İdman sahəsində qazandığımız uğurlar təsadüfi xarakter daşımır

0
208

“Bakı-2015” I Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, “Formula I” kimi irimiqyaslı yarışlara ev sahibliyi etmiş Azərbaycan 2019-cu ildə gimnastika üzrə 37-ci Dünya çempionatını, idman gimnastikası üzrə Dünya kuboku yarışlarını, bədii gimnastika üzrə XXXV Avropa çempionatını, UEFA Avropa liqasının final oyununu, Avropa Gənclər Olimpiya Festivalını və digər mötəbər idman tədbirlərini keçirməklə bu missiyanı uğurla davam etdirmişdir. Bu mənada  idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatlarının respublikamızda yüksək səviyyədə keçirilməsi artıq adi hal alıb. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Şübhəsiz, bu, ilk növbədə, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının nəticəsidir.

2019-cu ildə idmançılarımız da bir sıra uğurlara imza atmışlar. Belə ki, onlar beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Əldə olunmuş nailiyyəti yüksək dəyərləndirən dövlətimizin başçısı,  Milli Olimpiya Komitəsinin Prezidenti İlham  Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə demişdir ki, bu onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil etmişlər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndirmişlər, bizim bayrağımızı yüksəklərə qaldırmışlar. Bununla da cəmiyyətimizdə vətənpərvərlik ruhunu daha da artırmışlar.

Prezident, həmçinin vurğulamışdır ki, bizim gənclərimiz nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir: “Bizim görkəmli şahmatçımız Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmuşdur. Bu, tarixi hadisədir. On altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandamız Dünya Şahmat Olimpiadasının qalibi olmuşdur”.

Həmin tədbirin iştirakçısı olmuş “Neftçi”nin veteranı, SSRİ yığma komandasının tərkibində dünya çempionu olmuş Vladislav Qədirov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu kimi uğurların əsasında həm də idmançılarımıza göstərilən dövlət qayğısı dayanır: “Elə həmin tədbirdə Prezident İlham Əliyevin 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş, həmçinin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan bir qrup idmançıya və idman mütəxəssisinə mənzillərin orderlərini təqdim etməsi, bir qrup idmançıya isə fəxri adların verməsi bunun bariz nümunəsidir. Yeri gəlmişkən onu da deyim ki, mənzillə mükafatlandırılanlardan biri də mənəm. Bu diqqət və qayğıya görə ölkə başçısına təşəkkürümü bildirirəm”.

Müsahibimiz daha sonra vurğuladı ki, əldə etdiyimiz nailiyyətlər beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar fəaliyyətimizi çox yüksək dəyərləndirirlər. Hətta Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələrinə örnək kimi təqdim olunur. Bu yerdə Prezidentimizin bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final yarışı nümunə kimi göstərilir. Mən indi başqa şəhərlərdə buna oxşar yarışların keçirilməsi ilə bağlı bir söz demək istəmirəm, ancaq bizə gələn məlumata görə, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Bizdə olan nizam-intizam, qayda-qanun, təşkilati məsələlər, könüllülərin fəaliyyəti, bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunu təmin edibdir”.

Yeri gəlmişkən, işinin çoxluğuna baxmayaraq, Prezidentimizin idmanla bu qədər maraqlanması məni həm təəccübləndirir, həm də daha böyük uğurlara həvəsləndirir. Şübhəsiz, son illər gimnastika sahəsində əldə olunan uğurlarımız Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məhz onun işgüzarlığı sayəsində ölkəmizdə idmanın bu növünün əsl inkişaf mərhələsi başlayıb. İnanıram ki, indiyədək bir sıra uğurlara imza atmış gimnastlarımız  2020-ci ildə Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarında da ölkəmizi  yüksək səviyyədə təmsil edəcəklər.

Tədbirdə Prezident İlham Əliyev bir məqama da toxundu. Bildirdi ki, ölkəmizdə idman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, – halbuki bu da vacibdir, – ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. Əbəs yerə deyilmir ki, idman sağlamlığın rəhnidir. Öz həyat tərzindən misal gətirən dövlət başçımız dedi: “Bəlkə Azərbaycanda məndən çox işləyən adam yoxdur, ancaq buna baxmayaraq, vaxt tapıb idmanla müntəzəm məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaqdır”.

“İdman kütləvi xarakter almalıdır. O halda millətimiz sağlam olacaq” deyən Prezident İlham Əliyev mətbuat orqanlarının bu istiqamətdə fəaliyyətlərini gücləndirməyi tövsiyə etməklə yanaşı, ucqar kəndlərimizdə kifayət qədər idman komplekslərinin olmamasını da vurğuladı. Qeyd etdi ki, kənd idmanının inkişafı üçün də xüsusi proqram tərtib edilməlidir, buna diqqət verilməlidir. Çünki ucqar kəndlərdə yaşayan uşaqlar bəzi hallarda  nə ilə məşğul olduqlarını bilmirlər: “Orada o bölgəyə uyğun olan formada idman qurğuları tikilməlidir, yarışlar keçirilməlidir, rayon yarışları. Nə üçün bizdə rayon yarışları keçirilmir? Hesab edirəm ki, bu, böyük boşluqdur, böyük qüsurdur. Rayon idman yarışları keçirilsin. Bu, həm idmanın inkişafına xeyir verər, həm də idmanın kütləviliyini təmin edər. Ona görə idmanla məşğul olan bütün qurumlara mənim tapşırığım bundan ibarətdir”. Prezident əminliklə vurğuladı ki, mənim hər bir insanın fiziki imkanlarına uyğun olaraq idmanla məşğul olması barədə tövsiyəm də həyatda öz əksini tapacaq. Şübhəsiz, bu istiqamətdə görüləcək işlər də həm əhalimizin sağlamlığına, həm də ölkəmizin idman aləminə öz töhfəsini verəcək”.

Qeyd edək ki, gələn il ölkəmizdə beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku ilə start veriləcək. Ənənəvi Formula-I də paytaxtımızda xoş əhval-ruhiyyə oyadacaq. Bunlardan başqa, “Avropa-2020”nin 3 qrup və 1 final oyunu da respublikamızda təşkil olunacaq. Bu və digər beynəlxalq yarışlarda da Azərbaycan öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini bir daha göstərəcəkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil