İdeal müəllimlərə böyük ehtiyac var

564

Fədakar əmək və peşə sahibi olan müəllim əməyi, onların şərəfli və gərəkli işi haqqında yunan filosoflarından tutmuş zəmanəmizə qədər görkəmli mütəfəkkirlər, ədiblər, elm və dövlət xadimləri qiymətli fikirlər söyləmiş, onların fəaliyyətindən bəhs edən əsərlər yaratmışlar. Həyatı məhz müəlliminin ona bəxş etdiyini deyən Makedoniyalı İsgəndər, alimin mürəkkəbini şəhidin qanına bərabər tutan, başqalarına elm öyrətməyi dini ehtiyaclardan üstün qiymətləndirən  peyğəmbərimiz Hz. Məhəmməd (sav), ona bir hərf öyrədənin qulu olmağa hazır olduğunu deyən Hz. Əli, müəllimi günəşə bənzədən Nizami Gəncəvi, onu ruhani ata hesab edən Nəsirəddin Tusi və nəhayət “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, – deyən ulu öndərimiz Heydər Əliyev, müəllim əməyinə yüksək qiymət vermişlər. Müəllimlik sənəti haqqında söylənilən bütün bu fikirlər dövrün hər mərhələsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2014- cü il, 17 sentyabr tarixli əmrinə əsasən, “Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi” müəllimlik sənətinə verilən dəyərin bariz nümunəsidir. Verilən əmrə əsasən, Azərbaycan Respublikasının pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbə üçün 100 manat məbləğində Təhsil Nazirliyinin məqsədli aylıq “Gələcəyin müəllimi” təqaüdü təsis edilib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həmin təqaüdə layiq görülənlərdən  33 şanslı tələbə Qafqaz Universitetində təhsil alır. Onların bir neçəsi ilə görüşüb, aldıqları müəllim təqaüdü ilə bağlı təəssüratlarını öyrəndik.

 “Müəllim olsam, onun kimi müəllim olacağam”

Gülnarə Bayramova 545 balla Qafqaz Universitetinin Riyaziyyat-İnformatika müəllimliyi  ixtisasına qəbul olub. Tanışları və müəllimlərinin ona dedikləri “Sənin izahetmə qabiliyyətin çox gözəldir, səndən peşəkar müəllim olar” fikirlərini doğruldaraq adını “Gələcəyin müəllimi”  siyahısına salıb. İlk müəlliməsi Aynur Əhmədovanı özünə ideal seçən Gülnarə, müəllim, dedikdə onun kimi bir insanı gözündə canlandırdığını dedi: “Orta məktəb müəlliməmə baxanda həmişə müəllim olmaq istəmişəm. Onun dərsi izah etməsindən, şagirdlərə öz övladı kimi yanaşmasına qədərki rəftarı məndə bu sənətə qarşı sevgi yaranmasına kifayət etmişdi. Hər zaman müəllim olsam, onun kimi bir insan, onun kimi bir müəllim olacağam, demişdim. Mən də onu və onun kimi müəllimləri örnək alaraq gələcəkdə tələbələrimin yaddaşında belə bir müəllim olaraq qalmaq istəyirəm”.  Gələcəyin müəlliməsi Qafqaz Universitetinin müəllimlərində də bu fərqliliyi gördüyünü dedi: “Universitetdə müəllimlərin tələbələrə münasibəti çox gözəldir. Mən qarşılaşdığım hər hansı bir problemi müəllimlərimə rahatlıqla deyə bilirəm. Çünki bilirəm ki, tam səmimiyyətlə əllərindən gələn köməyi göstərəcəklər. Bu da tələbə-müəllim arasındakı səmimiyyətin göstəricisidir”.

 “Yüksəkixtisaslı kadrlar müəllim əməyinin məhsuludur”

Topladığın balla Qafqaz Universitetinin digər fakültələrinə də qəbul ola bilərdin. “Bəs nə üçün müəllimliyi seçdin?” sualına isə müsahibimiz belə cavab verdi: “Düşünürəm ki, həkim, mühəndis və digər ixtisaslara sahib ola bilərsən, ancaq bu kadrların da hər birini müəllim yetişdirir. Mən müəllimliyi sevirəm və bu tribunanın arxasında dayanaraq gələcəkdə yüksəkixtisaslı kadrlar yetişdirmək istəyirəm”.

 “Qafqaz”ı ona görə seçdim ki…”

Digər bir müsahibimiz, Qafqaz Universitetinin Riyaziyyat – İnformatika Müəllimliyi ixtisasında təhsil alır. Səbinə Ələsgərova universitetə 575 balla qəbul olub. S. Ələsgərova psixoloji aspektdən müəllim-şagird münasibətlərini belə izah etdi: “Şagirdin ailə xaricində ilk ünsiyyət qurduğu şəxs müəllim olduğu üçün onun gələcək həyatında da birbaşa olaraq müəllim böyük rol oynayır. Belə ki, müəllim şagirdə, tələbəyə nə qədər güvən hissini aşılayarsa, onun uğurları da bir o qədər çox olacaq. Müəllim şagirdin hər uğurunu dəstəkləməli, onlarla birlikdə sevinməlidir. Mənim qazandığım uğurun böyük səbəbi də müəllimlərimin verdiyi güvən hissinin nəticəsidir”.

