınağa çəkmək, müzakirə etmək, haqqında “qudurdu” demək doğru deyil.

– Bu sahənin mütəxəssisi kimi bu günün Azərbayan güləşini necə xarakterizə edərdiniz?

– Bəli, bu gün ölkəmiz idmançılar ölkəsi kimi tanınır. Bu o zamandan baş verdi ki, idmana qayğı, diqqət artdı. 1997-ci ildə hazırki ölkə prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Onun MOK prezidenti seçilməsi ilə ölkəmizdə bütövlükdə idmana və idmançılara münasibət dəyişdi. İdmançılara böyük diqqət, qayğı göstərildi. Onlar cəmiyyətdəki ən hörmətli adamlarla bərabər tutuldular. Onu da deyim ki, hazırda Azərbaycan Güləş Federasiyası həm ölkəmizdə, həm xaricdə sayılıb-seçilən federasiyalardan biridir. Bu inkişafda Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun da müstəsna xidmətləri var. Yeri gəlmişkən, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Beynəlxalq Güləş Federasiaysınn İcraiyyə Komitəsinin üzvüdür. Onun bu qurumda təmsil olunması güləşçilərimizə döşək üzərinə rahat çıxmalarına əlavə stimul yaradır. Bəli, bu gün bir neçə idman növü var ki, bu növlərdə beynəlxalq aləmdə qazanılan uğurlarla fəxr etmək olar. Onlardan biri və birincisi, şübhəsiz ki, güləşdir.

 

“Məşqçi elə idmançı yetişdirməlidir ki…”

– Elçin müəllim, asudə vaxtlarınızda nə işlə məşğul olursunuz?

– Mənim elə o qədər asudə vaxtım olmur. Hərdən vaxt tapanda dost-tanışlarımla görüşürəm. Bir də məlum səbəblərdən vaxtında yetişmədiyim xeyir-şər yerlərinə tələsirəm.

– Döşəyin üstünə çıxırsan ki, kimi isə, daha doğrusu, rəqibini yıxasan… Bəs həyatda kimlərisə ayağa qaldırmağa cəhd etmisiniz?

– Mən indiyədək həyatda heç kimə badalaq gəlməmişəm. Badalaqla yıxılanları isə imkanım daxilində ayağa qaldırmağa çalışmışam. Bütün bunları Allah rizası üçün etmişəm.

– Həyatda fənd işlətmisiniz?

– Mən nədənsə düzgün nəticə çıxarmağa çalışmışam. Buna əgər fənd demək olarsa, bəli.

– Güləşdə ümumiyyətlə neçə fənd var?

– 400-ə yaxın…

– Yəqin, 40-cı fənd söhbətini eşitmisiniz… Bir pəhləvan özündən o qədər razı olur ki, hətta ustadını güləş meydanında yıxmaqla ondan da güclü olmasını sübut etmək fikrinə düşür. Güləş zamanı ustad şagirdini fənd işlədib yıxır. Pərt olan şagird ustadına deyir ki, bəs mənə öyrətdiyiniz otuz doqquz fəndin arasında belə bir fənd olmayıb. Ustad da qayıdıb deyir ki, həmin o qırxıncı fəndi bu günüm üçün saxlamışdım. İndi onun sözü olmasın, sizin də belə bir ehtiyat fəndininz qalıbmı?

– Məşqçi elə idmançı yetişdirməlidir ki, sabah onun üzünə ağ olmasın. Onu problemlərlə baş-başa qoymasın. Heç bir məşqçiyə belə şagird arzulamazdım.

– Elçin müəllim, öz xarakterinizdə nələri korrektə etmək istərdiniz?

– Necə varamsa, elə qalmağımı istərdim. Bu mənada heç bir korrektəyə ehtiyacım yoxdur. Axı Elçin Cəfərov elə bu xarakterdə bu səviyyəyə çatıb. Adam var, deyir, yenidən dünyaya gəlsəydim, belə olardım, elə olardım. Mən elə yenidən dünyaya gəlsəydim, bu yolu gedərdim.

– Elçin müəllim, siz bir idmançı kimi o qədər də yüksək nəticələr əldə etməmisiniz. Ancaq bir məşqçi kimi arzusunda olduğunuz nəticələri artıqlaması ilə qazanmısınız. Həm idmançı kimi, həm də məşqçi kimi idmanda olan nəticələrinizdən razısınızmı?

– Əlbəttə, razıyam. Bu səviyyəyə çatmağımdan hər şeydən əvvəl, Allahıma həmd olsun. İkincisi, mənə etimad göstərib bu işə cəlb edənlərə – cənab prezident İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, o cümlədən Güləş Federasiyasının prezidenti Fazil Məmmədova, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevə, Gənclər və İdman naziri Azad Rəhimova təşəkkür edirəm. Onlar mənə böyük etimad göstəriblər. Mən də hər zaman onların etimadını doğrultmağa çalışmışam. Yəni bacardığımı etmişəm və etməkdəyəm.

– Məncə, bu uğurların əsasında daha bir amil də durur – məsuliyyət…

– Bəli, məsuliyyət, məsuliyyət, yenə də məsuliyyət…

 

 

“Məni vadar edən olmayıb”

– Məktəb illərində davakar olmusunuz?

– Yox. Amma hər zaman haqqın tərəfində olmağa çalışmışam.

– Evə qaçaraq: “Ana, məni döydülər” demisiniz?

– Əksinə, bizim evimizə gəlib məndən şikayətləniblər. Belə məqamlarda da anama demişəm ki, sataşıb, yəni söyüş söyüb, mən də fənd işlədib cəzasını vermişəm.

– Yəqin, belə işlərinizə görə valideynləriniz sizi tənbeh ediblər.

– Məni o ki var danlayıblar, amma döyməyiblər. Valideyn kimi məni başa salıblar ki, belə şeylər lazım deyil.

– Elçin müəllim, uşaq vaxtı uduzanda heç ağlamısınız?

– Yox… Sadəcə, niyə uduzmağımdan nəticə çıxarmağa çalışmışam.

– Müəllimlərinizdən kimləri xatırlayırsınız?

– Mayıl müəllimi, Hekayət müəllimi, Rafael müəllimi – o bizə çoğrafiyadan dərs deyirdi. Bir də Rəfiq Zəka Xəndanı. O, Bədən Tərbiyəsi və İdman Akademiyasında mənim sevimli müəllimlərindən biri olub. Onun bütün dərslərinə iştirak etməyə çalışırdım.

– Eşitdiyimə görə, idmançıların oxumaqla araları olmur…

– Bu fikirdə bir həqiqət var. Amma mən nə irəlidə gedən olmuşam, nə də geridə qalan, ortabab şagird olmuşam. Bir də bilirsinizmi, mən bir idmançı kimi, demək olar ki, ora-bura qaçmışam. Yəni gah məşqdə olmuşam, gah da yarışlarda. Amma kimliyindən asılı olmayaraq oxumaq vacibdir.

– Öz gücünüzdən güləş döşəyindən kənarda istifadə etmisiniz?

– Demək olar ki, yox… Heç bu işə məni vadar edən də olmayıb.

– Bəlkə, sizdən çəkiniblər?…

– Ola bilər…

Qvami Məhəbbətoğlu