İdarəetmə gəncləşməlidir

609

Ruzbeh Məmməd, Rasim Məmmədli
Küçədə, metro çıxışlarında, avtobus dayanacaqlarında gənclərin susqun, fikirli olduqlarını görmək hüznlüdür. Boşluqdan sıxılan gənclik, sanki mənasız işlər görməklə hirsini soyuda bilir. İnsanlarda stress artır, bir sıra ciddi problemlər ruh düşkünlüyü, özünə inamsızlıq yaradır. Həm gənclərdən, həm də kifayət qədər həyat təcrübəsi olan insanlardan “Gənclərdə necə ruh yüksəkliyi yaratmaq olar?” mövzusunda soruşdurma apardıq. Hər biri öz fərqli baxış bucağından fikrini bildirdi…
Məti Osmanoğlu – müəllim: “Məsələnin bu şəkildə qoyuluşu ilə birmənalı razılaşmaq, gənclərin kütləvi şəkildə ruh düşkünlüyünə qapılması barədə mülahizəni qəbul etmək çətindir. Gənclərin arasında olduğuma görə mənzərəni xeyli fərqli görürəm. Təbii ki, cəmiyyətdə mövcud olan problemlər gəncliyə də öz təsirini göstərir və bu məsələ daim diqqət mərkəzində olmalıdır. Bu gün Azərbaycan gəncliyinin başlıca probleminin keyfiyyətli təhsillə bağlı olduğunu düşünürəm. Ən böyük problemimiz gəncliyin öz qarşısına məqsəd qoya bilməmək çətinliyi ilə bağlıdır, həyata “görək necə olacaq” prinsipi ilə yanaşmasıdır. Gənclik sanki zamanın bir addım önündə deyil, bir addım arxasında gedir. Bu problem aradan qaldırılmalıdır. İstər orta, istərsə də ali təhsil öz istiqamətini müasir həyata, həyatın gerçəkliklərinə yönəltməlidir. Təhsil sistemi real ictimai proseslərlə ayaqlaşmalı və gəncliyi bu proseslərə qoşmağı bacarmalıdır. Yəni hər bir tələbə diplom almaq üçün deyil, ilk növbədə, öz gələcəyi üçün təminat yaratmaq, cəmiyyətə faydalı olmaq, həyatda yer tutmaq, mövqe qazanmaq üçün oxumalıdır. Yəni təhsil hər bir gəncə həyatdakı yerini görə bilmək üçün mənəvi-psixoloji zəmin yaratmalı, gələcəyə işıq tutmalıdır. Mən gənclər arasında ictimai əhvali-ruhiyyənin dəyişdirilməsinin başlıca yolunu bunda görürəm”.
“Boğazdan yuxarı şüarlar var, amma bunlar heç bir problemə məlhəm deyil”
Aytən Abdulova – jurnalist: “Hesab edirəm ki, öncə gənclərə stimul verilməlidir. Onların həvəslə gördükləri iş qiymətləndirilməlidir ki, daha yaxşısını etməyə can atsınlar. Ruh yüksəkliyi üçün ən başlıca məqam isə gənclərin işlə təmin olunmalarıdır. İş axtaranda qarşılarına müxtəlif süni əngəllər çıxarılmamalıdır. Gənc ona etimad göstərildiyini hiss edəndə pozitiv olur, hətta dağları belə yarmağa hazır olur, yetər ki, ona güvənib şərait yaradasan”.
Ayaz Arabaçı – şair: “Gənclərə hər zaman dövlət qayğısı olmalıdır. Bu, sözdə yox, əməldə hiss olunmalıdır. İşsiz-gücsüz, sabaha inamsız bir gəncdə ruh yüksəkliyi olmaz. Bizdə gənclər taleyin ümidinə buraxılıb. Düzdür, yalançı təbliğat, gəlişigözəl sözlər, boğazdan yuxarı şüarlar var, amma bunlar heç bir ağrıya, yaraya, dərdə və problemə məlhəm deyil”.
