İdman-mərc oyunlarının reklamları məhdudlaşdırıldı

Milli Məclisin dünən keçirilən iclasında “Reklam haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə deputat Vahid Əhmədov məlumat verib. O bildirib ki, qanun layihəsində sosial reklam anlayışı, onun hazırlanması və müəyyən olunması qaydalarına aydınlıq gətirilib: “Layihədə müəyyən edilib ki, bütün reklam yayıcıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin 8%-ni sosial reklam üçün ayırmağa borcludur. Qeyd etməliyəm ki, mövcud qanunda bu rəqəm 5% miqdarında müəyyənləşdirilib. O cümlədən teleradioda sosial reklamın yayımlanmasının vaxt çərçivəsi də müəyyənləşdirilib: saat 9-dan gecə saat 12-yə kimi. Bu da əsasən ona görədir ki, çox vaxt sosial reklamı gecə vaxtı verirlər və həmin vaxt verilən sosial reklam maraq doğurmur”.Qanun layihəsində yeniliklərdən biri də idman-mərc oyunlarının reklamı üçün vaxt məhdudiyyətinin qoyulması ilə əlaqədardır. Belə ki, əhalinin, xüsusən gənclərin psixologiyasına təsiri nəzərə alınaraq, belə reklamların yayım vaxtı saat 23:00-dan 07:00-dək məhdudlaşdırılıb.

V. Əhmədovun sözlərinə görə, əvvəlki layihədən fərqli olaraq, alkoqollu içkilərin reklamına da yeni yanaşma tətbiq edilib: “Dünyada alkoqollu içkilərin reklamı tündlük məsələsindən asılı olaraq fərqləndirilir. Biz də bu məsələyə həmin ölkələrin qanunvericiliyində olduğu kimi yanaşmağı daha düzgün hesab edirik. Yeni qanun layihəsində başqa ölkələrdə olduğu kimi, tündlüyü yalnız 5%-dən yuxarı olan alkoqollu içkilərin reklamına vaxt məhdudiyyəti qoyulub, onların reklamının dövri nəşrlərin yalnız üz və arxa səhifəsində yerləşdirilməsi qadağan edilib. Yeni maddə kimi reklam sahəsində qiymətlərin tənzimlənməsi maddəsi əlavə olunub. Bu maddəyə əsasən həmin qiymətlər reklam subyektlərinin özü tərəfindən müqavilə əsasında sərbəst təyin edilir və hesab edirik ki, bu, bazar münasibətlərinə daha uyğundur”.