İddialı gənc

0
131

Mingəçevirdə yaşayan gənc ustanın kibrit çöplərdən  düzəltdiyi məscid onun gözəl əl qabiliyyəti olmasından xəbər verir. Əslən Ağdam rayonundan olan və 1993-cü ildən  ailəsi ilə birgə Mingəçevirə pənah gətirən məcburi köçkün  Elmidar Eldaroğlu  həmişə çalışıb ki, öz əməyi ilə dolansın. Atası ilə birgə ustalıq edərək ailənin çörək pulunu qazanan Elmidar həmişə istəyib ki, elə bir əl işi ərsəyə gətirsin ki, öz adına layiq olsun.

Öz əsərindən söz açan müsahibimiz dedi ki, onu ərsəyə gətirmək üçün 10 gün çalışıb: “ Bu, mənim ilk əl işimdir. Bu istiqamətdə işlərimi davam etdirmək niyyətindəyəm. Onu da deyim ki, belə işlərə o qədər də çox xərc lazım olmur. Məsələn, ilk işimdə 36 blok kibrit qutusundan istifadə etmişəm. Amma bu iş bacarıqdan başqa sevgi də tələb edir. Odur ki, mən də ilk işimi sevə-sevə ərsəyə gətirmişəm”.

Hazırladığı ilk  əl işini oğlunun ad gününə hədiyyə edən gənc ata daha sonra bildirdi ki,  bu kimi işlərlə məşğul olan şəxslər az deyil: “Yəni kimi şüşədən, kimi müxtəlif bəzək əşyalarından maraqlı əl işləri hazırlayırlar. Mən də fikirləşdim ki, qarşıdan oğlumun ad günü gəlir. Ona elə bir hədiyyə təqdim edim ki, həm maraqlı olsun, həm də xatirə kimi atadan oğlula yadigar olaraq qalsın. Bu məscidi elə bu məqsədlə ərsəyə gətirdim”.

Söhbətinin sonunda Elimdar dedi ki, gələcəkdə daha yaxşı bir əl işi ərsəyə gətirəcək: “Elə bir iş ki, o, hər kəsin diqqət mərkəzində olacaq. Ümidvaram ki, həmin əl işi məni həm də bir sənətkar kimi daha çox tanıdacaq”.

Esmira Hidayətova, Mingəçevir