Furqan – şair: “Təkcə gənclərdə belə deyil, hamıda belədi. İnsanın problemi oldusa, ruh yüksəkliyindən söhbət gedə bilməz. Əgər problem varsa, onun həlli yolu da var. Problemləri həll etmək lazımdır, vəssalam. Gəncin pulu yoxdusa və heç gəlir yeri də yoxdusa, səhər-axşam iş yeri axtarmaqla məşğuldusa, həmin gənci işlə təmin etməklə ruh yüksəkliyi yaratmaq olar. Boş təsəllilərlə, vədlərlə alınmaz”.
“Dövlət məqsədyönlü addımlar atmalıdır”
Könül Quliyeva – jurnalist: “Gənclərin problemlərini iki hissəyə bölmək olar. Birincisi, cəmiyyətin ümumi sosial durumundan qaynaqlanan problemlərdir ki, bunu ayrı-ayrılıqda heç bir gənc özü həll edə bilməz. Bunu həll etmək dövlətin və hökumətin vəzifəsidir. İkincisi isə, gənclərin özlərinin fərdi yanaşmasından, ailə tərbiyəsindən və s. qaynaqlanır.
Müşahidələrimə əsasən belə deyə bilərəm ki, gənclərimizin ən ağır problemləri özlərindən deyil, cəmiyyətdən qaynaqlanır. Odur ki, gənclərdə ruh yüksəkliyinin yaranması üçün dövlət məqsədyönlü addımlar atmalıdır. Ümumi problemlərin altında əzilən, nə qədər təşəbbüskar olsalar da, məqsədlərinə çata bilməyən gənclərin ruh yüksəkliyi ola bilməz”.
Şəhriyar İbrahimov – şair: “Həyatda problemsiz insan yoxdur. Əsas odur ki, insan problemlərindən yayınmağı bacarsın. Bəxtiyar Vahabzadə deyirdi ki, “güldürməsən öz bəxtini gülməz üzə Allah”. Həyat başdan-başa bir güzgü funksiyasındadır, sən ona gülərsən, o da sənə gülər. Ona görə bacardıqca həyat deyilən bu güzgüyə gülümsəyək ki, o da bizə gülümsəməyi bacarsın”.
“Cəmiyyət susur, daxili gücün, daxili motivatorun səsi isə eşidilmir”
Ravil Rzayev – İPG Müəllimlər komandasının rəhbəri: “İnsan yaşamı boyu hər zaman motivasiyaya ehtiyac duyur. Bəzən bu motivasiyanın mənbəyi cəmiyyət, bəzən isə insanın özü olur. Müasir gəncliyimiz hər iki mənbədən məhrumdur. Nə cəmiyyətimiz o gücdədir ki, gəncliyə töhfəsini verə bilsin, nə də gənclərimizin sosial-psixoloji durumu buna imkan verir. Gənclərimiz hər iki istiqamətdə qaranlığa çöküb. Cəmiyyət susur, daxili gücün, daxili motivatorun səsi isə eşidilmir. Bəzən cəmiyyət motivator funksiyası əvəzinə, qınaq və ifşa funksiyasını həyata keçirir. Göründüyü kimi, bu ikitərəfli blokadada yaşayan gənclər sözün əsl mənasında tarım ip üzərində yeriyirmiş kimi yaşam mübarizəsi aparırlar, məsələni zaman həll edir və bir az da şans öz sözünü deyir. Əgər 1 sm tarazlıq pozularsa, gəncin böyük uğursuzluğu gözə çarpacaq. Məsələyə istənilən yöndən baxsaq, sovet gəncinin özünə daha inamlı olduğunu aydınlaşdırmış olarıq. Çunki sovet vaxtı həyat şablon idi, nəyin hardan-hara gedəcəyi bəlli idi, universiteti bitirdinsə işləyəcəksən, işlədinsə, sənə qız verəcəklər (səni oğluna