 Müəllim maaşı…

Səbinə müəllimliyə maaş mənbəyi kimi baxmaq istəmir. Onun sözlərinə görə, bu, tədrisdə keyfiyyəti aşağı salır: “Bəzən müəllimlər dərsini deyib işini bitmiş hesab edirlər. Bəzən elə hallar olur ki, müəllimlər şagirdlərin dərslərə ciddi yanaşması üçün bu kimi cümlələr qururlar: “Mən dərsimi deyib, maaşımı alıram. Oxusanız da oxumasanız da mənim itirəcəyim heç nə yoxdur”. Bu, doğru bir yanaşma deyil. Müəllim şagirdlərdə elə bir təsəvvür oyatmalıdır ki, sanki müəllim, sadəcə, onlara görə həmin müəssisəyə gəlir. O zaman müsbət nəticə əldə ediləcəyini güman edirəm”.

Cəmiyyət müəllimin əsəridir

Qafqaz Universitetinin Təhsil müəssisələri ilə əlaqələr şöbəsinin müdiri Vidadi Bağırov müəllimlik sənəti haqqında fikirlərini belə ifadə etdi: “İctimaiyyət arasında davranış qaydalarını, böyüklərə hörməti, ailədəki münasibətləri və digər keyfiyyətləri gənclərimizə aşılayan insanlar müəllimlərdir. Valideynlərin bu işdə hər nə qədər payı olsa da, müəllimdə görülən bir keyfiyyət onlarda daha təsirli iz buraxır. Ona görə də cəmiyyətimizdə ideal müəllimə böyük ehtiyac var. Təhsili, mədəniyyəti güclü olan şəxs, təbii ki, cəmiyyətə də yararlı olacaq”. V. Bağırov 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbə üçün təqaüd müəyyənləşdirilməsinə də münasibət bildirdi: “Azərbaycan təhsili günü-gündən inkişaf edir. Cənab Prezident İlham Əliyevin göstərişi ilə Təhsil Nazirliyinin elmin inkişafı istiqamətində atdığı addımlar təqdirəlayidir. Bu il də yüksəkballı tələbələrimizə təqaüdün verilməsi çox sevindirici bir hal oldu. Çünki əvvəllər abituriyentlər aşağı bal topladıqları zaman müəllimlik ixtisasını yazırdılar. Ancaq artıq təqaüdün ayrılması onlarda müəllimlik ixtisasına marağın oyanmasına səbəb olacaq. Bu isə o deməkdir ki, artıq yüksək bal toplayan tələbələrimiz müəllimlik sənətinə olan sevgilərindən bu ixtisasa yiyələnəcəklər. Bu da yüksək ixtisaslı kadr yetişməsi deməkdir. Tələbələrimizi dinləsək, görərik ki, onların əksəriyyəti Qafqaz Universitetini müəllimlərinə görə seçirlər. Çünki burada müəllimlərin böyük əksəriyyəti təhsillərini xaricdə alıblar və dünyanın müasir təhsil sisteminə yaxşı bələddirlər. Bunun da tələbələrimizin əksəriyyətinə müsbət təsir etdiyini aydın şəkildə görmək mümkündür. Bundan əlavə, burada müəllimlərimiz var olanla kifayətlənmirlər. Yaşından asılı olmayaraq daim axtarışa və öyrənməyə meyillidirlər. Hesab edirəm ki, bütün bunlar da ideal müəllim obrazını canlandırmağa kifayətdir”.

Mikayıl Cabbarov: “Bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub”

Sonda təhsil naziri Mikayıl Cabbarovun müəllim əməyinə ölkəmizdə verilən dəyərlə bağlı jurnalistlərlə görüşündə səsləndirdiyi fikirləri təqdim edirik: “Müdriklər deyirlər ki, müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər. Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli, Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və adları bu şərəfli siyahını davam etdirən onlarla digər müəllim. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar. Müəllim sənəti çətin olması ilə yanaşı, azmaaşlı olduğundan tədricən cəmiyyətdə cəlbediciliyini itirmək təhlükəsi ilə üzləşirdi və nəticədə savadlı gənclər özləri üçün qazanc baxımından daha perspektivli olan başqa peşələr seçirdilər. Müəllim peşəsinin ictimai nüfuzunun bərpası, onun maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə isitedadlı gənclərin cəlb olunması – bütün bunlar təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir”. Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycanın yeni təhsil fəlsəfəsinin əsas sütunlarından biri müəllim şəxsiyyəti üzərində qurulub…