istəyəcəklər), ailən varsa, xoşbəxtsən, demək, zəhmətinlə gənc ikən şəxsi evini qura biləcəksən. Amma indi vəziyyət heç ürəkaçıcı deyil. Bazar iqtisadiyyatının təsirindən yan ötüşməyən gənclik bunun acı nəticələri ilə üzləşib. Gənc bu gün irəli addım atmaq istəyəndə “Axı qabaqda məni gözləyən tramplini keçə bilməyəcəyəm” qorxusu və təlaşını özündə daşıyır. Həm özündən əvvəlkilərin yaşadıqlarını, həm də mövcud sistemin təsirindən hürkür və artıq irəli atılmaq əvəzinə, geri çəkilməli olur. Televiziyalar reklamdan və çal-çağırdan vaxt tapmır ki, bu məsələ ictimailəşdirilsin, psixoloqlar bu sahədə işləsin. Dövlət gənclər siyasəti daxilində gəncləri çoxdan unudub, o qədər 70-90 yaşlarındakı məmurlar bu siyasətdən istifadə etdi ki.. Çıxış yolu olaraq QHT-lərin, təhsil müəssisələrinin, gənclər kollektivlərinin sıx işləyərək gənclərə dəstək olmasında görürəm. Amma unutmayaq ki, bunların hamısını kölgədə qoyan fikir qüvvədə qalır. Hər bir gənc öz-özünə motivatordur. Getdiyi yolu özü müəyyənləşdirməli və inamla addımlamalıdır. Sonu müvəffəqiyyətsizlik olsa, deməli, o, yürüdüyü yolda öz müəllimini tapdı. Bax elə müvəffəqiyyətsizlik ona doğru yolu nişan verəcək”.
“Bölgələrimizdə az qala hər 10 gəncdən 8 nəfəri işsizdir”
Sabir Yusifoğlu – şair: “Mərhələ-mərhələ də olsa, bu problemləri həll etmək gərəkdir. Bütün sahələrdə gənclərin hərtərəfli inkişafı üçün sağlam, demokratik mühit yaratmaq, ayrı-seçkiliyə, qohumbazlığa, rüşvətxorluğa yol verilməməlidir. Hər bir gənc istedadına, bacarığına, iş qabiliyyətinə görə dəyərləndirilsə, onlara qarşı ədalətli qərarlar verilsə, bu, onların gələcəyə inamını qat-qat artırar, ruh yüksəkliyinin yaranmasına güclü stimul olar…
Namiq Hacıheydərli – şair: “Problem içində olan gəncin ruh yüksəkliyini təmin etmək olduqca çətin məsələdir. Bu gün Azərbaycan gənci kifayət qədər qayğılarla yüklənib. Bölgələrimizdə az qala hər 10 gəncdən 8 nəfəri işsizdir. Gənclərin ruh yüksəkliyinə sahiblənməsi üçün onların gələcəyə olan inamını bərpa etmək lazımdır. Bunun üçün isə gəncləri işlə təmin etmək lazımdır. Gənclərə şərait yaratmaq lazımdır. Dövlət və özəl qurumlarda gənclərin öz potensiallarını ortaya qoymaları üçün onlara imkanlar tanınmalıdır. İdarəetmə gəncləşməlidir. Qocalar yavaş-yavaş öz yerlərini gənclərə etibar etməlidirlər. İşsiz gənclər üçün bəlli təminat məsələsini həll etmək lazımdır ki, gənclik həyatlarını yaşaya bilsinlər, dövlətə, millətə bağlı olsunlar və subay qocalmasınlar. Yazıqlar olsun ki, bu gün Azərbaycan gəncliyi daha çox ümidsizlik içindədir. Bu isə gənclərin yox, o gənclərin doğru yönləndirilməsindən və sosial təminatlarından sorumlu olan hakimiyyət qurumlarının suçudur”.